SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın işğaldan azad edilmiş Məmər kəndindəki XVIII əsrə aid məscid tamamilə dağıdılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşım edib.

Qeyd edək ki, Qubadlı rayonunun Məmər kəndi işğalda olarkən XVIII əsrə aid dini-mədəniyyət abidəsinin təhqir əlamətinə çevrilməsi ermənilərin vandalizmindən xəbər verir. Məmər kəndindəki tarixi məscidə qarşı bu rəftarı Cocuq Mərcanlı kənd məscidinin axundu Hacı Elman Piriyev də pisləyib.

O, BAKU.WS-ə açıqlamasında bildirib ki, həm azərbaycanlı, həm müsəlman olaraq dini abidələrə qarşı bu rəftar onun üçün qəbuledilməzdir: "Biz bütün səmavi kitablara hörmətlə yanaşırıq. Tövrat, İncil və Qurani-Kərimin göstərişlərində də dini ocaqların, ibadət yerlərinin vandallığa məruz qalması qadağandır.

Heç bir halda tarixi abidə olan bir məkanın bu formada təhqir və təcavüzə məruz qalması ilə barışmaq olmaz. Kadrlardan da görünür ki, erməni işğalçıları Azərbaycanın dini abidələrini dağıdıblar, orada heyvan saxlayıblar. Bu tip əməllər nə dini qaydalara, nə də insanlığa sığır. Biz bir dindar və azərbaycanlı olaraq belə cinayətləri və vandallığı pisləyirik.

İslam dini sülh, tərbiyə, məhəbbət və mədəniyyət dinidir. Azərbaycan ərazilərindəki dini və tarixi abidələr, dini ocaqlar da bu məqsədlə xidmət göstərib. Əfsuslar olsun ki, düşmən bu cür ibadət ocaqlarını dağıdır və ora zülm edir.

Lakin bu zülmün bir sonu var. Necə ki, torpaqlarımızın bir hissəsi artıq azad olunub. İnşallah, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz Şuşamıza da qayıdacağıq. Hətta "Gövhər Ağa" məscidində tezliklə namaz da qılacağıq".

BAKU.WS
VİDEO