Tarixi quru yolu bərpa olunur: Naxçıvanın tranzit potensialı necə artacaq?
Naxçıvanın strateji coğrafi mövqeyinin yaratdığı imkanların tam reallaşdırılması baxımından ən mühüm istiqamətlərdən biri Zəngəzur dəhlizidir. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası, Türkiyə ərazisində isə Qars-Iğdır-Naxçıvan dəmir yolunun tikintisi davam etdirilir. Layihə reallaşdıqda muxtar respublika ölkənin əsas hissəsi ilə birbaşa quru bağlantısı əldə edəcək, Naxçıvanın tranzit, logistika və ticarət potensialı əhəmiyyətli dərəcədə artacaq. Beləliklə, Naxçıvanın əsrlər boyu malik olduğu strateji coğrafi mövqe yeni nəqliyyat imkanları ilə iqtisadi üstünlüyə çevriləcək.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyevin Naxçıvana səfərini Oxu.Az-a şərh edən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, Naxçıvan Azərbaycanın daxili siyasətində hər zaman xüsusi yer tutub.
O xatırladıb ki, tarixi proseslər nəticəsində Naxçıvan Azərbaycanın əsas hissəsindən kənarda qalıb:
"Sovet dövründə Naxçıvanla əlaqələr, onun sosial-iqtisadi inkişafı ilə bağlı məqamlar ölkə rəhbərliyinin diqqətində olub. Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi dövründə də Naxçıvan sürətlə inkişaf edib. I Qarabağ müharibəsində Ermənistanın işğalçılıq siyasəti muxtar respublikanı blokada vəziyyətinə salıb.
Bütün problemlər fonunda Naxçıvanın inkişafı hökumətin diqqətində olub və lazımi tədbirlər həyata keçirilib. Ulu öndərin Naxçıvan Ali Məclisinin sədri olarkən göstərdiyi səylər nəticəsində bölgənin Ermənistan tərəfindən işğalının qarşısı alınıb. Prezident İlham Əliyev də hakimiyyətə gəldikdən sonra Naxçıvan sürətlə inkişaf edib. İnfrastruktur yenilənib, yeni iqtisadi sistem təşəkkül tapıb, sahibkarlığa dəstək mexanizmi sürətlənib. Bir müddət əvvəl Prezidentin Naxçıvanda Xüsusi Nümayəndəliyinin yaradılması bir daha göstərdi ki, bölgə ilə bağlı məsələlər birbaşa Bakıdan həll edilməlidir".
Deputatın sözlərinə görə, Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Naxçıvanla quru yolunun təmin olunması (Zəngəzur dəhlizi - red.) ölkə rəhbərliyi üçün dövlətçilik məsələsi idi:
"Ermənistan buna bir müddət etiraz etsə də, sonradan Ağ Evdə Azərbaycan və Ermənistan arasında imzalanmış Birgə Bəyannamədə bu əksini tapdı. Beləliklə, Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru yolu bərpa olundu. Dövlət başçımızın bir neçə gün əvvəl Ağ Ev liderinə göndərdiyi məktubda da "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan yolun Azərbaycandan keçən hissəsində işlərin yekunlaşmaq üzrə olduğu vurğulandı. Ermənistan ərazisindən keçən hissənin ABŞ şirkəti tərəfindən uzunmüddətli icarəyə götürülməsi yola beynəlxalq marağın böyük olduğunu göstərir. Bu yolun işə düşməsi büdcəyə əlavə gəlir gəlməsi, yeni iş yerlərinin açılması deməkdir. Zəngəzur dəhlizi, həmçinin Naxçıvanın blokadan çıxmasına rəvac verəcək".
Oxşar xəbərlər
"Haber Global": Azərbaycan Prezidenti Naxçıvandan mühüm bəyanatlar verdi
"Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvana səfəri çərçivəsində mühüm mesajlar verib". BAKU.WS xəbər verib ki, bu barədə "Haber Global"ın yayımladığı videomat...