Yücel Karauz: "Paşinyan Rusiyaya qarşı Qərbin tapşırığını icra edir"
"Qərb heç vaxt təhlükəsizliyə zəmanət vermir, ancaq ümidləndirir. Gürcüstanda bunu gördük və baş verənləri hamımız yaxşı xatırlayırıq.
Ermənistanı isə əlaltı kimi istifadə edərək rus qoşunlarını İran və Türkiyə ilə sərhəddən çıxarmaq və ölkəni tamamilə nəzarətə götürmək istəyirlər".
Bu sözləri Oxu.Az-a Ermənistanın Rusiya sərhədçilərini ölkədən çıxarmaq üçün atdığı addımların pərdəarxası səbəbləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi general-mayor Yücel Karauz bildirib.
General Ermənistanın Qərb və Rusiya arasında rəqabət meydanına çevriləcəyini qeyd edib:
"Baş verənlər yalnız Qərb, Azərbaycan və Ermənistan arasındakı proseslərin deyil, həm də Qərblə Rusiya arasındakı rəqabətin bir parçasıdır.
Hazırki proses uzun illər davam edə, müxtəlif geosiyasi və hərbi sarsıntılarla müşayiət oluna bilər. Çünki Moskva heç vaxt Ermənistanı tamamilə tərk edərək iki yüz illik geostrateji üstünlüyünü ABŞ-ə, Qərbə verməz.
Bu, elə də asan deyil. Paşinyanın eyni vaxtda həm Qərb, həm də Rusiya ilə təhlükəli rəqsi onun hakimiyyətdən getməsinə və ölkədə qanlı hadisələrin meydana gəlməsinə səbəb ola bilər.
Qərb Rusiyanın Ermənistandakı hərbi varlığına son qoymaqla eyni anda bir neçə məqsədə nail olmaq istəyir, Rusiya, Türkiyə, İran, Azərbaycan və Ermənistanı mühasirəyə almağa çalışır".
Karauz Paşinyanın Qərbin tapşırığı ilə Zəngəzur dəhlizinin açılmasını ləngitdiyini qeyd etdi:
"Qərb quracağı hərbi bazalar vasitəsilə Qafqaz bölgəsini Mərkəzi Asiyaya keçid kimi istifadə etməyi planlaşdırır. Zəngəzura ABŞ hərbçilərinin göndərilməsi də bunun bir hissəsidir. Çünki Cənubi Qafqazda üstünlük kimdə olsa, qonşu dövlətlərə, həm də Çinə təsir imkanına malik olacaq. Paşinyanın dünən parlamentdə çıxışı zamanı ölkəsinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürmədiyini bildirməsi əslində öz iradəsi ilə deyil, Qərbin diktəsi ilə ifadə etdiyi fikirdir. Çox təhlükəli proseslər gedir, hər kəs tərəfini seçir, yollar və dəhlizlər uğrunda qlobal mübarizə getdikcə daha da qızışır. Ona görə Türkiyə və Azərbaycan, eyni zamanda digər türk dövlətləri əməkdaşlıqlarını sıxlaşdırmalı, əlaqələrini gücləndirməli və hazırki mərhələdən zərər görmədən çıxmalıdır".
Oxşar xəbərlər
Mövlud Çavuşoğlu Azərbaycana GƏLİR
Türkiyənin sabiq xarici işlər naziri, NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək. BAKU.WS modern.az-...