Vergilər Nazirliyi müğənnilərin toy, klip və digər xərclərini araşdırır

Vergilər Nazirliyi müğənnilərin toy, klip və digər xərclərini araşdırır
Şou-biznes 1022

Şou-biznesə aid fəaliyyətlərlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi mütləqdir.

BAKU.WS-in məlumatına görə, bu barədə audit üzrə mütəxəssis Mehdi Babayev bildirib. Onun sözlərinə görə, şou-biznesə aid fəaliyyətlərlə məşğul olan müğənnilərin (müğənniliklə məşğul olan fiziki şəxslərin) xərcləri barədə araşdırmalar aparılır.

Ansambl üzvlərinin (musiqiçilər qrupunun) istifadə etdiyi musiqi alətləri, həmçinin musiqi təqdimatı zamanı istifadə olunan digər avadanlıqlar (səsucaldıcılar, mikrofonlar və digər cihazlar) üzərində hüquqi münasibət məsələləri həll edilməlidir.

Əgər alət və avadanlıqlar obyektə (şadlıq sarayı, restoran, kafe, bar və digər əyləncə obyektlərinə) məxsusdursa, ifaçılıq xidmətlərinin göstərilməsi üçün obyektin sahibi (rəhbərliyi) ilə bağlanılan "müğənnilik xidmətlərinin göstərilməsi müqaviləsi”ndə alətlər və avadanlıqların obyekt tərəfindən təmin olunması barədə müddəalar nəzərdə tutula bilər. Belə halda, alət və avadanlıqlarla bağlı müğənninin fəaliyyətində xərclər yaranmır. Əgər alət və avadanlıqlar musiqiçilərə məxsusdursa və müğənni müsuqiçiləri əmək müqaviləsi çərçivəsində işçi kimi işə qəbul etmişdirsə, belə halda musiqiçilərin (ansambl üzvlərinin) ifa zamanı istifadə etdiyi musiqi alətləri üzərində də hüquqi münasibət məsələləri həll olunmalıdır.

Müğənninin ifa xidmətləri zamanı istifadə etdiyi alət və avadanlıqlarla bağlı xərclər ya amortizasiya xərcləri şəklində, ya da icarə xərci şəklində ifadə oluna bilər.

Vergilərin qeydiyyatı zamanı musiqi kliplərinin video çəkilişi və musiqi albomlarının hazırlanması xərclər də nəzərə alınmalıdır. Adətən, müğənnilər klip çəkilişlərini, musiqi səsyazmalarını, səsli və video şəklində musiqi albomlarının hazırlanmasını həyata keçirməsi üçün bu xidmətləri göstərən studiyalara müraciət edirlər. Belə studiyalar müğənninin özünə də məxsus ola bilər. Bu halda, müğənni öz studiyasında çalışan fiziki şəxslərlə əmək ödənişləri məqsədilə əmək müqaviləsi bağlamalı, studiyada istifadə olunan avadanlıqların və bütün digər alətlərin alışını rəsmiləşdirməli, həmin avadanlıqlara amortizasiya hesablamalı, studiyada istifadə olunan materialların (disklərin və çəkilişlə bağlı digər xammal və materialların) alışı ilə əlaqədar sənədləşmələri təmin etməlidir. Lakin çox hallarda müğənnilər başqa peşəkar studiyaların xidmətlərindən istifadə edirlər. Bunun üçün başqa fiziki şəxs (fərdi sahibkar) və ya hüquqi şəxs qismində fəaliyyət göstərən studiyalarla müğənni arasında xidmət müqaviləsi bağlanması zəruridir. Müğənni studiyaya ödədiyi xidmət haqqı üçün kassa mədaxil orderi və ya mədaxil qəbzi, həmçinin xidmətlərin təhvil-təslim edilməsi üçün akt tərtib olunaraq özünə təsdiq üçün təqdim etməsini studiyadan tələb etməlidir ki, bu xərclərin sənədləşdirilməsi təmin olunsun.

Bundan başqa, müğənni fiziki şəxs olan qarşı tərəflə (musiqiçi, prodüser, dekor ustası, studiya əməkdaşı və digər şəxslərlə) mülki-hüquqi müqavilə bağlanması üçün həmin qarşı tərəfdən VÖEN-in və şəxsiyyət vəsiqəsinin surətini də alması tövsiyə olunur. Belə VÖEN-i olan fiziki şəxslərlə müvafiq xidmətlərin göstərilməsinə dair müqavilələrin bağlanması hüquqi baxımdan tam düzgün hesab edilir. Lakin VÖEN təqdim etməyən və ya vergi orqanlarında sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün uçota alınmayan fiziki şəxslərlə mülki-hüquqi müqavilələrin bağlanmasına qanunvericilikdə qadağaların olmamasına baxmayaraq, belə müqavilə bağlamaqla müğənniyə xidmət göstərən qarşı tərəfin (musiqiçi, prodüser, dekor ustası və digərlər) qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi məsuliyyət daşıması istisna deyildir. Bu hal müğənni üçün ciddi məsuliyyət yaratmır, lakin müğənni belə fiziki şəxslər barədə Vergi Məcəlləsinin 73-cü maddəsinin tələbinə uyğun olaraq vergi orqanına məlumat verməli və həmin şəxlərlə ödəmələr aparması və ödəmə mənbəyində vergi tutması barədə ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi təqdim etməlidir. Həmçinin, müğənni belə fiziki şəxslərə ödənilməli (hesablanan) haqdan ödəmə mənbəyində 25% məcburi sosial sığorta haqqı tutmalı və bu barədə DSMF-yə təqdim olunan hesabatlarda məlumatlar əks etdirməlidir. Vergilər Nazirliyi BAKU.WS

Oxşar xəbərlər

Pulunu bankomatlardan çıxaranlara şad xəbər

Pulunu bankomatlardan çıxaranlara şad xəbər

Azərbaycan bankları yaxın vaxtlarda ölkə üzrə vahid bankomat şəbəkəsinin yaradılmasına hazırlaşır. BAKU.WS-in Vergilər Nazirliyinin mətbuat xidmətinə istinadə...

2030 İqtisadiyyat 11:07 03 dekabr 2015

Son xəbərlər