Tramp ölkəsini "faydasız" qurumlardan çıxarır - Bakının illərdir dediklərini Vaşinqton da təsdiqlədi

Tramp ölkəsini faydasız qurumlardan çıxarır - Bakının illərdir dediklərini Vaşinqton da təsdiqlədi
Şərh
Siyasət 195

İkinci dəfə prezident seçildikdən dərhal sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in fəaliyyətinə son qoyan Donald Tramp, bu dəfə ölkəsinin beynəlxalq agentliklərdə iştirakını lazımsız sayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bir çoxları üçün gözlənilməz olsa da, ABŞ Prezidenti ölkəsinin 66 beynəlxalq təşkilatdan, o cümlədən BMT-nin 31 qurumundan çıxması barədə qərar qəbul edib.

Sənədin mətnində deyilir ki, ABŞ-ın bu təşkilatların fəaliyyətində iştirakı ölkənin maraqlarına ziddir. Nə qədər qəribə səslənsə də, qərar məhz belə əsaslandırılıb və əslində burada qəribə heç nə yoxdur. Əvvəlki dünya düzəninin artıq "işləmədiyi" göz önündədir və bu təşkilatların bir çoxu yalnız kağız üzərində "fəaliyyət göstərirlər". Onların dünyada gedən proseslərə heç bir təsiri yoxdur və ya əksinə, zərərli təsirləri var.

Trampın üzvlükdən imtina etdiyi təsisatlar arasında Avropa Şurasının Venesiya Komissiyası, Ətraf Mühitin Mühafizəsi üzrə Əməkdaşlıq Komissiyası, Ukrayna Elm və Texnologiya Mərkəzi (nüvə, bioloji və kimyəvi silahların və onlarla əlaqəli texnologiyaların yayılmaması ilə məşğul olur), Beynəlxalq Demokratiya və Seçkilərə Dəstək İnstitutu, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA), 1992-ci il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası BMT-nin Beynəlxalq Hüquq Komissiyası, BMT-nin Beynəlxalq Ticarət Mərkəzi, BMT-nin Demokratiya Fondu və digərləri var.

ABŞ administrasiyası hesab ki, BMT-nin himayəsi altında fəaliyyət göstərən bir çox təşkilat ABŞ-ın milli maraqlarına zidd olan qlobalist, sol-liberal gündəmi təşviq edir. Daha əvvəl Tramp BMT-nin bir çox qurumlarının maliyyələşdirilməsini dayandırmış və ya azaltmış, təşkilatın özünü isə tənqid etmişdi.

Beləliklə o, özünün "Öncə Amerika" siyasətinə sadiqlik nümayiş etdirir. Qeyd etdiyimiz kimi, onun maraq doğuran ilk qərarlarından biri ABŞ Beynəlxalq İnkişaf Agentliyi – USAID-in vasitəsi ilə xarici ölkələrə edilən maliyyə yardımlarının dondurulması idi.

Rəsmi Vaşinqtonun maliyyəsi və göstərişi ilə fəaliyyət göstərən Beynəlxalq İnkişaf Agentliyi – USAID, dünyanın bir sıra yerlərində yardım adı altında əslində siyasi maraqlar güdən qurum kimi Azərbaycana da yaxşı tanışdır. Ən azı İkinci Qarabağ müharibəsində bu təşkilatın Bayden-Blinken administrasiyasının diktəsi ilə açıq-aşkar işğalçı Ermənistanı dəstəkləməsi unudulmayıb.

Tramp ölkəsini

Adları çəkilən qurumların tərk edilməsinin səbəbini ABŞ-də yox, BMT və onun alt təşkilatlarında axtarmaq lazımdır. Tramp və administrasiyası da anlayır ki, bu təşkilatlar keçmişdə qalıb, müasir çağırışlara cavab vermir, effektiv deyillər. Yenə də ortada Azərbaycan nümunəsi var. Ötən il rəsmi Bakı bir sıra qeyri-effektiv beynəlxalq təşkilatlarda fəaliyyətini dayandırdı. Bu sırada BMT-nin Qaçqınlar üzrə komissarlığı, UNDP kimi təşkilatların Bakıdakı ofisləri var idi.

Tərk edilən təşkilatlar sırasında Avropa Şurasının Venesiya Komissiyası xüsusi qeyd olunmalıdır. Bu təşkilat uzun illər Azərbaycana seçkilərlə bağlı "ağıl" öyrətməyə çalışır, dövlətin daxili işlərinə müdaxilə edirdi. Azərbaycan bu təşkilatlara üzv olanda üzərinə götürdüyü bütün öhdəlikləri vicdanla yerinə yetirdi, hətta milli qanunvericiliyinin hazırlanmasında onların tövsiyyələrini nəzərə aldı, məhkəmə-hüquq islahatları həyata keçirtdi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasını tanıdı, o cümlədən Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıq qurdu. Əvəzində isə onlardan ədalətsizlik, qərəzli münasibət, anti-Azərbaycan mövqe gördü. Hər dəfə də işin arxasından erməni lobbisi çıxdı. Bu qurumlar Azərbaycanın daxili işlərinə qarışmağa, diktə, şantaj və təhdid dilində danışmağa cəhdlər göstərdilər.

Ağız dolusu insan haqlarından danışan, bu mövzunu bir çox ölkəyə qarşı təzyiq alətinə çevirən Avropa təsisatları 30 il idi qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyona yaxın azərbaycanlının hüquqlarını görməzdən gəlirdi ki, bu da ikili standartların bariz nümunəsi idi. Və ya, məsələn, hansısa ölkəyə beynəlxalq hərbi müdaxiləni nəzərdə tutan BMT qərarları dərhal icra olunduğu halda, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri kağız üzərində qalmaqda davam edirdi. Özünü dünya siyasətinin mentoru kimi aparan beynəlxalq qurumlar isə işğalçı ilə işğala məruz qalan arasında nəinki fərq qoyulur, hətta əksinə, Azərbaycanı işğalın nəticələri ilə barışdırmağa çalışırdı.

Bu baxımdan rəsmi Bakı dəfələrlə BMT də daxil olmaqla bir çox beynəlxalq təsisatların qeyri-səmərəli olduğunu, bir çoxunun isə müəyyən qüvvələrin əlində təzyiq alətinə çevrildiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına verdiyi son müsahibəsində də bu mövzuya toxunub və artıq əvvəlki dünya nizamının mövcud olmadığını bəyan edib: "Mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan".

ABŞ kimi fövqəldövlətin bu qurumlarda üzvlüyünü dayandırması Azərbaycan Prezidentinin dediklərinin əyani təsdiqidir. Donald Trampın ölkəsinin onlarla beynəlxalq agentlikdə üzvlüyünün dayandırıldığını elan etməsi ümumilikdə dünyada çoxtərəfli diplomatiyanın böhranı anlamına gəlir.

Son xəbərlər