SİZİN REKLAM BURADA!
055 213 76 73


Son vaxtlar xüsusilə iş günlərində paytaxtın mərkəzində və giriş hissələrindəki yollarda nəqliyyat sıxlığının yaranması müşahidə edilir.

BAKU.WS xəbər verir ki, “Hürriyyət”in əməkdaşı bunun səbəbləri ilə bağlı DYP-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovla söhbətləşib: “Deməzdim ki, son günlər Bakıda sıxlıq müşahidə olunur. Ümumiyyətlə, Bakı şəhərində pik saatlarda (insanların səhər işə gedən və işdən qayıdan saatlar) sıxlıq olur. Şəhərdə sıxlığın yaranmasının səbəblərini bilirik və şahidi oluruq. Əsas səbəblərdən biri də Bakıda nəqliyyat axınında həddindən artıq yükləmənin olmasıdır. Ölkə üzrə 1 milyon 400 mindən artıq nəqliyyat vasitəsi qeydə alınıb. Onun 600 mini Bakı şəhərində qeydiyyatdadır. Bütün istehsal sahələri, tədris müəssisələri, nazirliklər və bir çox əhəmiyyətli inzibati binalar Bakı şəhərində yerləşir. Bundan əlavə, şəhərdə yeni binaların tikilməsi hərəkətlə bağlı müəyyən məhdudiyyətlər yaradır. Eyni zamanda, küçə və yolların uzunluğu, yol kəsişmələrinin və birləşmələrinin, işıqforla tənizmlənən ərazilərin, piyada və dəmiryoluyla kəsişən ərazilərin sayının çoxalması hərəkətlə bağlı ləngimələrin yaranmasına səbəb olan amillərdəndir.

Sözsüz ki, süni sıxlığın yaranmaması üçün Bakı şəhər dövlət yol polisi funksional vəzifəsini yerinə yetirir. Bundan sonra da yerinə yetirəcək. Təbii ki, sıxlığın yaranmasının əsas səbəblərindən biri də bəzi ərazilərdə dayanma və durma tələblərinin düzgün yerinə yetirilməməsiylə bağlıdır. Fürsətdən istifadə edib, avtomobil sahiblərinə və sürücülərə müraciət edərək bildirirəm ki, Bakı şəhəri üzrə nəqliyyat vasitələrinin dayanma və durma tələbləri yerinə yetirilsin. Bu, ən başlıca məsələdir. Burda heç bir müzakirəyə səbəb olmadan, tələblər yerinə yetirilməlidir.

Təbii ki, dayanacaqların ayrılması da bu məsələnin bir qoludur. Mövcud vəziyyət onu deməyə əsas verir ki, bəzi sürücülər nəqliyyat vasitəsini yolların kəsişmə hissəsinə yaxın, avtobus dayanacaqlarında və piyada səkilərində etinasızlıq göstərərək saxlayır. Daha sonra müxtəlif bəhanələr etməyə çalışırlar. “Tələsirəm”, “görmədim”, “adam gözləyirəm”, “dərman alıram”, “çörək alıram” kimi bəhanələr gətirilir. Bu cür ifadələr işlətməklə sanki özlərini məsuliyyətdən yayındırmağa çalışırlar. “Yol hərəkəti haqqında qanun” ondan ötrüdür ki, nəqliyyatın hərəkəti düzgün yerinə yetirilsin. Bu tələblərin yerinə yetirilməsində heç bir bəhanə irəli sürülməməlidir. Biz də yol polisi olaraq qarşımızda duran funksional vəzifələri həm yerinə yetirməyə, həm də insanların ən çox məmnunluğunu qazanmağa çalışırıq. Polis-vətəndaş münasibətlərinin daha da yüksək səviyyədə olmasını istəyirik. Daimi olaraq, proflaktiki tədbirlərin həyata keçirilməsinə önəm veririk. İnzibati tənbeh tədbirlərinin görülməsiylə yanaşı, təbliğat işləri və insanların şüur səviyyəsinə təsir edəcək dərəcədə informasiyaları yayırıq. Sözsüz ki, qoyduğumuz məqsədlərə də nail oluruq. Bəzən bir və ya bir neçə sürücünün etinasızlığı yol hərəkətində müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Etiraf edək ki, “yol hərəkəti haqqında” qanuna və “inzibati xətalar” məcəlləsinə əlavələr və dəyişikliklərin edilməsi də qanunvericiliyin tələblərindən irəli gələn vəzifələrdir. Yəni ölkə inkişaf etdikcə qanunda da müəyyən dəyişikliyə səbəb olan hallar olur. Hesab edirəm ki, yol hərəkətində mədəniyyət səviyyəsi formalaşmaq üzrədir. Küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasında da yüksək göstəricilərimiz var. Son 5-10 ili müqayisə etsək, dediyim fikirlərin şahidi olarsınız. Yəni beş il bundan əvvəl piyadaya yol verməmək, işıqforun qırmızı işığından keçməyin qəhrəmanlıq olduğunu düşünmək, yol qəza hadisələrinin sayının çox olması, xəsarət və ölüm faktının çoxluğu bu günki günlə müqayisədə xeyli aşağıdır. Son illərlə müqayisədə yüzlərlə ölüm faktının azalması bunun bariz göstəricisidir”.

