WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək
Foto
Siyasət 37

Azərbaycanın bu il ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) ölkənin qlobal məsələlərin həllində rolunun daha bir göstəricisi olacaq.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, may ayının 17-dən 22 -dək Bakıda baş tutacaq forum ölkənin dünya miqyasında nüfuzunun yüksəlməsinə və beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Qlobal siyasi-iqtisadi gündəmin mühüm platformalarından biri kimi çıxış edən WUF13-ə hazırlıq işləri davam etdirilir. Bunun üçün müxtəlif sahələr üzrə tədbirlər planı hazırlanır, forumun rahat və təhlükəsiz şəkildə təşkili üçün zəruri işlər həyata keçirilir.

Sözügedən qlobal tədbirin Bakıda təşkili digər sahələrdə olduğu kimi, təhsil sistemində də müvəqqəti adaptiv yanaşmaların tətbiqini zəruri edir. Qeyd edək ki, təhsilin fasiləsizliyi prinsipi bu prosesdə əsas prioritetlərdən biridir.

Tədbir müddətində tədrisin rahat və davamlı təşkili istiamətində artıq aidiyyəti qurum müvafiq qərar qəbul edib. Belə ki, elm və təhsil naziri Emin Əmrullayev WUF13-ün baş tutacağı tarixlərdə təhsilin fasiləsizliyini təmin etmək məqsədilə Əmr imzalayıb. Əmrə əsasən, Bakıda ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil müəyyən ediləcək. Bu tarix ölkədə 1-5 may tarixlərində müəyyən olunmuş yaz tətili ilə əvəzlənir.

Bundan başqa, paytaxtın bəzi rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər distant, yəni məsafədən baş tutacaq. Eyni zamanda, Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədris mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil ediləcək.

Tədbir müddətində dərslərin onlayn formata keçirilməsi şagirdlərin təhsil proqramından geri qalmasının qarşısını alır və təhsil sahəsində adaptiv yanaşmaların tətbiqini zəruri edir. Tədbir müddətində dərslərin onlayn formata keçirilməsi şagirdlərin təhsil proqramını mənimsəməsini və onların bilik səviyyəsinin davamlı şəkildə qorunmasını təmin edir.

WUF13 müddətində dərslərin distant təşkili təhsilin fasiləsizliyini təmin edəcək

Bu yanaşma pandemiya dövründə formalaşmış rəqəmsal tədris təcrübəsinin tətbiqinin davamı kimi də qiymətləndirilə bilər.

Vurğulamaq lazımdır ki, Azərbaycanda bu kimi böyük tədbirlər zamanı tədrisin davamlı olaraq davam etməsini təmin edən uğurlu təcrübələr mövcuddur. Belə ki, Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) müddətində də həm distant təhsil, həm də tətil günlərinin əvəzlənməsi kimi adaptiv modellər tətbiq edilib. Bundan başqa, uzun müddətdir ki, hər il Bakıda keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi günlərində bəzi məktəblərdə dərslər onlayn formada təşkil olunur.

Distant tədrisə keçid yalnız mövcud şəraitə uyğunlaşma vasitəsi deyil, eyni zamanda şagird və müəllimlərin texnoloji bacarıqlarının inkişafına təkan verir. Bu isə uzunmüddətli perspektivdə təhsil sisteminin dayanıqlılığını və rəqabət qabiliyyətini artırır.

Bütün bunlar göstərir ki, Azərbaycanın təqdim etdiyi mexanizmlər dünyanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq tədbirlər zamanı tətbiq olunan təcrübələrlə tam uyğunluq təşkil edir.

Son xəbərlər