Xronika: Aşağı Gözəldərə, Aşağı Güllüdüz, Aşağı Molla Saflar, Aşağı Necili - türk tarixinin izi

Xronika: Aşağı Gözəldərə, Aşağı Güllüdüz, Aşağı Molla Saflar, Aşağı Necili - türk tarixinin izi
Video
Siyasət 46

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Parlament qərarı ilə adı dəyişdirilən yaşayış məskəni" adlı süjet hazırlanıb.

BAKU.WS xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Gözəldərə, Aşağı Güllüdüz, Aşağı Molla Saflar və Aşağı Necili toponimləri haqqında söhbət açılıb.

Bildirilib ki, hazırda Ermənistan ərazisi kimi təqdim olunan Qərbi Azərbaycanda çox qədim yaşayış məskənlərini ermənilər saxtalaşdıraraq oğuz-türk izini silməyə çalışıblar.

Aşağı Gözəldərə - Göyçə mahalının Qaranlıq, sonralar Martuni adlandırılan rayonda yerləşən kənddir. 1828-ci ilə qədər burada yalnız azərbaycanlılar yaşayıb. Ermənilər bura 1828-1830-cu illərdə Türkiyədən köçürülərək yerləşdirilib. 1905-1906-cı illərdə ermənilərin təcavüzünə məruz qalan azərbaycanlılar deportasiya olunub. 1945-ci il iyulun 7-də kəndin adı dəyişdirilərək Vardenis qoyulub.

Aşağı Güllüdüz - Dərələyəz mahalının Keşişkənd, sonralar Yeğeqnadzor adlandırılan rayonda kənddir. Kənddə 1873-cü ildən yaşayan azərbaycanlılar 1918-ci ildə deportasiya olunub. 1959-cu ildə rayondakı Yuxarı Güllüdüz kəndi ilə birləşdirilərək Güllüdüz kəndi yaradılıb.

Aşağı Molla Saflar - Şəmşəddil mahalının Şəmşəddin, sonralar Berd adlandırılan rayonu ərazisində qışlaq olub. 1930-cu ildə ləğv edilib.

Aşağı Necili - Zəngibasar mahalının Zəngibasar, sonralar Masis adlandırılan rayonda kənddir. 1918-ci ildə kəndin əhalisi deportasiya olunub. Ermənilər bura əlavə olaraq 1946-1948-ci illərdə xaricdən köçürülüb. 1988-ci ilin oktyabr-noyabr aylarında azərbaycanlılar yenidən qovulub. 1978-ci il yanvarın 25-də kəndin adı dəyişdirilərək Sayat Nova qoyulub.

Sonda vurğulanır ki, Qərbi Azərbaycan ərazisi hiylə-hiylə mənimsənilib: "Çar Rusiyasının havadarlığı ilə XIX və XX əsrlərdə oğuz türklərinə zülm verən haylar çirkin niyyətlərini gizlətmədən toponim cinayətləri törətməkdən çəkinməyiblər. Lakin buna baxmayaraq, bu gün doğma yurd həsrəti çəkən Qərbi azərbaycanlılar bu cinayətkar əməllər qarşısında susmur, mübarizəni davam etdirirlər".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonimlərin, oronimlərin və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından böyük əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını və coğrafiyasını əks etdirir. Hazırlanan süjetdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi barədə məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Son xəbərlər