Vaqif Əsədov onu da vurğulayıb ki, yollardakı hərəkət polisin iştirakı olmadan ölkəyə gətirilən yeni texnologiyaların sayəsində idarə ediləcək: “Texniki vasitələin ölkəyə gətirilməsi və tətbiq edilməsi də müsbət hallardandır. Əvvəl protokolları yerindəcə yazırdıq, amma indi elektron qərarların qəbul edilməsiylə həyata keçirilir. “İ-patrul” sistemi dünyanın 6 böyük dövlətində tətbiq edilir. ABŞ, Türkiyə, Almaniya, Dubay və digər ölkələrdə istismara verilib. Artıq, Azərbaycana da bu sistem gətirilib və istifadə edilir. Bununla da inzibati tənbeh “İ-patrul”-un köməkliyiylə baş tutacaq. Bu da yollarda hərəkət səviyyəsini formalaşdıracaq. Artıq yol hərəkəti  qaydalarının qorunması ərazidə polisin xidmət aparıb-aparmamasından aslı olmayaraq sürücülər tərəfindən yerinə yetiriləcək. Nöqsanlarımızın olması bizim mental xüsusiyyətlərimizdən irəli gələn bəzi vərdişlərdir ki, bu da qanunla uzlaşmır. Belə hallarda medianın polislə əməkdaşlığı vacibdir. Təbliğat işi həyata keçirilməlidir. Hər bir vətəndaş yol hərəkətində çalışmalıdır ki, şəxsi mənafelərini ümumilli mənafelərdən üstün tutmasın. Çalışmaq lazımdır ki, istənilən hərəkət iştirakçısı mənzil başına sağ-salamat hərəkət edə bilsin”.

DYP-nin bölmə rəisi əvvəlki illərlə müqayisədə qəza hadisələrinin və piyada ölümlərinin xeyli azaldığını qeyd edib: “Beş il bundan əvvəl sürət həddinin aşılmasıyla bağlı ümumi 40-47 faiz yol qəza hadisələri olurdusa, indi isə sürət həddinin aşılmasıyla bağlı qəza hadisələri 20-25 faiz baş verir. Bu, məhz Bakı şəhəri üzrə olan göstəricidir. Bundan əlavə, beş il bundan əvvəl piyadaların avtomobillərlə vurulması ümumi hadisənin təxminən 60 faizini təşkil edirdisə, indi bu rəqəm 50-52 faizə düşüb. Vaxtilə yeraltı və yerüstü piyada keçidlərinin sayının az olması piyada ölümlərinin əsas səbəblərindəndir. Hazırda isə yeraltı və yerüstü piyada keçidlərinin sayı əhəmiyyətli dərəcədə artıb. Bundan əlavə, illər əvvəl piyadalar maşınların arasından labrint formada keçməyə üstünlük verirdisə, hazırda gözləməyə üstünlük verir. Burda sürücü və piyada münasibətlərindən danışmaq da yerinə düşər. Tədricən dediyimiz göstəricilər tənzimlənir. Getdikcə insanlar yol hərəkəti haqqında qanunun tələblərini könüllü yerinə yetirilməsinə meyillilik göstərirlər. Təbii ki, bu da bizi sevindirir. Hesab edirik ki, bu təbliğatın gücləndirilməsinə, cəmiyyətin yol polisiylə həmrək olub birgə təbliğat aparmasına, təhlükəsizlik tədbirlərinin düzgün yerinə yetirilməsi vacib məsələdir. Bu da 21-ci əsrin müasir tələblərindən biridir. Bakı şəhərində tətbiq edilən yeni texnologiyalar hərəkətlə bağlı nöqsanların aradan qaldırılmasına birbaşa təsir göstərəcək”.

