Vahid Mustafayev ANS-in açılmasından danışdı - VİDEO
Bu gün ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev ANS-lə bağlı bir sıra suallara cavab verib. BAKU.WS İstiPress-ə istinadən həmin müsahibəni sizə təqdim edir:
- Ali Məhkəmə kassasiya şikayətinizi təmin etməsə, hansı instansiyaya müraciət edəcəksiniz?
- Bizim Azərbaycan Respublikasının qanunvericiliyinin verdiyi hər bir imkandan istifadə etmək haqqımız var. Lakin bu barədə hələ danışmaq tezdir. Hələ məhkəmə qurtarmayıb. Biz gərək Ali Məhkəmədə bütün prosesləri sona çatdıraq, ondan sonra hansısa bir qərar vermək hüququmuz olsun. Hər şeydən əvvəl Konstitusiya Məhkəməsinə müraciət edəcəyik. Burada biz ədalət tapa bilməsək, oradan ədalət gözləyəcəyik.
- ANS-in açılması üçün hüquqi qərar lazımdır, yoxsa siyasi qərar?
- Biz siyasi qurum deyilik. Biz siyasətlə heç vaxt məşğul olmamışıq. Biz jurnalistik. Biz müstəqil Azərbaycan Respublikasının ilk günlərindən - Topxana mitinqindən bu günə qədər, Azərbaycanın çiçəkli gününə qədər yalnız jurnalistika ilə məşğul olmuşuq və jurnalist olaraq Azərbaycan dövlətinin qanunlarından, Azərbaycan dövlətinin məhkəməsindən, Konstitusiya məhkəməsindən bu məsələnin müsbət həllini gözləyirik.
- ANS Şirkətlər qrupunun mülkiyyəti ilə bağlı vəziyyət necədir?
- ANS televiziyasının binası indiyə qədər qapalı vəziyyətdə, möhürlü vəziyyətdə qalıb. Bizim bütün avadanlıqlarımız, bütün ləvazimatlarımız, ən əsası da bizim arxivimiz təhlükəli vəziyyətdədir. Təəssüflər olsun ki, bu arxiv indi lazımi şəraitdə saxlanılmır. Biz bununla bağlı müvafiq instansiyalara müraciət etmişik ki, məsələni həll etməkdə bizə yardımçı olsunlar. İndi onların cavablarını gözləyirik.
- Hansı instansiyalara?
- Biz prokurorluğa müraciət etmişik, Daxili işlər nazirliyinə də müraciət etmişik ki, bununla əlaqədar olaraq bizə yardımçı olsunlar ki, heç olmasa arxivlərimizin saxlama şəraitini lazımi səviyyəyə gətirib çatdıraq. Xüsusi materialların, video-disklərin saxlama qaydaları var. O qaydalar pozulanda isə orada olan materiallar öz keyfiyyətini itirir.
Bilirsiniz ki, ANS-in zəngin arxivi var. Azərbaycanın müasir tarixi elə ANS-in kameraları ilə həkk olunub. Biz bunların çəkilməsinə bütün həyatımızı həsr etmişik.
- Vahid müəllim, Baş prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ANS əməkdaşları, ANS rəhbərliyinə daxil olan şəxslərlə bağlı istintaq gedirdi. Nə yerdədir istintaq?
- Xeyr, elə bir şey yoxdur. ANS-lə bağlı hər hansı istintaq getmir. Bizi sadəcə olaraq şahid qismində dindiriblər. Bir dəfə olub cəmisi. Ondan sonra da bizim bu işlərdə əlaqəmizin olmadığı dəfələrlə sübuta yetirilib.
- Ölkənin ilk müstəqil televiziyasının rəhbəri kimi ictimaiyyətə sözünüz varmı?
- Mən çox istəyirəm ki, bu məsələ müsbət həll olunsun. Bilirsiniz, Azərbaycanın milyonlarla tamaşaçısı, radio dinləyicisi bu gün də gözləyir ki, şad xəbər alsın. ANS açılsın və yenə də bizim xalqımıza xəbərlər versin. Ən əsası ANS hansısa bir fərdlərin təşkilatı, qurumu deyil. ANS məhz Azərbaycan xalqının yaratdığı bir qurumdur. Azərbaycan müstəqilliyi ilə yaşıddır.
- Yenidən açılsa, ANS televiziyası öz fəaliyyətini necə quracaq?
- ANS qocaman bir təşkilatdır. Onun özünün öz konsepsiyası var ki, bu konsepsiya ilə ANS jurnalistika akademiyasında 350 nəfərdən çox tələbə öyrədib. Bu gün bizim tələbələrimiz bütün televiziyalarda, radiolarda və mətbu orqanlarda fəaliyyət göstərir. ANS açıldıqda yenə də həmin konsepsiyamıza uyğun olaraq fəaliyyətimizi davam etdirəcəyik - Azərbaycan xalqına qulluq və Azərbaycan dövlətçiliyinə sadiq olan bir jurnalistika məkanı kimi. Bu günə qədər biz bir sıra təşkilatlardan, məktublar alırıq, bizə müraciətlər var. Azərbaycanın hər guşəsindən bizə minlərlə müraciətlər olunur. Hətta bunu araşdırmaq və gündəlik bu işlə məşğul olmaq üçün xüsusi qrupumuz fəaliyyət göstərir. Hamının gözü yoldadır. Eyni zamanda bizim xarici partnyorlarımız, dostlarımız, müxtəlif jurnalistika təşkilatları da var. Bilirsiniz ki, biz Qafqazda ENEX-in yeganə nümayəndəsi idik ki, fəaliyyət göstərirdik. Hamı o günü gözləyir ki, ANS öz fəaliyyətinə qayıtsın. İnanırıq ki, bu məsələ müsbət həll olunacaq. Bütün ANSçilər, bütün Azərbaycan xalqı - ANSçilər dedikdə mən bütün Azərbaycan xalqını nəzərdə tuturam - inanıram ki, bu xoş günü görəcəklər.
BAKU.WS
Oxşar xəbərlər
ANS-dən xəbər var
Bu gün Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayəti üzrə qərardan verilən apellyas...