Şeyxülislam Allahşükür Paşazadə Forumda iştirak edib - FOTO

Şeyxülislam Allahşükür Paşazadə Forumda iştirak edib - FOTO
Foto
Siyasət 240

İyulun 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə “Böhran Vəziyyətində Dini Liderlərin Rolu” mövzusunda virtual Forumda iştirak edib.

Bu barədə BAKU.WS-ə QMİ-nin Mətbuat Xidmətindən məlumat daxil olub.

İSESKO, RABİTƏ Müsəlman Dünyası Liqasının və Müsəlman Cəmiyyətləri Beynəlxalq Şurasının həmtəşkilatçılığı ilə baş tutan onlayn tədbir Çad prezidenti Zati-aliləri Cənab İdris Debi İtnonun müraciəti ilə başlandı. Dünyada baş verən münaqişələrdə günahsız insanların qurban olaraq məhv olunması problemindən narahatlığını diqqətə çatdıran ölkə başçısı sülhün bərqərarının ümdə əhəmiyyət kəsb etdiyini xüsusi vurğuladı. O bildirdi ki, insanlar arasında harmoniyanın təminində din xadimlərinin rolu əvəzsizdir və bu baxımdan, tədbirin mövzusu uğurlu seçilmişdir. Mənəviyyat, etik problemlərin gündəmə gətirilməsini yüksək dəyərləndirən Çad prezidenti tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.

Forumun açılış hissəsində Misir Ərəb Respublikasının Vəqflər naziri və İslam işləri Ali Şurasının sədri Dr. Məhəmməd Muxtar Cümə, İslam Aləmi Liqasının baş katibi Dr. Məhəmməd Əbdülkərim Əl-İsa, Əl-Əzhərin şeyxi, Əl-İmam Əl-Əkbər Əhməd Ət-Tayyib, Müsəlman Cəmiyyətləri Beynəlxalq Şurasının sədri Dr. Əli Rəşid Əl-Nuaymi, İCESCO-nun baş direktoru Dr. Salim M. Əl-Malik çıxış etdilər.

Forumun açılış hissəsində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə tədbir iştirakçılarına Azərbaycan və ümumən Qafqaz müsəlmanlarının salamlarını yetirdi. Bəşəriyyətin XXI əsrdə üzləşdiyi ən təhlükəli təhdidlərdən olan koronavirus pandemiyası şəraitində belə bir forumun keçirilməsinin zəruri olduğunu bildirən QMİ sədri bu qlobal problemin törətdiyi fəsadların həyatımızın bütün sahələri, o cümlədən dini fəaliyyətimiz və mənəvi həyatımızdan da yan keçmədiyini xüsusi vurğuladı. Şeyxülislam A. Paşazadə pandemiyanın elan olunduğu ilk gündən başlayaraq Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdüyünü və bu çərçivədə 30-dan artıq dövlətə humanitar yardımlar etdiyini forum iştirakçılarının diqqətinə çatdırdı.

Cari ilin 4 may tarixində “Qoşulmama hərəkatının” sədri qismində Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə bu təşkilatın Təmas qrupu formatında video-konfrans vasitəsilə “COVİD-19-a qarşı birgəyik!” adlı Zirvə görüşü keçirildiyini xatırladan QMİ sədri bu gün beynəlxalq gündəmdə Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə BMT Baş Assambleyasının “COVİD-19”a həsr olunmuş xüsusi sessiyasının çağırılmasının yer aldığını bildirdi. QMİ sədri həmçinin forum iştirakçılarını Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə pandemiya ilə əlaqədar ölkə daxilində və onun xaricində çoxsaylı humanitar yardım və xeyriyyəçilik aksiyalarının keçirilməsi barədə məlumatlandırdı.

Şeyxülislam A.Paşazadə dini lider olaraq həmişə olduğu kimi pandemiya dövründə də dinlərarası ümumbəşəri həmrəyliyə çağırışlarını beynəlxalq müstəvidə dəfələrlə səsləndirdiyini, bu mövqeyi BMT Sizilizasiyalar Alyansının təşəbbüsü ilə keçirilən onlayn məsləhətləşmədə, “KAICIID” Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin təşkil etdiyi “Pandemiya dövründə zəifləri qorumaq” mövzusunda video konfransda, MDB ölkələri din xadimlərinin pandemiya probleminə həsr olunmuş tədbirlərində, eləcə də “İSESKO” Baş direktoru Salim Əl-Malik cənabları ilə keçirdiyi onlayn görüşdə bəyan etdiyini diqqətə çatdırdı. QMİ sədri bildirdi ki, indiki çətin dövrdə bəşəri həmrəyliyə, o cümlədən humanizm nümayiş etdirərək ehtiyacı olanlara dəstək vermək, insanların imanını möhkəmləndirmək və onların gələcəyə ümidini artırmaq dini liderlərin ümdə vəzifələrindəndir.

