Şəkili şəbəkə ustası Tofiqi tanımayan yoxdur. O, 60 illik ömrünün 40 ildən çoxunu bu sənətə həsr edib. Öz işini bu günə kimi əllərinin incəliyi, gözünün nuru, qəlbinin hərarəti və səbrlə mükəmməl şəkildə görüb.

Atası məşhur şəbəkə ustası əməkdar rəssam Əşrəf Rəsulov, 17-ci əsrdən bu yana itib-batmaqda olan sənəti 50-ci illərdə yenidən dirçəldib. Əşrəf usta 1959-cu ildə Xan Sarayını bərpa edib, daha sonra isə bu şərəf 2002-2004-cü illərdə Tofiq ustaya nəsib olub. İndi Tofiq Rəsulovun şəbəkə işləri dünyanın bir çox ölkələrində nümayiş olunur.

Şəbəkə sənəti Rəsulovlar ailəsinə nəsillikcə keçib. Babasının atasına, atasının da ona miras qoyub getdiyi bu sənəti indi bir məktəb kimi inkişaf etdirir və dördüncü nəsil nümayəndəsi olan, 2 oğlu da hazırda şəbəkə sənətini yaşadır.

Tofiq Rəsulov söyləyir ki, onların hazırladıqları şəbəkə işlərinə Şəkiyə gələn turistlər daha çox maraq göstərirdi. Ancaq bu gün pandemiya səbəbindən nə Şəkiyə gələn var, nə də şəbəkədən hazırlanan suvenirləri alıb aparan. Mövcud vəziyyətlə bağlı hazırda şəbəkə emalatxanasında çalışan 6 şagirddən yalnız biri işə davam edir.

Şəbəkə sözü tor və yaxud barmaqlıq mənasını verir. Burada yalnız fıstıq ağacından istifadə olunur. Buxarda 15 gün bişən fıstıq 20 gün qurudulur. Al-əlvan şüşələr isə Rusiyadan gətirilir. Günümüzdə şəbəkədən artıq geniş şəkildə istifadə olunmağa başlanılıb. Dünyada məşhur olan 17-ci əsrin bəzəyi Xan Sarayı da şəbəkə ilə bəzədilib. Şəbəkədə mismardan və yapışqandan istifadə olunmur. Hörgü işləri keçirilmə üsulu ilə reallaşır.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

BAKU.WS
VİDEO