Yevgeni Tukan: "Qaqauziya yeni qaynar nöqtəyə çevrilə bilər"

Yevgeni Tukan: Qaqauziya yeni qaynar nöqtəyə çevrilə bilər
Siyasət 41

Moldovada Kişineu ilə Komrat (türk muxtariyyəti - Qaqauziya Muxtar Ərazi Birliyi - Qaqauz Yerinin paytaxtı) arasında gərginlik artır. Moldova parlamenti muxtar Qaqauziya məhkəmələrinin mərkəzi orqana tabe olması haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib. Qaqauziyanın Başkanı Yevgeniya Qutsul Moldova hökumətinin üzvü seçilməyib, çünki ölkə Prezidenti Maya Sandu onun "korrupsioner qrupu təmsil etdiyini" deyib. Daha sonra Y.Qutsul Qaqauziyanın infrastrukturunun inkişafı məsələsinin müzakirə olunduğu regional şuranın iclasına dəvət olunmayıb. Gərginlik yaradan hadisələrin siyahısını hələ çox uzatmaq olar.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Qaqauziyadan olan moldovalı siyasi analitik, Moldova Respublikası Sosialistlər Partiyasının üzvü, Komrat primarının (merinin - red.) keçmiş müavini Yevgeni Tukan Kişineu ilə Komrat arasında gərginlik süni şəkildə yaradıldığını qeyd edib.

- Mərkəzi hakimiyyət bildirir ki, Qaqauziya başkanı cinayətkar qruplaşma ilə əlaqəlidir və buna görə də onunla münasibət saxlamaq istəmirlər. Amma qanun var axı. Məhkəmə Yevgeniya Qutsulu Qaqauz Yerinin başkanı kimi təsdiqləyib. Üstəlik, nə Moldova parlamentinin sədri İqor Qrosu, nə də Moldova Prezidenti Maya Sandu məhkəmə orqanı deyillər. Onlar kimin hansısa cinayətkar qruplaşmanın üzvü olduğu, kimin olmadığı barədə danışa bilməzlər. Deməli, bu, daha çox siyasi hekayədir, Maya Sandu və İqor Qrosu siyasi xal toplayırlar və təəssüf ki, hökumətdə Qaqauziyanın səsini eşitmək istəmirlər.

Bəli, Yevgeniya Qutsulla bağlı suallar var, lakin hökumətdə başkanın olmaması Moldova Respublikasının Konstitusiyasının pozulmasıdır.

- Bəs Yevgeniya Qutsulun Moldova Respublikasının (MR) federallaşdırılması ideyasını dəstəkləməsi barədə nə düşünürsünüz? Bu barədə mətbuatda məlumat verilmişdi.

- Mən artıq bildirdim ki, Yevgeniya Qutsulla bağlı suallar var. O, bir neçə səhvə yol verdi, Qaqauz Respublikasından danışdı, çox radikal idi. Ona görə də deyə bilərik ki, münaqişəni qızışdıran və gərginliyi artıran təkcə Kişineu deyil, Yevgeniya Qutsul tərəfindən də kifayət qədər təxribat xarakterli bəyanatlar verilib. Amma kompromis axtarmaq, mərkəzi orqanlarla əlaqə saxlamağa çalışmaq lazımdır. Lakin Kişineu və Komrat açıq qarşıdurmaya getdilər. Dünyada baş verənləri nəzərə alsaq, Qaqauziya yeni qaynar nöqtəyə çevrilə bilər, lakin qaqauziyalılar sabah özlərini səngərlərdə görmək istəmirlər.

- Qaqauziyanın Başkanı Yevgeniya Qutsul bu yaxınlarda Rusiyaya səfər edib, daha sonra Türkiyəyə gedib. Qaqauz Yeri başkanı sosial şəbəkədə qaqauz xalqının türk dünyasının qardaş xalqlarının dəstəyinə ehtiyacı olduğunu yazıb. Qaqauziyada eyni vaxtda rusiyapərəst və türkiyəpərəst, daha doğrusu, türkpərəst əhvali-ruhiyyə necə hökm sürə bilir? Burada ziddiyyət yoxdurmu?

- Türk dünyası və Rusiya ilə ünsiyyət qurmaq düzgün mövqedir. Moldova hakimiyyəti radikal şəkildə avropapərəstdir. Qaqauzlar ayrı-seçkiliyə məruz qaldıqda bizim əvvəllər bizə kömək edənlərə müraciət etməkdən başqa çarəmiz qalmır. Bu isə türk dünyasıdır - Türkiyə, Azərbaycan və digər türk ölkələri, Rusiya.

Və daha bir şey: mən çox ümid edirəm ki, Yevgeniya Qutsulun Türkiyəyə səfəri zamanı investisiyaların cəlb edilməsi məsələsi müzakirə olunub. Mərkəzi hakimiyyət Qaqauziyanı iqtisadi cəhətdən boğur və biz bunu çox ciddi şəkildə hiss edirik.

- Bəs indi türk dünyası Qaqauziyaya daha hansı yolla kömək edə bilər?

- Sabah Qaqauziya qaynar nöqtəyə çevrilə bilər. Və istənilən köməyə ehtiyac var. Hətta informasiya dəstəyinə. Ola bilsin ki, bizim məsələ ilə bağlı Türkiyə və Azərbaycan hakimiyyətlərinin Kişineu ilə müzakirələri baş tutsun. Bu, yaxşı olardı. Qaqauzlar - türk dünyasının kiçik qardaşları bunun üçün çox minnətdar olardılar.

Son xəbərlər