Siyasi şərhçi: "Cənubi Qafqazda sülhün əldə ediləcəyi ilə bağlı əminlik var"

Siyasi şərhçi: Cənubi Qafqazda sülhün əldə ediləcəyi ilə bağlı əminlik var
Video
Siyasət 17

ABŞ Prezidenti Donald Tramp avqustun 8-də Vaşinqton saatı ilə 14:30-da Ermənistan baş naziri Nikol Paşinyanla, daha sonra 15:20-də Prezident İlham Əliyevlə görüşəcək.

Bu barədə ABŞ-də olan siyasi şərhçi Əhməd Şahidov danışıb.

O bildirib ki, bu görüşlərdən sonra 3 liderin sənədlərə imza atacağı və media qarşısında açıqlamalar veriləcəyi gözlənilir. "Avqustun 8-də baş tutacaq görüşlə bağlı Vaşinqtonda müsbət atmosfer müşahidə olunur. Cənubi Qafqazda onilliklərlə davam edən müharibələrdən sonra sülhün əldə ediləcəyi ilə bağlı əminlik var", - deyə vurğulanıb.

"İlham Əliyevin ABŞ-yə budəfəki səfəri Azərbaycan-ABŞ münasibətləri baxımından, eləcə də Cənubi Qafqazda sülhə, inkişafa hesablanmış yeni geosiyasi vəziyyətin reallaşacağı ilə bağlı böyük ümidlər fonunda gerçəkləşir.

Sabah baş tutacaq görüşdə Cənubi Qafqazda sülhün, əməkdaşlığın əsasının qoyulacağı və dönüş nöqtəsinin olacağı bildirilir. Eyni zamanda sözügedən görüşdə Cənubi Qafqazda təkcə sülhlə bağlı deyil, həmçinin Azərbaycan-ABŞ arasında münasibətlərə dair sənədlər də imzalanacaq", - deyə o bildirib.

O bildirib ki, bu görüşdən sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına aparacaq çox mühüm sənəd imzalanacaq:

"Ermənistanla Azərbaycan niyyət protokolu statusunda sənəd imzalanacaq ki, bu da iki dövlətin bir-birinin sərhədini qarşılıqlı şəkildə tanıması deməkdir. Bununla da hər iki ölkə sərhədlərin toxunulmazlığı və bundan sonra bir-birinə qarşı ərazi iddiaları irəli sürməməklə bağlı öhdəliklər götürəcək".

Əhməd Şahidov əlavə edib ki, Donald Tramp və İlham Əliyev görüşü zamanı Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması ilə bağlı sabah ABŞ Prezidentinin Azərbaycan liderinə təkliflə çıxış edəcəyi bildirilir:

"Azərbaycanla İsrail arasında uzun illərə dayanan qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. İsrailin təhlükəsizliyinin və dünya ölkələri, xüsusilə Ərəb ölkələri ilə əməkdaşlığı daha da genişləndirmək baxımından "İbrahim sazişləri"nin siyahısını genişləndirmək ABŞ xarici siyasətində əsas kursdur. Bu baxımdan Azərbaycanın yerləşdiyi mürəkkəb geosiyasi durumu nəzərə alaraq ölkəmizin də "İbrahim sazişləri"nə qoşulması ABŞ-nin istəklərindən biridir", - deyə o qeyd edib.

Son xəbərlər