Uzun müddət yatmağın gözlənilməz zərərləri AÇIQLANIB

ABŞ-nin Texas Universitetinin San Antonio Tibb Elmləri Mərkəzinin alimləri uzunmüddətli yuxunun - gecə 9 saat və daha çox yatmağın zehni funksiyaların zəifləməsi ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.
BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri "Alzheimer"s & Dementia" elmi jurnalında dərc olunub.
Alimlər bu qənaətə 1853 nəfərin məlumatlarını təhlil edərək gəliblər. Onlar ötən əsrin ortalarından bəri davam edən Framingham Heart Study adlı genişmiqyaslı kohort tədqiqatının iştirakçıları olublar. Nəticələr 27–85 yaş arası, insult və ya demensiya keçirməmiş şəxslərin müşahidəsinə əsaslanıb.
Araşdırma göstərib ki, uzun yuxu ümumi zehni qabiliyyətlərin, yaddaşın, vizual-məkan qavrayışının və idrak bacarıqlarının aşağı göstəriciləri ilə əlaqələndirilir. Bu geriləmə xüsusilə depressiya əlamətləri olan insanlarda özünü daha qabarıq göstərib – istər antidepressantlardan istifadə etsinlər, istərsə də etməsinlər.
Tədqiqatçılar bildiriblər ki, depressiyadan əziyyət çəkən insanların 90 faizi yuxuya getmək və ya oyanmaqda çətinlik yaşadıqlarını bildirir. Yeni araşdırmada iştirakçılar dörd qrupa bölünüblər: depressiya simptomlarının olub-olmamasına və antidepressant istifadəsinə əsasən. Ən kəskin zehni zəifləmə, həm uzun müddət yatan, həm də depressiya əlamətləri olan şəxslərdə müşahidə olunub - bu, müalicədən asılı olmayaraq qeydə alınıb.
Alimlər qeyd edirlər ki, bir çox beynəlxalq təşkilatların tövsiyələri dəyişməz qalır: yetkin şəxslər gündəlik olaraq 7–8 saat yatmalıdırlar. Bununla belə, yuxunun optimal müddəti insanın fərdi sağlamlıq xüsusiyyətlərinə əsasən müəyyənləşdirilməlidir.