Şeyxülislam A.Paşazadə forum iştirakçılarının diqqətinə çatdırdı ki, pandemiyanın fəsadları şəraitində son günlər bədnam qonşumuz - Ermənistan tərəfindən Azərbaycanın bu ölkə ilə sərhəd bölgəsində yeni təxribatlar törədilərək atəşkəs rejimi pozulmuş, ərazilərimiz yenidən təcavüzə məruz qalmış, zabit və əsgərlərimiz, o cümlədən dinc əhali arasında tələfatımız olmuşdur. Şeyxülislam A.Paşazadə bununla əlaqədar Forum tribunasından bir daha dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət edərək Ermənistan-Azərbaycan Daqlığ Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə dəstək verməyə çağırdı.

Forum işini sessiyalarla davam etdirdi. “COVİD-19 böhranı ərəfəsində onun mənfi təsirlərinin aradan qaldırılması istiqamətində dini müəssisələrin ən yaxşı təşəbbüsləri və gördükləri praktiki işlər” mövzusunda birinci akademik sessiyada KAİCİİD-in baş katibi Dr. Feysəl Əl-Muəmmər, Üləmalar Ali Şurasının üzvü və Vəcdə (Mərakeş) Üləmaları yerli Şurasının sədri Dr. Mustafa Binhəmzə, Beynəlxalq Fiqh Akademiyasının baş katibi Dr. Əbdüssalam Əl-Əbbadi və b. məruzə etdilər.

Məruzələrin ümumi xətti bundan ibarət oldu ki, bütün səmavi dinlərdə əsas mənəvi insan dəyərləri üzrə inanclar mövcuddur ki, bu da insanlar arasında həqiqi əməkdaşlıq üçün bir təməl rolunu oynayır. Bəşər tarixi boyunca çətinlik və böhranların öhdəsindən gəlmək üçün mənəvi dəyərlər vacib rola malik olub. Müdriklik, yaxşılıq və inanc ətrafında formalaşmış həmrəylik və etik insan dəyərlərinin vahid irsi bu istiqamətdə fəaliyyətə rəvac vermiş və insan davranışını lazımi istiqamətə yönəltmişdir. Hazırkı COVİD-19 böhranında bu həmrəylik vahid etik dəyərlər sistemini formalaşdırmaqda bizə yardımçı olacaqdır.

Forumun bağlanış sessiyasında iştirakçıların yekun müraciətləri dinlənildi, tədbirin yekun bəyənnaməsi qəbul edildi. Bəyannamədə COVİD-19 pandemiyasının nəticələrini aradan qaldırmağa yönəlmiş tədbir və təşəbbüslərdən ilham alaraq, özündə xüsusi halları və inklüziv həll yollarını nəzərə alan, böhran və fəlakətlər üzrə qabaqlayıcı və təfərrüatlı praktiki proqramın hazırlanması məqsədilə gələcəyə yönəlik baxış və ideyalar üzərində razılığa gəlmək zərurəti vurğulanaraq bir sıra tövsiyələr yer aldı. Sənəddə inanc hüququ və dinlərə hörmət öhdəliyi, yaşamaq hüququ və sülh yaratmaq öhdəliyi, insan həmrəyliyi və ədalətli dünya iqtisadiyyatının birgə yaradılması öhdəliyi, həm sözdə, həm əməldə tolerantlıq mədəniyyəti göstərilməsi öhdəliyi, hüquq və vəzifələrdə gender bərabərliyi prinsipinə əməl edilməsi öhdəliklərinin zərurəti əksini tapdı.

Tədbirin sonunda islasa sədrlik edən İCESCO-nun baş direktoru Dr. Salim M. Əl-Malik QMİ sədri Şeyxülislam A.Paşazadəyə iştirakına və əhatəli məruzəsinə görə təşəkkürünü bildirdi.

Son xəbərlər