VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparılan araşdırmalardan sonra Bakı şəhər sakinləri Nadir Qafarzadə, Kamil Zeynallı və başqa şəxslər tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin paylaşılması halları müəyyən edilib.

BAKU.WS xəbər verir ki, Füzuli rayon məhkəməsinin qərarı ilə K.Zeynallı barəsində 10 gün müddətinə inzibati tənbeh növündə həbs seçilib.

Həmçinin Nadir Qafarzadə Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericiliyin tələblərinə zidd məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan olunub.

Qeyd edək ki, cəbhə bölgəsinə hərbçilərə dəstək üçün gedən tanınmış simaların son dərəcədə ehtiyatlı olması tələb olunur. Onların səhlənkar davranışları və sosial şəbəkədə etdiyi paylaşımlar Azərbaycan Ordusuna böyük zərbələr vura bilər. 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov BAKU.WS-ə bildirdi ki, ən xırda ehtiyatsızlıq faciəyə gətirib çıxara bilər:

"Son günlər nəzərə çarpan məsələlərdən biri də budur ki, insanlarımızda bir qədər arxayınlıq yaranıb. Azərbaycan ordusunun düşməni darmadağın etməsi fonunda bəzi şəxslər sosial şəbəkə vasitəsilə müxtəlif məlumatlar yayır və paylaşırlar. Yaddan çıxarmaq lazım deyil ki, biz müharibəni hələ başa çatdırmamışıq. Buna görə diqqətli olmaq və ehtiyatlı davranmaq lazımdır. Bəzən ən xırda ehtiyatsızlıq faciəyə gətirib çıxara bilər. Ölkə müharibə aparır, əsgərimiz erməni ilə üz-üzədir.

Mən başa düşürəm ki, bəzi insanlar, tanınmış şəxslər ruh yüksəkliyi yaratmaq üçün nə isə etməyə çalışırlar. Bəzən özləri də bilmədən səhvlərə yol verirlər. Dünənki məsələ ilə bağlı da tanıdığımız, hörmət etdiyimiz şəxslər bir qədər ehtiyatsızlıq ediblər və Azərbaycan qanunları onlara qarşı tətbiq olunub. Birinə inzibati həbs verilib, digərinə isə prokurorluq tərəfindən xəbərdarlıq edilib. Bu hələ problemin bir hissəsidir".

Hərbi ekspert əlavə etdi ki, digər tərəfdən Azərbaycanda məhdudlaşdırılmasına rəğmən sosial şəbəkələrdə də bəzi şəxslər açıq fikirlər yazırlar: "Ermənilər Azərbaycan profilləri ilə suallar yazırlar ki, müəyyən məlumatları əldə edə bilsinlər. Buna görə vətəndaşlarımız son dərəcə diqqətli olmalıdırlar. Düşmən ən xırda məlumatdan istifadə edə bilər. Düşmənin həyasızlığı indiki vaxtda da davam edir. Azərbaycan Müdafiə Nazirliyi artıq onlara qarşı addımlar atmağa başlayıb. Düşmənin bütöv bir alayı və könüllüləri məhv edilib. Bunu nazirlik rəsmi olaraq paylaşıb.

Hər kəs öz məsuliyyətini dərk etməli və sosial şəbəkələrdən son dərəcə ehtiyatlı istifadə etməlidir. Çox xahiş edirəm ki, heç kəs artıq-əskik paylaşımlar etməsin. Çünki sabah həmin şəxslər cinayət məsuliyyətinə cəlb ediləndə bunun peşmanlığını çəkəcəklər. Gəlin orduya mane olmayaq, hərbçilərimiz öz işini rahat görüb qurtarsın, müharibə qurtarsın, yerdə qalan məsələrlə sonra məşğul olarıq".

Orxan Hüseyn
BAKU.WS