Sərhədləri aşan diplomatiya: İlham Əliyevin dünya səhnəsində yeni rolu

Sərhədləri aşan diplomatiya: İlham Əliyevin dünya səhnəsində yeni rolu
Foto Açıqlama
Siyasət 76

"Azərbaycan Prezidenti İlham Əliyevin intensiv səfərlərlə müşayiət olunan iş qrafikinə nəzər yetirmək kifayətdir ki, xarici siyasətimizin hüdudlarının artıq regionu aşdığının şahidi olasan. Dövlət başçımızın yürütdüyü uğurlu xarici siyasət beynəlxalq nizama, mürəkkəb kombinasiyalarla dolu regionlara işıq salır".

Bu sözləri BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

Siyasi ekspert əlavə edib ki, yürüdülən siyasətin uğuru ondadır ki, alternativ siyasət variantları düzgün müəyyənləşdirilir:

"Bu məsələdə ümumi konsepsiyalar toplusunu nəzərə aldığımız qədər, prosesləri və aktorları da ayrı-ayrılıqda dəyərləndirməyi bacarırıq. Bu gün dünya siyasətində nəinki ümumi konsensus yox səviyyəsindədir, hətta razılıq dedikdə nəyin nəzərdə tutulduğuna dair konkret yanaşma belə mövcud deyil. Məhz bu mürəkkəb situasiyada Azərbaycan dünya siyasətində özünə yer tapmaqdan, reallıqlarını qəbul etdirməkdən də bir addım önə gedərək digər regionların problemlərinin həllində yaxından iştirak edir.

Sərhədləri aşan diplomatiya: İlham Əliyevin dünya səhnəsində yeni rolu

Xarici siyasət məqsədyönlü davranışdır. Bu cür davranışın uğuru və ya uğursuzluğu üçün şərtlərin müəyyən edilməsi öyrənilməli olan ən vacib mövzu olmasa da, ən azı onlardan biridir. Azərbaycan artıq şərtlər müəyyən edən, onunla hesablaşmalı olunduğunu qəbul etdirən aktordur. Siyasət alətlərimiz, onların hansı məqsəd və hədəflərə fokuslandığı məlumdur. Boşluğa yer buraxmayan, hər bir suala cavab verməyi bacaran isə Azərbaycan Liderinin siyasi savadı qədər, həm də şəxsi keyfiyyətləridir. Məhz bu amildir ki, Azərbaycana hörməti formalaşdırır".

Şəbnəm Həsənova qeyd edib ki, Yaxın Şərq olduqca mürəkkəb region olsa da çox bəsit suallarla hələ də üz-üzədir:

"Region milli kimlik və suverenlik, regional sistemin və nizamın qurulması arasında çırpınır. Bu regionda məkik diplomatiyasının toxunulmasına ciddi ehtiyac var. Məhz bu zərurət Azərbaycanın Yaxın Şərqdə daha aktiv iştirakına zəmin yaradır. Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur. Həmçinin təchizat marşrutlarının şaxələndirilməsində yaxından iştirak edir. Rolumuz və iştirakımız Azərbaycanın Türkiyə ərazisindən Suriyaya qaz nəql etməsindən sonra daha gücləndi. Məhz bundan sonra Azərbaycana olan etimad daha da artdı, onun yenidənqurma və bərpa təcrübəsindən daha yaxından maraqlanılmağa başlanıldı. Məhz bu kompleks amillər Azərbaycanın qlobal əhəmiyyətli məsələlərdə iştirakçı olmaqla kifayətlənməyib, proseslərə istiqamət verməsini təmin edir.

Sərhədləri aşan diplomatiya: İlham Əliyevin dünya səhnəsində yeni rolu

Azərbaycan vaxtilə həqiqətlərinin dünyaya çatdırılması üçün çırpınırdı, bu gün isə ayaq səslərimiz gur şəkildə Yaxın Şərqdən eşidilir. Xarici siyasətimizdə Yaxın Şərq olmaqla yeni bir istiqamət formalaşır. Sonuncusu Qırmızı dənizin sahilində Misirin kurort şəhəri Şarm Əl-Şeyxdə Sülh Sammitində iştirakı olmaqla oktyabr ayı ərzində cənab Prezident İlham Əliyevin dörd fərqli coğrafiyada dördüncü sammitdə iştirakı deməkdir. Bu siyasət regionun sərhədlərini aşaraq miqyası böyük dünya xəritəsinin üzərində böyüyür".

Politoloq sonda vurğulayıb ki, bütövlükdə 1-2 oktyabr tarixlərində Avropa Siyasi Birliyinin Kopenhagendə keçirilən Zirvə görüşü, 6-7 oktyabr Türk Dövlətləri Təşkilatının Qəbələdə baş tutan sammiti, ardınca 9-10 oktyabrda Müstəqil Dövlətlər Birliyinin Düşənbədə reallaşdırılan sammiti, ən son isə 12 oktyabr Şərm əl-Şeyxdə bütün dünyanın Yaxın Şərqdə sülhün bərqərar olunması üçün gözünü zillədiyi Sülh sammitində Azərbaycan Prezidentinin ən yüksək formada iştirakı, dövlət başçımızın vizyonuna, yanaşmasına olan maraq ondan xəbər verir ki, fərqli coğrafiyalarda, fərqli formatlarda iştirakımızla artıq dünya siyasətində boy göstəririk:

Sərhədləri aşan diplomatiya: İlham Əliyevin dünya səhnəsində yeni rolu

"İstər Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə, istərsə də Fransa lideri Emmanuel Makronla baş tutan görüşlərdə qarşı tərəflərin marağının, təşəbbüskarlığının əyani şahidi oluruq. Azərbaycan Lideri elə bir sistem formalaşdırıb ki, Azərbaycanın iştirakı olmadan, sözümüz, mövqeyimiz, duruşumuz nəzərə alınmadan heç bir layihə reallaşdırıla bilməz. Bununla belə uğurumuzun əsası qarşılıqlı hörmət və etimaddadır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Yaxış Şərq kimi mürəkkəb regionda güclü aktora çevrilir, fərqli baxış bucaqlarında, ziddiyyətli maraqlar reallığında ABŞ, ərəb ölkələri, İsrail tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur".

Orxan Hüseyn

Son xəbərlər