“Zəfər paradı”nda nələr olacaq? - MARAQLI FAKTLAR AÇIQLANDI
"Təbii ki, paradda ilkin olaraq, meydana Azərbaycan Respublikasının Dövlət Bayrağı gətiriləcək. Daha sonra Şuşaya sancılan Zəfər Bayrağı meydanda olacaq".
Bunu paradın ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Modern.az-a müsahibəsi zamanı bildirib.
Abdulla Qurbaninin sözlərinə görə, bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə “general-mayor” ali hərbi rütbəsinə, bir az öncə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoymuş, Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra şəhərin ilk komendatı təyin edilən Zaur Məmmədov gətirəcək:
"Qeyd edim ki, “Zəfər paradı”nda həm də bu döyüşlərdə xüsusilə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqları nümayiş olunacaq. Bayraqların gəlişindən sonra paradı qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları açacaq. Daha sonra Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlıları, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin heyətləri, ardıcıllıqla bütün korpusların, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin zabit və kursantları yürüş edəcəklər.
Türkiyədən gəlmiş 200-ə yaxın mehmetcik Azərbaycan əsgərinin sevincinə qoşulacaq, paradda Türkiyənin bayrağı ilə irəliləyəcək.
Əbədiyaşar şəhidlərimiz ehtiramla yad olunacaq. Qazilərimizin bir qrupu hərbi maşınların üzərində tribuna önündən keçəcək. Bizim qazilərimiz, Şəhid ailələri, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti cənab Prezidentə bir də ona görə minnətdardır ki, Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsində çox böyük rolu var. “Zəfər Günü”, “Anım Günü”ün təsis olunması, “Vətən müharibəsi memorial kompleksi”nin “Zəfər muzeyi”nin, yaradılması ilə bağlı sərəncamları bu diqqətin bariz nəticəsidir.
Düşmənin yüzlərlə, minlərlə texnikasını, canlı qüvvəsini məhv etmişik. Təsəvvür edin ki, onlardan çox az hissəsi, həm istifadəyə yararlı, həm də istifadəyə yararsız olanları nümayiş olunacaq. Bunu Ermənistanın kapitulyasiyası, məğlubiyyəti, iflasının rəmzi kimi tribuna önündə nümayiş etdirəcəyik.
Maraqlı bir nüansı da deyim sizə. Bu yaxınlarda sosial şəbəklərdə ermənilər birinci Qarabağ müharibəsində ələ keçridikləri avtomobil nömrələrini divar boyu vurduqlarını göstərirdilər. Biz isə məhv etdiyimiz, dağıtdığımız avtomobil, texnika nömrələrindən nəhəng şəkildə “Qarabağ Azərbaycandır!” şüarını təqdim edəcəyik. Bununla yanaşı, Azərbaycanın bütün güc və qüdrətinin rəmzi olan ən müasir hərbi texnika və vasitələrimiz nümayiş olunacaq. Zəfər paradında pilotsuz uçuş aparatlarına xüsusi yer ayırmışıq. Türkiyə istehsalı olan “Bayraktar”, döyüşlərdə olduğu kimi, Azadlıq meydanında böyük marağa səbəb olacaq".
Oxşar xəbərlər
Bütövlük və azadlıq uğrunda döyüşən igid neftçilər - VİDEO
Şanlı Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqlarını düşməndən azad etdi. Bunun üçün isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər və...