Xronika: "Qərbi Azərbaycanda 300-dən artıq türk-xristian məbədi erməniləşdirilib"

Xronika: Qərbi Azərbaycanda 300-dən artıq türk-xristian məbədi erməniləşdirilib
Video
Siyasət 35

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Alban məbədinin memarlıq xüsusiyyətləri və erməni kilsəsindən əsas fərqi" adlı veriliş efirə gedib.

Verilişdə tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli ermənilərin Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələrdən söz açıb.

Onun sözlərinə görə, ermənilər alban memarlığına, türk-xristian irsinə tarix boyu göz dikib: "Qafqaz alban kilsələri monastır kompleksinin mövcudluğu ilə seçilir. Qafqazda bütün alban abidələri tanrıçılıq məbədlərinin üzərində tikilib. Mehrabın forma və quruluşu alban kilsəsini fərqləndirən əsas cəhətdir. Alban kilsəsi həvari kilsədir, ermənilər bu statusa saxtagarcasına iddia edirlər".

O deyib ki, Qərbi Azərbaycanda 300-dən artıq türk-xristian məbədi erməniləşdirilib.

Tarixçi ermənilərin həvari kilsə adına əsassız iddialarını ifşa edərək, hayların Qərbi Azərbaycanda dağıtdığı və erməniləşdirdiyi abidələrdən danışıb.

A.Məmmədli alban məbədlərinin tikildiyi material və üslub xüsusiyyətlərinə, bu məbədlərin memarlığına və erməni kilsəsindən əsas fərqinə aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər