SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu il Niderlandın Rotterdam şəhərində keçirilən 65-ci “Avroviziya” Mahnı Müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 65 xal qazanaraq 20-ci yerdə qərarlaşdı.

BAKU.WS xəbər verir ki, əvvəl Samirənin yarışın açılış mərasiminə qatılan zaman geyindiyi libası və əsas səhnə geyimi tənqidlərə tuş gəldi və bəyənilmədi.

Daha sonra isə bukmeykerlər onun yarışda 21-ci yer tutacağı ilə bağlı proqnozlar verdilər. Bir çoxları təmsilçimizin mahnı seçiminin uğursuz olduğunu bildirdi.

Samirə Əfəndinin Avroviziya çıxışı haqqında bir çox yerli məşhurlar da paylaşımlar edərək öz fikirlərini bildirdilər.

Avroviziya təmsilçilərimizdən olan Dilarə Kazımova BAKU.WS-ə açıqlaması zamanı deyib ki, Samirə tənqid edilsə də, yaxşı səhnə performansı göstərib:

“Əslində, Samirə çox yaxşı çıxış etdi. Heç bir problem yox idi. Bu, bir yarışmadır, hər şey ola bilər. Geyiminə gəlincə isə, elə də açıq-saçıq deyildi. Bu yarışma üçün müəyyən geyim ölçüsü yoxdur. Çünki burada Avropa ölkələri çıxış edir. Ölkəmiz hər il Avroviziyada çox gözəl təmsil olunur. Təmsilçilərimizin hər birinin səsləndirdiyi ifa birinci yerə layiqdir”.

BAKU.WS-ə müsahibə verən müğənni Nura Suri də təmsilçimizin istər mahnı, istərsə də səhnə şousunun gözəl olduğunu vurğulayıb:

“Mənim fikrimcə, onun performansı çox yaxşı idi. Artıq bilir ki, bu müsabiqənin müəyyən qaydaları var. Biz də bu qayadalara əsasən yarışmaya qatılıb iştirak edirik. Samirənin çıxışı oradakı sənətçilərdən 90% artıq idi. İkinci yerə layiq görülən Fransaya isə mən bir xal da verməzdim”.

Geyim məsələsinə də toxunan Nura səhnənin sərhəd tanımadığını deyib:
“Səhnə sərhəd tanımır. Belə geyimlər normaldır. Kim düşünür ki, bu geyimlər mentalitetə uyğun deyil, bu fikir yalnışdır, o düşüncəni beyinlərindən çıxartsınlar”.

Mövzu ilə bağlı BAKU.WS-ə danışan digər Avroviziya təmsilçimiz Eldar Qasımov da Samirənin yaxşı səsi olduğunu, sadəcə özü üzərində çalışsa, daha da yaxşı olacağını bildirib:

“Samirə Əfəndi Avroviziya müsabiqəsində bizi möhtəşəm formada təmsil edib. Sadəcə həmin gün Samirənin günü deyildi. Bundan sonra da öz üzərində daha çox işləyəcək. Mən çox razı qaldım. Hətta o, bundan da artıq performans göstərə bilərdi”.

Müğənni Murad Arif isə BAKU.WS-ə müsahibəsi zamanı Samirənin yenidən Avroviziyaya qatılacağı təqdirdə daha böyük uğur qazana biləcəyini açıqlayıb: “Samirənin elə bir möhtəşəm səsi var ki, mən illərdir bir musiqiçi kimi onun Avroviziyaya göndərilməsini istəyirəm.

Avroviziyada belə təcrübə var ki, müğənnilər yarışmaya ikinci dəfə qatıla bilir. Samirə də ikinci dəfə qatılmalıdır və o, yenidən səsinin gücünü göstərməlidir. Belə bir istedadlı xanım üçün daha uğurlu bir mahnı seçmək olardı”.

Sənətçi Günel Zeynalova da, verilişlərdən birində Samirə Əfəndinin yarışmadakı çıxışına münasibət bildirib. O, yarışmada neçənci yer tutmasından asılı olmayaraq, Samirənin bizi ölkəmiz adına təmsil etdiyini bildirib:

“Hərdən baltalayırlar ki, ay bu elədi, bu belədi. O, bizimkidir axı... Xaricə bizi təmsil etmək üçün gedib. Bəyənməsəm də, demərəm ki, bəyənmirəm. O, bizim adımızadır. Bizi təmsil edir”.

Bəzi yerli məşhurlar isə “Mata-Hari” mahnısının və Avroviziyada təqdim olunan səhnə şousunun ölkəmizə yaraşmadığını deyib. Belə tanınmışlardan biri də aparıcı Hüsniyyə Məhərrəmovadır. O, sosial şəbəkə hesabında status yazaraq ölkəmizin yarışmada builki təqdimatını bəyənmədiyini qeyd edib:

“Samirə çox istedadlı ifaçıdır. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə! Düşünürəm ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi”.

Müğənni Nadir Qafarzadə də ölkəmizin yarışmada 20-ci yerə layiq görülməsinə səssiz qalmayıb. O, “Instagram”da bununla bağlı status yazaraq yarışmanı “siyasi oyun” adlandırıb: “Mercedes” tumanla yallı gedəndə belə olmalıydı da... Samirənin mahnısı və oxumağı super idi. Bu yarışma siyasi oyundur, İnşallah, gələcəkdə qalib olarıq".

Xalq Artisti Tünzalə Ağayeva isə bundan sonra yarışma üçün hər bir seçimi xaricilərin öhdəsinə buraxmamağı bildirib. O, təklif gələrsə, Avroviziyaya getmək istədiyini də deyib. İfaçı bu haqda “İTV”də yayımlanan “Sabaha saxlamayaq” verilişində açıqlama verib:

“Yəqin, vaxtı gəlib çatıb ki, bəzi qərarları özümüz verək, xarici vətəndaşlar, xarici fokus qruplar yox. İndən sonra mahnı seçimində, obraz seçimində, bir çox şeylərin seçimində söz üstünlüyü daha çox Azərbaycanda olsun. Bəli, mən dünya təcrübəsini, “Avroviziya”nın istiqamətini və s. başa düşürəm, amma, yəqin, bugünkü nəticə bizə bir daha siqnal oldu ki, biz bir az texnologiyanı dəyişməliyik.

Mənə deyirlər ki, siz getmək istəyərsinizmi? Mən çox açıq söz deyirəm – Azərbaycan nə vaxt birinci yeri istəsə və o zaman o il mənə düşsə, mən qaça-qaça gedərəm. Bilərəm ki, mən birinci yeri gətirəcəyəm. Çox açıq şəkildə deyirəm”.

Qeyd edək ki, 65-ci "Avroviziya" Mahnı Müsabiqəsinin finalında 26 ölkə təmsilçisi iştirak edib. İtaliyalı iştirakçı “Maneskin” qrupu müsabiqədə "Zitti e buoni" mahnısı ilə 524 xal toplayaraq qalib olub.

Təmsilçimiz Samirə Əfəndi münsiflərin səsverməsində 32, tamaşaçı səsverməsindən isə 33 xal toplayaraq 65 xalla 20-ci yerin sahibi olub.

BAKU.WS
QALEREYA