Radioda musiqi formatı nə deməkdir və nə üçün lazımdır?

Radioda musiqi formatı nə deməkdir və nə üçün lazımdır?
Promo 33

Radio artıq bir əsrdən çoxdur ki, sevimli əyləncə, məlumat və ünsiyyət vasitəsidir.

O, bu müddət ərzində zamanla ayaqlaşaraq inkişaf edib. İlk dövrlərdən fərqli olaraq hazırda biz radionu istənilən yerdə - radioqurğu və ya mobil telefonumuz üzərindən istər evdə, istər ofisdə, istər yolda olarkən, istərsə də təbiət qoynunda dinləyə bilirik.

Əgər ötən əsrin əvvəllərində radiostansiyalar bütün yaş kateqoriyalarını əhatə edən veriliş və musiqilər təklif edirdilərsə, yeni musiqi növlərinin inkişafı ilə radiostansiya formatlarında təkamül baş verib, müasir tipli radiostansiyalar artıq format üslubunda fəaliyyət göstərirlər.

Bəs radioda musiqi formatı nə deməkdir, nə üçün lazımdır?

“Bütün dünyada fəaliyyət göstərən radiostansiyaların rəqabət qabiliyyəti onların formatına görə müəyyən edilir. Adi dinləyici üçün “format” sehrli söz təsiri bağışlayır. Əslində burada anlaşılmaz heç nə yoxdur. Format-radiostansiyanın məzmunudur”, - deyə “Pro Media Group” MMC-nin proqram və musiqi direktoru Baba Hacıyev bildirir.

Onun sözlərinə görə, istehsal etdiyi məzmuna görə radiostansiyalar Musiqi (Music), Xəbərlər (News), Danışıq (Talk) və hibrid formatlarda yayım həyata keçirir. Hibrid format dedikdə musiqi və xəbərlər, yalnız musiqi, yalnız xəbərlər, yalnız idman və ya biznes məzmunu, musiqi və danışıq şouları yayımlayan radiostansiyalar nəzərdə tutulur.

“Radiolarda nə üçün bu və ya digər formatın seçilməsinə gəldikdə isə, bu, radiostansiyanın öz hədəf auditoriyasını cəlb etməsi üçün vacibdir. Hədəf auditoriyası seçilməsində əsas göstərici dinləyicinin yaşı və buna uyğun olaraq sosial statusudur. Bu baxımdan 18-30, 25-45 və s. yaş aralığında olan dinləyicilər hədəf auditoriyası kimi seçilir. Əslində dinləyicilər üçün də bu, mütləqdir. Hər radiodinləyicinin öz zövqü və üstünlük verdiyi musiqilər var. Dinləyici sevdiyi mahnıları tapmaq üçün bir-bir radiodalğaları çevirməyə vaxt itirməkdənsə, öz zövqünə uyğun formatda olan dalğanı müəyyən edərək, yalnız onu dinləyə bilər”, - deyə B.Hacıyev bildirir.

O, həmçinin qeyd edir ki, musiqi məzmununa üstünlük verən radiostansiyalar da formatlarına görə fərqlənir:

“Bu baxımdan dünyada geniş yayılan radioformatlar bunlardır:

“For all radio”- ingilis dilindən “hamı üçün radio” kimi tərcümə olunur. Ötən əsrin 50-ci illərində Birləşmiş Krallıq və ABŞ-də format radiostansiyalarının yaradılmasına qədər yayım məhz bu prinsiplə həyata keçirilirdi. “For all radio”nun məqsədi yaşı 5-dən 75-ə qədər olan dinləyicilərin marağını təmin etmək idi. 1922-ci ildə yayıma başlayan BBC radiosu, 1926-cı ildə yaradılan Azərbaycan Radiosunun yayımı məhz bu cür təşkil olunmuşdu. Əhalinin bütün yaş qrupları və müxtəlif peşə sahiblərinin musiqi və informasiya tələbatını ödəmək əsas məqsəd idi. Kommersiya radiostansiyalarının meydana gəlməsi ilə “for all radio” aktuallığını itirsə də, hazırda bütün dünyada dövlət və ictimai radioların çoxu məhz bu formatda yayımlanır.

AC (adult contemporary) formatı ingilis dilindən təxminən “böyüklər üçün müasir radio” kimi tərcümə olunur. Belə formatda yayımlanan radiostansiyanın hədəf auditoriyası 25-45 yaşlarında olan dinləyicilərdir. AC reklam şirkətləri üçün ən cazibədar format hesab olunur, çünki məhz bu hədəf auditoriyası bütün dünyada maliyyə asılılığı olmayan və “pul xərcləməyi sevən” insanlardır. AC formatının musiqi məzmunu 80, 90 və 2000-ci illərin pop, pop-rok hitləridir. AC-də heç bir metal, pank və alternativ musiqidən söhbət gedə bilməz. AC formatlı radionun Dj-ləri uzun-uzadı danışmır, fikrini dəqiq ifadə edir. “Pro Media Group”un menecmentində olan AVTO FM 107.7 məhz AC formatında yayımlanır.

