Möhtəşəm "F1 75 Live" Bakı vaxtı ilə saat 00:00-da

2025-ci il avtomobil idmanı və Formula 1 pərəstişkarları üçün unudulmaz bir il olacaq. 75 illik yubiley münasibətilə keçiriləcək xüsusi "F1 75 Live" tədbiri, 18 fevral 2025-ci il tarixində Londondakı The O2 Arenasında baş tutacaq. 15,000 azarkeş arenada bu möhtəşəm şounu yaxından izləyəcək. Bu möhtəşəm gecədə Formula 1-in 10 komandası, sürücüləri və komanda rəhbərləri iştirak edəcək, yeni mövsümdə 2025-ci il avtomobillərinin dizaynları təqdim olunacaqdır. Tədbirdə yalnız yeni avtomobillər deyil, həm də Lewis Hamilton-ın Ferrari-yə keçidindən sonra ilk dəfə rəsmi təqdimatı, gənc pilotların debütləri və Red Bull-un yeni heyəti təqdim ediləcək. Tədbir musiqi dünyasından da böyük sürprizlərlə zəngindir – Kane Brown, Take That və MGK kimi sənətçilər səhnəyə çıxacaqlar.
Həmçinin Formula 1 azarkeşləri üçün bu tədbir F1-in sosial media kanallarında, o cümlədən YouTube-da yayımlanacaq. 19 fevral, Bakı vaxtı ilə saat 00:00-da canlı yayımla izləyicilər, bu möhtəşəm anları izləyə biləcəklər. Tədbir, Formula 1 azarkeşləri üçün şübhəsiz ki, yaddaqalan bir gecə olacaq.
Xatırladaq ki, Bakı Qran-Prisi bu il 19-21 sentyabr tarixlərində keçiriləcək.
Sürət həvəskarları yarış həftəsinə artıq səbirsizlənir. Təsadüfi deyil ki, Sahil, Filarmoniya və Zəfər tribunalarına biletlər qısa zaman ərzində tamamilə tükənib!
