"CinemaPlus”un paytaxtda ən böyük kinoteatrı açılıb.

BAKU.WS xəbər verir ki, "Dolby Atmos” texnologiyası ilə təchiz olunmuş ölkənin ən böyük kinoteatrı "Gənclik Mall” ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşir.

Açılışda "CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd edib ki, Azərbaycanda ilk dəfə " "Dolby Atmos” texnologiyasını məhz onlar təqdim edib.  
 
"Dolby Digital Atmos” sayəsində səs tamaşaçıya bütün istiqamətlərdən çatır. Səs müşayiətini kinoteatrın istənilən yerinə yerləşdirmək və yerini dəyişmək imkanı hesabına "Dolby Digital Atmos” film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur.
 
"Dolby Digital Atmos” texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün Hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə "Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları "Dolby Digital Atmos” texnologiyasından istifadə edəcəyi gözlənilir.
 
"CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktor müavini Cəfər Axundzadə və repertuar planlaşdırılması üzrə direktoru Faiq Kazımov qeyd etdilər ki, "Dolby Atmos” kinoteatrlar üçün həcmli səs sahəsində bir inqilabdır.

Tədbirdə diqqətçəkən məqamlardan biri dekorasiya idi. Foyedə "Dərinsulu horizont” filmi ruhunda bəzədilmiş, su və alovu imitasiya edən neft buruğu, çəllək və uzun xalça  quraşdırılmışdı. Bu 2010-cu ildə Meksika  körfəzində "Dipuoter-Horayzon” neft platformasında baş vermiş real hadisələr əsasında çəkilmiş, rejissor Piter Berqin ABŞ istehsalı fəlakət-filmidir. 
 
Xatırladaq ki, "CinemaPlus” kinoteatrlar şəbəkəsinin tərkibinə "CinemaPlus 28 Mall”, "CinemaPlus Amburan Mall”  və Gəncə şəhərində yerləşən "CinemaPlus Khamsa” daxildir.
 
"CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  
 
Aytən Həsənova
BAKU.WS