Şəhid anası 2-ci Fəxri Xiyabanda: "Vüqar, balam, ilk qarın yağır, üşümürsən?" - VİDEO

Şəhid anası 2-ci Fəxri Xiyabanda: Vüqar, balam, ilk qarın yağır, üşümürsən? - VİDEO
Video
Siyasət 1700

"Videodakı xanım şəhidimiz Kapitan Vüqar Nəcəfovun anasıdır. Dünən Bakımıza ilk sulu qar yağdı. Hər il sevinclə, həyəcanla ilk qarın yağmasını gözləyirdim. Bu yağan qar isə üzümü güldürmədi, əksinə ürəyimi yandırdı. Yeni dəfn olunmuş, hələ torpaqları qurumayan şəhid qardaşlarımızın üstünə yağırdı bu dəfəki ilk qar".

BAKU.WS xəbər verir ki, bu sözləri İTV-nin aparıcısı Jalə Həsənli sosial şəbəkə hesabında yazıb. O, 2-ci Fəxri Xiyabanı ziyarət edərkən şəhid anası ilə qarşılaşdığını dilə gətirib:

"2-ci Fəxri Xiyabana gedəndə bir məzarın başında ananın ağlaya-ağlaya "Vüqar, balam, ilk qarın yağır, üşümürsən?" - dediyini eşitdim... Çox ağır idi... Güclə addımladım, yaxınlaşdım, dərdləşdik, söhbətləşdik.

Söhbət əsnasında dedi ki, "qızım, o ilk xəbərdə sənin dediyin Füzulinin, Cəbrayılın kəndləri işğaldan azad olunanda mənim də oğlum həmin kəndlərin azad olunması uğrunda şəhid oldu".Boğazım düyünləndi... Necə təsəlli edəcəyimi, nə deyəcəyimi bilmədim... Sadəcə əlindən tutub doya-doya ağlaya bildim. Axı bundan sonra mənim də əlindən tutacağım bir anam yox idi...

Bu ilk qar həm də mənim anama yağırdı. Kapitan Vüqar Nəcəfovun anası Şəmsiyyə xanım oğlunu itirmişdi, mən qardaşlarımı... O, oğlunun məzarına tökülən qara ağlayırdı, mən yarım qalan arzulara...

Talelərə... Allah səbir versin. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Allah Azərbaycan əsgərini qorusun".

Son xəbərlər