Dilara Kazimova dünyada ilk dəfə 4466 metr yüksəklikdə tarix yazdı

Dilara Kazimova dünyada ilk dəfə 4466 metr yüksəklikdə tarix yazdı
Video
Şou-biznes 251

Bu il səhnə fəaliyyətinin 21 illiyi tamam olan Avroviziya təmsilçimiz Dilarə Kazımova dünyada ilk sənətçi kimi bir ilkə imza atıb.

BAKU.WS xəbər verir ki, ifaçı bu dəfə "Zirvə" adlı mahnını dinləyicilərə təqdim edib.

O əsəri üçün Azərbaycanın ən hündür zirvəsi olan Böyük Qafqaz dağlarının Bazardüzü zirvəsinə qalxaraq tamamilə fərqli klip ərsəyə gətirib. Sənətçi, bu layihəsi ilə ölkəsinin ən yüksək zirvəsində klip çəkdirən ilk sənətçi kimi dünya tarixinə düşüb.

Dinamik və xalqımız üçün əsl cəsarət, əzm və ilham təcəssümünü yansıdan klipin üzərində bu dəfə peşəkar "Toxy- Foxy"nin yaradıcı heyəti çalışıb.

Bu işinin də uğurlu olacağını və bütün ölkə üçün rəmzə çeviriləcəyini bildirən sənətçi, təəssüratlarını bölüşüb:

"Toxy-Foxy" şirkəti "Zirvə" mahnısını ilk dəfə eşidəndə ilk başda qəbul edilməyən bir ideya təklif etdi. Çünki bu ideya həddindən artıq riskli və çətin görünürdü, vaxt da az idi. Lakin… hər zaman bir "lakin" var, deyilmi? Məsələn, gecə saat 3-də çalan telefon zəngi kimi:

"Düşünürəm, biz bunu edə bilərik". Beləcə, qərar verdik ki, "Zirvə"ni Zirvədə çəkəcəyik. Adətən heç bir fiziki hazırlığı olmayan insanların belə layihə üçün möhkəmlənməsi ən azı yarım il çəkir. Məyər buna fikir verən oldu? Əlbəttə, yox! Zirvəyə aparan yol sözün əsl mənasında çətin bir sınaq oldu.

Gözlənilməz hava şəraiti, nəfəsi kəsən külək, soyuq və buz kimi küləkdən də betər yandıran günəş…Dağ sanki bizi sınağa çəkirdi. Biz irəlilədikcə zirvə bizdən uzaqlaşırdı. Atılan hər bir addım yeni həyat kimi idi. Keçilən hər metr təbiətə və özünə meydan oxumaq idi.

Mahnının söz və musiqisi Çinar Shenaya, aranjimanı isə Murad Əliyev və Dilarə Kazımovaya məxsusdur. Miks və masterinqi Samir Əsədov edib.

Qeyd edək ki, Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü Böyük Qafqaz dağlarının Baş Qafqaz silsiləsində, Rusiya Federasiyası ilə sərhəddə, Qusar rayonu ərazisində, dəniz səviyyəsindən 4466 metr yüksəklikdə yerləşir.

Son xəbərlər