Biz Murad Dadaşovun və İslam Mehrəliyevin hansısa bədheybət və əcayib məxluqlara çevrilməsi kadrlarını əldə etmişik. 

Artıq neçəci dəfədir ki, biz sizə M Group Production-un ilk bədii filmi olan «Bayram axşamı» haqqında danışmışıq. Bu dəfə filmdəki ən maraqlı aktyor oyunundan, obraza çevrilmədən söhbət gedəcək.

Filmin süjetinə görə elə adı da Bayram olan baş qəhrəman Novruz bayramı ərəfəsində ürəyində səhv arzu tutur. Tonqalın üstündən tullanır və növbəti gün Bayramın bədəni 6 aylıq körpə, başı isə böyük adamın ölçüsündə olur. Belə bir filmi çəkmək elə də asan iş deyildi. Əvvəlcə hamı bizim ölkədə, Azərbaycan kinomatoqrafiyasının indiki inkişaf mərhələsində bu cür filmin istesal imkanlarına şübhə ilə baxırdı. Amma məhz Murad Dadaşovun komandası belə işləri uğurla yerinə yetiriblər. Bu dəfə də komanda öz işinin öhdəsindən müvəffəqiyyətlə gəldi. 

«Əlbəttə, bu çox uzun və zərgər dəqiqliyi tələb edən iş idi.», - deyərək filmin ssenari müəllifi və quruluşçu rejissoru Toğrul Məmmədov   bu haqda söhbətə başlayır. 

 

«Bu iş qaynar nöqtələrdə 2 illik əsgərlik xidməti keçmək  kimi bir iş idi. Bu vaxt ərzində 2 film çəkmək olardı.   Çəkiliş meydançasında südəmər uşaqlarla işləmək, hələ üstəlik onlardan nəinki rejissorun, hətta qrafistin qoyduğu tapşırıqları yerinə yetirməyi gözləmək olduqca çətindir. Şükürlər olsun ki, hər şey yolunda getdi. Hazırda qrafistlərdən ibarət komanda işin yekun hissəsi ilə məşğuldur. Bütün bu nəticələrə kompyuter qtafikası ilə  nail olmaq mümkün oldu. Və bu zaman  qrim ustaları, rəssamlar və heykəltaraşlardan ibarət komanda köməyimizə çatdı. Ən çətin tapşırıqlardan biri – hər kəs tərəfindən çox sevilən, üzündən gülüş əskik olmayan  Murad Dadaşovu əsas mənfi qəhrəmana çevirmək idi. Qəddar və üzündə müəyyən qüsurları olan bu obraz Bayramın ən amansız, zalım düşmənlərindən biridir. Məhz bu obrazı sadəcə mükəmməl bir oyunla Azərbaycanın əməkdar artisti Murad Dadaşov yaratdı.   Murad Dadaşovun nələrə dözdüyünü, hansı fədakarlıqla öz məqsədinə çatmasını təqdim edilən şəkillərdən görə bilərsiniz.

 Filmdə bütün səhnələrə körpələri  çəkmək mümkün deyildi: çətin ötüşmələr, partlayışlar, atışmalar, mürəkkəb döyüş səhnələri- bu və digərləri bizi aktyor İslamın başı ilə körpə bədənindən ibarət kukla yaratmağa məcbur etdi.   Bu kukla bizim istədiyimiz kimi hərəkət edir və asan idarə olunurdu. Bunun üçün İslam çəkilişlərə 1 ay qalmış çox ağır, 9 saatlıq bir prosesdən keçdi, nəticədə aktyorun başının dəqiq surətini əldə edə bildik.  Artıq bizim baş qəhrəmanımız körpə yaşına  baxmadan avtomobilin sükanı arxasında əyləşə, havada uça, zalımlar ordusuna qarşı atışmalarda iştirak edə bilərdi.  Bir sözlə - qoyulan tapşırığa düzgün yanaşma və doğru komandanı yığmaqla hər şeyə nail olmaq olar.»

Xatırladaq ki, «Bayram axşamı» kinokomediyası bu ilin fevral ayında bizim ölkəmizdə ekranlarda olacaq.   Hələlik isə internet şəbəkələrinə təkcə filmin ilk teaser-i buraxılıb. Tezliklə, M Group Production şirkəti ilin ən çox gözlənilən filminin tam trailer-ini  təqdim edəcək.
 

BAKU.WS