Görkəmli dilçi-alim akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi

Görkəmli dilçi-alim akademik Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi
Şou-biznes 3720
10 yanvar 2019-cu il tarixində sovet dövrünün və Azərbaycan Respublikasının görkəmli dilçi-alimi, türkoloqu, ictimai xadimi, elm və təhsil təşkilatçısı Afad Qurbanovun anadan olmasının 90 illik yubileyidir. Geniş təşkilatçılıq bacarığına malik olan mahir pedaqoq akademik A.Qurbanov dünyanın bir çox milli və beynəlxalq akademiyaların akademiki, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor olmuşdur.Afad Qurbanovun 80 illil ömrünün 60 ili Azərbaycan Pedaqoji İnstitutu (hazırda Azərbaycan Dövlət Pedaqoji Universitet) ilə bağlı olmuşdur. O, tələbəlikdən rektorluğa qədər böyük və şərəfli yol keçmişdir. A.Qurbanov institutda tələbə, aspirant, asistent, müəllim, dosent, professor, dekan müavini, 13 il dekan, otuz il kafedra müdiri, 9 il rektor, habelə o zaman ölkədə yeganə fəaliyyət göstərən filologiya və pedaqogika elmləri üzrə müdafiə şuralarının sədri vəzifələrində çalışmışdır. Çalışdığı dövrdə A.Qurbanovun bu təhsil müəssisəsi üçün tarixi işlər görmüş və onun adı institutun tarixində qızıl hərflərlə həkk olunmuşdur.Afad Qurbanov APİ-nin rektoru və Azərbaycan Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin üzvü kimi işlədiyi dövrdə ali pedaqoji təhsilin inkişafına daha çox diqqət yetirmiş, bu sahədə xüsusi təşkilatçılıq qabiliyyəti nümayiş etdirməklə yanaşı, Azərbaycanda ali pedaqoji təhsilin bir çox spesifik nəzəri problemlərini şərh etmişdir.Rəhbərlik etdiyi dövrdə pedaqoji institut tamamilə yenidən qurulmuş, yeni kafedralar, fakültələr yaradılmış, tədris müasir və yüksək səviyyəyə qaldırılmış, sədri olduğu pedaqogika və filologiya elmləri üzrə respublika ixtisaslaşdırılmış Müdafiə Şuralarının işi keyfiyyətcə yeniləşmiş, habelə ilk dəfə olaraq onaltı mərtəbəli tədris binası inşa olunmuş, yataqxanalar əsaslı təmir edilmişdir. Həmin dövrdə Azərbaycan Pedaqoji İnstitutu nəinki Azərbaycanda, hətta bütün SSRİ-də qabaqcıl təhsil müəssisələrindən birinə çevrilmiş və APİ-nin SSRİ üzrə 11 yerə çıxması ilə əlaqədar A.Qurbanov SSRİ təhsil naziri tərəfindən mükafatlandırılmışdır.1982-ci ildə Azərbaycan SSR-i Mərkəzi Komitəsinin birinci katibi (Ümummilli lider) Heydər Əliyev pedaqoji institutda olmuş, A.Qurbanovun gördüyü işləri yüksək qiymətləndirərək institutu Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif etmiş və Qırmızı Əmək Bayrağına orden sancmışdır. Ölkədə milli hərbçi kadrların yetişdirməsi işində Afad Qurbanovun böyük tarixi xidmətləri olmuşdur. 80-ci illərdə Ümummilli lider Heydər Əliyevin dəstəyi ilə A.Qurbanov Azərbaycan Pedaqoji İnstitutunda Qafqazda birinci, SSRİ-də isə dördüncü hərbi fakültə yaratmışdır. Rektor işlədiyi dövrdə həmin fakültənin fəaliyyəti yüksək səviyyədə təşkil olunmuş, maddi-texniki bazası tam təmin edilmiş və respublika tarixində ilk dəfə olaraq 150 nəfər ilk məzuna hərbi rütbə verilmişdir. Həmin məzunlar sonradan Qarabağ uğrunda döyüşlərdə fədakarlıqla vuruşmuş, onlardan bəziləri Milli Qəhrəman adına layiq görülmüşdür.A.Qurbanov gərgin elmi-pedaqoji fəaliyyəti ilə yanaşı, ölkəmizin ictimai-siyasi həyatında da fəal iştirak etmişdir. O, iki dəfə Bakı şəhər Sovetinin deputatı, 1990-1995-ci illərdə isə Azərbaycan Parlamentinin üzvü kimi ictimai-siyasi mübarizələrin önündə getmiş, sərt və əyilməz mövqeyi ilə fərqlənmişdir.

Oxşar xəbərlər

Həsən Əlibəyli vəfat edib

Həsən Əlibəyli vəfat edib

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin müdri, tarix üzrə elmlər doktoru, pro...

1839 Hadisə 17:41 28 noyabr 2018

Son xəbərlər