Vaqif Əsədov şəhərin ən səs-küylü ərazilərindən olan “20 Yanvar” kimi tanınan ərazidəki nəqliyyat problemindən də bəhs edib. O, yol polisi əməkdaşlarının pik saatlarda həmin ərazidə 100 metrdən bir xidmət aparmaq məcburiyyətində qaldığını bildirib. DYP rəsmisi, övladlarını məktəbə gətirən valideynlərin avtomobillərini yolda saxlamaqla yol hərəkətinə maneə törətdiklərini deyib: “Mövcud tələblər onu deməyə əsas verir ki, hər kəs hərəkətlə bağlı nizam-intizamı dərk etsə və qanunvericilikdə olan tələbləri düşünüb düzgün yerinə yetirsə narazılıq da olmaz. “20 Yanvar” kimi tanınan ərazi paytaxtımızın şimal tərəfdən giriş qapısıdır. Əməkdaşlarımız həmin ərazidə pik saatlarda 100 metrdən bir xidmət aparmaq məcburiyyətində qalır. Çünki, bu ərazidə giriş-çıxışda taksi sürücüləri hərəkətə maneə törədir. Bu da istər-istəməz yol hərəkətində süni sıxlığa səbəb olan haldır. Səhər saatlarında ən azı 4-5 maşın həmin ərazidə avtomobilini saxlayır ki, sərnişini düşsün. Həmin 4 maşından biri Abşerondan, Sumqayıtdan yaxud da Xırdalandan Bakıya gəlir. Yol boyu söhbət edib doymurlar, Bakıya çatıb sərnişin düşən anda da söhbət edilir. Sürücü yolun ortasında maşını saxlayıb düşən sərnişinlə azı iki dəqiqə söhbət edir. Bu cür hallar yolverilməzdir. Reallığı demək lazımdır. İstər sürücü, istərsə də piyada qanunlara əməl etməlidir. 21-ci əsrdəyik, hələ də yol polisinin yolda xidmət etməsini tələb edirik. Bu nə dərəcədə düzgündür?… Bakı şəhərində tətbiq edilən “yaşıl dalğa” texnologiyası şəhərin mərkəzindən başlayaraq hərəkəti tənzimləyir. Bu texnologiyanın tətbiq edilməsiylə polisə ehtiyac qalmır. Təəssüf ki, hər üç sürücüdən biri deyir, “tələsirəm”. Təbii ki, maşını olanlar övladını məktəbə gətirir. Avtomobili olan valideynlər də tələblərə düzgün əməl etməlidir. Övladını məktəbə gətirən valideyn avtomobilini yolun ortasında saxlayıb övladının məktəbə daxil olmasını gözləyir. Təxminən buna üç dəqiqə vaxt sərf edilir. Vətəndaş isə “əşi, bir dəqiqə saxladım da” deyib gedir. Yolun hərəkət hissəsində hər sürücünün bu cür nöqsanlara yol verməsi, təxminən 50 avtomobil olan yolda 5-7 dəqiqə ləngiməyə səbəb olur. Bu cür hallar əsasən pik saatlarda müşahidə olunur. Azadlıq prospekti üç hərəkət zolağından ibarətdir. Orda belə vəziyyətin olması süni sıxlığın yaranmasına gətirib çıxaran əsas amillərdən biridir. Burda belə bir sual yaranır. Hər 100 metrdən bir yol polisinin xidmət etməsi mümkündürmü? Hər bir sürücü mövcud qanunvericiliyin tələblərinə əməl etməlidir.  İstənilən vaxt yol polisi funksional vəzifəsini yerinə yetirir”.

BAKU.WS