Evində ilan saxlayan Mirhəsən: “Hər kəs bacara bilməz" - VİDEO

Evində ilan saxlayan Mirhəsən: “Hər kəs bacara bilməz - VİDEO
Foto Video
Şou-biznes 761

Ağdam rayon Əhmədavar kənd sakini Mirhəsən Abıyev 50 ildir ilanlarla dostluq edir. Uşaq yaşlarından ilan saxlamağa marağı olan Mirhəsən Abıyev uzun illər keçməsinə baxmayaraq, bu gün də evində ən zəhərli ilan hesab edilən gürzə saxlayır.

BAKU.WS xəbər verir ki,Mirhəsən Abıyev AZƏRTAC-ə müsahibəsində ilanlara marağın uşaq vaxtlarından yarandığını bildirib:

“Həmyaşıdlarım ev heyvanları bəsləyəndə mən günlərimi ilanlarla oynamaqla keçirirdim. İlanları tutub evə gətirirdim.

İnsanların ilanlardan qorxmasını anlamırdım. Gürzə ilanını 1969-cu ildən saxlamağa başlamışam. Bir dəfə pişik yaxınlaşıb ilana pəncə atdı.

Gürzə pişiyi sancıb öldürdü. Ondan sonra anladım ki, insanlar ilandan niyə qorxur. Ancaq onu da başa düşdüm ki, ilana toxunmasan heç kimə zərər vurmaz. O, özünü qorumaq zərurəti yarananda sancır".

Doğma kəndləri işğal olunandan sonra Mirhəsən Abıyev məcburi köçkün kimi bir müddət Cəlilabad rayonunda məskunlaşıb.

2005-ci ildən isə Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır.

Onun ilanlara olan marağı təbiətə sevgidən irəli gəlir.

"İlanlar təhlükəli olduğu kimi, həm də çox xeyirli canlıdır. Digər canlılar kimi, ilanların da təbiət üçün öz əhəmiyyəti var. Odur ki, onları qorumaq lazımdır.

Təəssüf ki, insanlar ilanlara qarşı pis münasibət bəsləyirlər. İlanlarla rastlaşan hər kəs qeyri-ixtiyari qorxu hissi keçirir. Təhlükəli olub-olmadığını bilmədən onları öldürülər. Bu isə məlumatsızlıqdan irəli gəlir".

Müsahibim deyir ki, insanlar arasında ilanlarla bağlı doğru olmayan fikirlər var. Məsələn, xalq arasında belə fikir var ki, qızıl ilan yeddi qardaş olur. Birini öldürdükdə digər qardaşlar hökmən onun qisasını alır.

Əslində isə belə bir şey yoxdur. Əslində, qızıl ilan qorxaq olduğundan çox cəld hərəkət edib uzaqlaşmağa çalışır.

Bu ilanlar həm də zəhərsiz olur. Sancmalarının insan üçün heç bir təhlükəsi yoxdur.

Mirhəsən Abıyev ilanların xüsusiyyətləri barədə danışarkən deyib:

"Azərbaycanda 30-a yaxın ilan növü var. Onlar zəhərli, yarımzəhərli və zəhərsiz növlərə ayrılır. İlan növlərinin çoxu - təlxələr, suilanları insan həyatı üçün heç bir təhlükəsi olmayan zəhərsiz ilanlardır.

Zəhərli ilanların başı üçkünc, boyun hissəsi nazik olur. Baş hissəsi xırda pulcuqlarla örtülüdür. Ölkəmizdə zəhərli ilanlardan daha çox yayılanı gürzədir.

Gürzələrin zəhəri çox güclüdür. Burnundakı pərdə ilə istiliyi müəyyən edir. Dil ilanların əsas duyğu orqanıdır. İlan dili ilə ətraf mühiti hiss edir. Bu canlılar səs eşitmir, görməsi də zəifdir. İlanlarda mimika yoxdur. Onların nə düşündüyünü gərək hiss edə biləsən".

Hazırda Mirhəsən Abıyev evində iki gürzə saxlayır. "Onlardan biri ilə 15 ildir dostluq edirəm. Digər ilanı isə bu yaxınlarda gətirmişəm.

Hələ onunla az məşğul olmuşam. Çox qəzəblidir. İlanlar müxtəlif xüsusiyyətdə olur. Ona görə, ilk növbədə, onların xüsusiyyətlərini öyrənməyə çalışıram.

Buynuzlu gürzə də saxlamışam. Elə olub ki, eyni vaxtda evimdə 50 ilan olub. Hansısa ərazidə insanlar üçün təhlükə yaratdıqda gedib ilanları yığıram.

Bir dəfə bir yerdən 120-yə yaxın ilan tutmuşdum. Həmin ilanları insan yaşamayan yerlərə buraxıram. Təkcə bu il insanların yaşadıqları ərazilərdən 86 ilan tutub uzaqlaşdırmışam".

Sonda "Başqalarının da ilanlarla sizin kimi belə yaxın ünsiyyətdə olmağını istərdinizmi" sulana Mirhəsən Abıyev belə cavab verib:

"Təbiətin bir parçası olan ilanları lazım gəldi-gəlmədi məhv etməsinlər, yetər. Çünki ilanlarla yaxın ünsiyyətdə olmağı hər həs bacara bilməz".

Son xəbərlər