OBA "OBA-da gənclərin izi" ilə 10 illik tədbirlər planına start verdi
Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd etməyə hazırlaşan "OBA" marketlər şəbəkəsi "Qonşuluqda 10 iz" adlı yeni layihəyə start verib. Bu layihə çərçivəsində keçirilən ilk tədbir 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunub. "OBA-da gənclərin izi" adlı tədbirdə şirkətimizdə çalışan gənc əməkdaşlar bir araya gəlib.
Tədbirdə "OBA" marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova, Satış əməliyyatları direktoru Vüqar İsmayılov, İnsan Resursları direktoru Maqsud Orucov və doktor Həlimə Qəmərlinskaya çıxış edərək gənc əməkdaşlara motivasiyaedici mesajlar ünvanlayıblar.
İdarə Heyətinin sədri Natəvan İbrahimova çıxışında gənclərin OBA-nın korporativ mədəniyyətində və inkişaf strategiyasında mühüm rol oynadığını vurğulayıb:
"OBA-da gənclər yalnız gələcək üçün deyil, bu gün üçün də dəyər yaradan əsas qüvvədir. Onların enerjisi, təşəbbüskarlığı və məsuliyyəti şirkətimizin davamlı inkişafının əsas sütunlarındandır. Biz bu gün fəxrlə deyirik ki, OBA əməkdaşlarının 45 faizi gənclərdən ibarətdir - OBA-nın gücü məhz buradan başlayır".
Satış əməliyyatları direktoru Vüqar İsmayılov gənclərin satış sahəsində formalaşmasının əhəmiyyətinə toxunub: "OBA-da gənclər satışdan başlayaraq real biznes mühitində formalaşır, praktiki bacarıqlar qazanır və peşəkar inkişaf yolu keçir. Bu təcrübə onların gələcək karyerası üçün möhkəm baza yaradır".
İnsan Resursları direktoru Maqsud Orucov OBA-da gənclərin sayı və inkişaf göstəriciləri barədə məlumat verib: "Bu gün OBA əməkdaşlarının 45 faizi gənclərdir. 2025-ci ildə gənc əməkdaşların 58 faizi vəzifə artımı əldə edib, 4 738 gənc inkişaf proqramlarına cəlb olunub, ümumilikdə isə 4 973 gəncə 23 397 saat təlim keçirilib. Bu rəqəmlər OBA-nın gənclərin inkişafına sistemli və davamlı yanaşmasının göstəricisidir".
Dr. Həlimə Qəmərlinskaya karyera yolundan söz açıb, eyni zamanda gənclərin şəxsi inkişafı və psixoloji dayanıqlığının önəmini vurğulayıb: "Uğurlu karyera yalnız peşəkar biliklə deyil, sağlam düşüncə, özünə inam və daxili balansla mümkündür. Gənclərin həm peşəkar, həm də şəxsi inkişafı paralel aparılmalıdır. Siz xoşbəxt gənclərsiniz, çünki bizə 25, 26 yaşlarında bu sözləri deyən olmayıb".
Tədbirdə təlim şöbəsinin müdiri Cəlalə Mustafayeva tərəfindən gənclər arasında enerji və aktivlik mövzusunda hədiyyəli yarış keçirilib.
Tədbir çərçivəsində gənc əməkdaşlara şirkətə verdikləri töhfəyə görə sertifikatlar və hədiyyələr təqdim olunub.
Tədbirdə o da qeyd olunub ki, "OBA" marketlər şəbəkəsi gənclərin sosial və peşəkar inkişafını dəstəkləmək məqsədilə gənclərə yönəlik bir sıra layihələr həyata keçirir. Bu layihələrə daxildir:
• "Gələcəyini qur" təşəbbüsü – aztəminatlı və əməkhaqqısı aşağı olan əməkdaşlar övladlarının ali təhsilə hazırlanmasına və inkişafına dəstək göstərən proqram;
• Təqaüd Proqramı – ölkə daxilində və ölkə xaricində ali təhsil üzrə tələbə adı qazanan əməkdaş övladlarına təqaüd verilməsi;
• SİD – Startap İnkişaf Dəstəyi – gənclər arasında innovativ düşüncəni və sahibkarlıq təşəbbüslərini təşviq edən layihə.
"OBA" marketlər şəbəkəsi hesab edir ki, gənclərə edilən hər bir investisiya ölkənin gələcəyinə qoyulan sərmayədir və şirkət bundan sonra da gənclərin inkişaf yolunda etibarlı tərəfdaş olmağa davam edəcək.
Qalereya
Oxşar xəbərlər
Qadın sahibkarlar üçün Yelo Bank-dan parlaq imkan!
Azərbaycanda qadınların biznes fəaliyyəti hər il yeni zirvələrə çatır. Bu gün ölkəmizdə 338 mindən çox qadın sahibkar öz uğur hekayəsini yazır və təkcə son bir...