Zəfər tarixindən səhifələr: Laçın şəhərinin azad olunmasından iki il ötür - FOTO
2022-ci avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini, Zabux və Sus kəndlərini nəzarətə götürməklə Laçın rayonunun işğalına tamamilə son qoydu
İki il əvvəl, 2022-ci il avqustun 26-da xalqımız daha bir tarixi hadisənin sevincini və qürurunu yaşadı. Ordumuz həmin gün Laçın şəhərində yerləşdi, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Beləliklə, bu füsunkar, mühüm strateji mövqeyə malik diyarın işğalına tamamilə son qoyuldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 26 avqust – Laçın Şəhəri Günü kimi qeyd olunur.
AZƏRTAC xatırladır ki, Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. İşğalçılar tərəfindən 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi və digər infrastruktur obyektləri talan olunaraq və məhv edilib. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğrayıb.
Təcavüzkar Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olub, soyqırımları, bir çox digər hərbi cinayətlər törədib. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir və çox təəssüf ki, susqunluqla qarşılanırdı.
İşğaldan azad olunmuş digər yurd yerlərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır. Prezident İlham Əliyev Laçın rayonuna bir neçə dəfə səfər edib. Həmin səfərlər zamanı dövlətimizin başçısı Güləbird Su Elektrik Stansiyasının, “Qorçu” və “Laçın” şəhər yarımstansiyalarının və digər infrastruktur obyektlərinin açılışını edib, Laçın Beynəlxalq Hava Limanının, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, “Laçın” Qovşaq Yarımstansiyasının, Qorçu qəsəbəsinin və Şəlvə kəndinin, Laçın şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, İşğal və Zəfər Muzeyi Kompleksinin təməlini qoyub.
Prezident İlham Əliyev mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq deyib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Şəhərin giriş hissəsindəki körpünün sol istiqamətində salınan çaykənarı bulvar Laçın sakinlərinin və qonaqların sevimli istirahət məkanlarından birinə çevrilib. Artıq Həkəri çayı üzərində göl yaradılıb. Burada asma körpü inşa edilib, ətrafda yaşıllıqlar salınıb, kotteclər tikilib. Göldə çimərlik də fəaliyyət göstərəcək. Rayon sakinlərinin və qonaqların rahat istirahət etməsi üçün çimərliyin ətrafında əyləncə mərkəzinin yaradılması nəzərdə tutulub.
Ötən il avqustun 25-26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfər zamanı Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər.
Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Şəhərdə yaradılan Aqro-Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək.
Ötən il mayın 28-dən başlayaraq laçınlıların doğma yurda dönüşünə start verilib. Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin şəhərdə vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Dövlət Proqramına əsasən ötən il rayonun Sus kəndinə 59 ailə və 215 sakinin, Zabux kəndinə 217 ailə və 823 sakinin köçürülməsi təmin olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar şəhər gününü doğma evlərində sonsuz qürur və sevinc hissi ilə bayram edirlər.
Qalereya
Oxşar xəbərlər
Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan - FOTO
Azərbaycanın qədim şəhəri olan Şuşa 29 ildən sonra ilk dəfədir may ayının 8-ni azad şəkildə qarşılayır. Uzun illər 8 may tarixini Şuşa şəhərinin işğal günü kimi...