SİZİN REKLAM BURADA!
055 213 76 73


Hal-hazırda “103” xidmətinə gündəlik daxil olan müraciətlərin sayı 2000-ə qədərdir.

Bu sözləri Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞT TTYS) Baş həkiminin müavini İradə Əliyeva ötən ilin yekunlarına dair və hazırkı vəziyyətlə əlaqədar mediaya verdiyi müsahibəsində deyib.

Hazırda “103”-ə gündəlik çağırışlar barədə məlumat verən İradə Əliyeva müraciətlər içərisində daha çox ürək-qan damar xəstəlikləri ilə bağlı çağırışların olduğunu deyib:

“Gündəlik daxil olan 2 minə qədər müraciətlərin içərisində daha çox ürək-qan damar, tənəffüs sistemi, şəkərli diabet, miokard infarktı, insult, cərrahi xəstəliklər, doğuş və s. ilə bağlı çağırışlar üstünlük təşkil edir. Çağırışlar ağırlıq dərəcəsinə görə çeşidlənərək daha ağırları ilk növbədə icra olunur”.

"Koronavirusla bağlı müraciətlərin azalması ilə əlaqədar Təcili Tibbi Yardım Stansiyasının çağırışlarla bağlı əvvəlki qaydalara dəyişiklik edilibmi?" sualını isə Baş həkiminin müavini belə cavablandırıb:

“Səhiyyə Nazirliyinin tapşırığı ilə poliklinikalar gücləndirilmiş iş rejiminə keçirildikdən sonra hərarəti 38 dərəcəyə qədər olan, xəstəliyi yüngül və ya simptomsuz keçirən şəxslərin müayinə, müalicəsi və dərman təminatı bu tibb müəssisələri tərəfindən icra edilməyə başlandı.

Bu da öz növbəsində COVID-19-a yoluxmuş şəxslərdə ağırlaşmaların sayının və təcili yardımın yükünün azalmasına səbəb oldu.

Hərarəti 38 dərəcədən yüksək, yanaşı xroniki xəstəliyi (hamilə qadınlar, şəkərli diabet, ürək damar, tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən) olan, təngnəfəslik, boğulma şikayətləri ilə müraciət edən, vəziyyəti ağır xəstələrə təcili tibbi yardım briqadası tərəfindən ilkin tibbi yardım göstərilərək, laborator müayinə materialı götürülür.

Bölmələrin kollektivi ilə mütəmadi olaraq görüşərək, psixoloji dəstəyə ehtiyacı olanlara müvafiq yardım göstərmək üçün stansiyada psixoloq da fəaliyyət göstərir.

BŞT və TTYS-nin kollektivi var qüvvəsi və bacarığı ilə tibb sahəsində olan yeniliklərdən istifadə etməklə xalqın sağlamlığının keşiyində durmağa çalışır”.

BAKU.WS