CHR (contemporary hit radio) formatını “yalnız hitlər yayımlayan müasir radio” kimi izah etmək olar. Bu formatın əvvəlki adı TOP 40 olub. Musiqi məzmunu adından da başa düşüldüyü kimi, indi populyar olan hitlərdir. Hədəf auditoriyası 12-35 yaş arası dinləyicilərdir. CHR formatında xəbərlərə az diqqət ayrılır, DJ-lər əsasən dinləyicilərin başa düşəcəyi “dildə”, müasir terminlər və slenqlərlə danışırlar. “Baku Hit” FM 97.7 radiostansiyası CHR formatında yayımlanır.

“Oldies” formatı retro musiqinin yayımını nəzərdə tutur. Belə formatın hədəf auditoriyası yaşı 45-dən yuxarı olan insanlardır. Əsas musiqi məzmunu 50, 60, 70-ci illərin retro estrada mahnılarıdır. “Oldies” formatı müxtəlif ölkələrdə “Nostalgia” və ya “AC Gold” da adlandırılır. Bu formatda yayımlanan radiostansiyanın aparıcıları həzin səslə, aşağı tempdə danışır. Musiqi ilə yanaşı, ötən illərin retro filmləri, ədəbiyyat və incəsənət nümunələri barədə də məzmun təqdim olunur. Bakı Retro FM 93.3 bu formatda yayımlanır.

“National Hit Radio” (milli hitlər radiosu) formatının əsas xüsusiyyəti efirdə ölkənin ana dilində ifa olunan mahnıların yayımlanmasıdır. Hədəf auditoriyası 25-45 yaşlı insanlardır, kommersiya baxımından uğurlu formatlardan biridir. Xəbər və veriliş məzmunu ölkənin əsas gündəmini əhatə edir. “Radio Space” 104 FM bu formatda yayımlanır.

Bu formatlardan başqa bütün dünyada məşhur olan “Country”ni (ingilis dilindən tərcümədə kənd, əyalət) də misal göstərmək olar. Bu format Amerika xalqlarının milli musiqisi sayılan və gitarada ifa ilə müşayiət olunan “country” janrının şərəfinə adlandırılıb. Birləşmiş Ştatlarda bu formatlı radiostansiyalar çox populyardır. Digər ölkələrdə isə şanson və bard tərzində ifa olunan mahnıları yayımlayan radiostansiyalar “Country” formatlı radiostansiyaların analoqu sayılır”.

O, həmçinin vurğulayır ki, musiqi, rubrika, müsabiqələr, əlamətdar günlərlə bağlı hazırlanan verilişlər, prodakşın işlərinə nəzarət etmək, reklam və s. radiostansiyanın əsas yayım konsepsiyasına uyğun olmalıdır. Buna görə bütün bunların da hamısı proqram və musiqi direktorunun nəzarətindədir.

“Təbii ki, radioda proqram və musiqi direktoru marketinq sahəsindən də məlumatlı və reklam bazarının cari vəziyyətindən xəbərdar olmalıdır. Reklam bloklarında yayımlanan materialın, eləcə də reklam musiqisinin radiostansiyanın formatına uyğun olması, sponsor dəstəyi ilə hazırlanan rubrika və verilişlərin də radionun ümumi efir şəbəkəsinə uyğunluğu nəzərə alınmalıdır.

Radioda yeni musiqi materialının seçilməsi prosesində bilavasitə proqram və musiqi direktorunun özü iştirak edir və yeni təqdim olunan istər yerli, istər xarici mahnının efirdə səslənib-səslənməyəcəyinə o, qərar verir. Bu, radiostansiyanın yayım konsepsiyası və musiqi formatına uyğun edilir.

Vacib məqamı vurğulamaq istəyirəm. “Tanışlıqla” hansısa yeni mahnının efirdə səsləndirilməsi yolverilməzdir. Bu baxımdan “Pro Media Group” MMC-nin rəhbəri Cavid Neymətzadə menectmentliyimizdə olan radioların musiqi formatını necə təsdiqləyibsə, hal-hazırda format o şəkildə davam etdirilir. Efirə yeni mahnının seçilməsini yalnız proqram və musiqi direktorunun öhdəsinə buraxır. Yeni mahnı yalnız radiostansiyanın musiqi formatı və yayım konsepsiyasına uyğun olduğu halda efir şəbəkəsinə əlavə edilir”, - deyə B.Hacıyev qeyd edir.

Son xəbərlər