2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Darabzadə Zaur Mehrab oğlu 2020-ci il fevralın 13-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia etmiş və bu pozuntuların araşdırılmasını xahiş edib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək rəy verilmiş və komissiyanın iclasında baxılıb.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy verib.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 2.5-ci bəndinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 23 saylı Nəsimi – Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Darabzadə Zaur Mehrab oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 fevral 2020-ci il tarixli 155 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən şikayət etmiş şəxslərə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sözügedən məsələyə Zaur Darabzadə öz sosial media hesabında münasibət bildirib. O, qeyd edib ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin rəsmi internet səhifəsində dərc edilmiş qərara əsasən ona MSK-ya ünvanlanan müraciətinin müddət ötürüldüyündən baxılmayaraq geri qaytarılması məlum olub:

“Təəssüflər olsun ki, həmin qərar qəbul edilərkən nə mənim, nə də nümayəndəmin bu barədə məlumatı olmayıb, bizə həmin qərar qəbul edilərkən ümumiyyətlə məlumat verilməyib, hətta bugünədək rəsmi qaydada təqdim olunmayıb.

Müraciətə baxılmama səbəbi kimi, ərizənin 13.02.2020-ci il tarixində təqdim olunması göstərilib. Yəni qanunla üç gün ərzində şikayətə baxılması əsas kimi qeyd edilib.

Lakin məlumdur ki, Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu barədə məlumat aldığı gündən başlayaraq üç gün müddətində şikayət edə bilər.

Əgər seçkilərin nəticələrini əks etdirən protokollar əksər 23 saylı Nəsimi-Səbail seçki dairəsinin məntəqələrində (1,7,8,9,30,31 və s.) 10 fevral tarixindən başlayaraq gecə saatlarında hesablanmışdırsa, 16 məntəqənin protokolu 10 fevral tarixdə bizə təqdim olunmuşdursa, 13.02.2020-ci il tarixdə ərizə ilə müraciət edildiyi zaman hər hansı müddətlə bağlı qanun pozulmamış, əksinə növbəti dəfə mənim seçki ilə bağlı hüquqlarım sərt şəkildə pozulmuş hesab olunmalıdır. Ən azı, təqdim olunmuş sübutlar, faktlar araşdırılmalıdır.

MSK tərəfindən dəfələrlə bütün vətəndaşlara müraciət olunub ki, əlinizdə olan pozuntu faktlarını, sübutları təqdim edin, araşdırılsın. Yəni haqq-ədalət öz yerini tapsın, qanun pozuntularını müəyyən etmək mümkün olsun.

Ona görə də hesab edirəm ki, mənim də müraciətimə MSK tərəfindən baxılaraq obyektiv araşdırılacaq və ən qısa zamanda hüquqi qiymət veriləcək.

BAKU.WS