Səfir: Ümid edirəm ki, Rusiya Dövlət Duması bir gün Xocalı faciəsinə diqqət yetirəcək

Səfir: Ümid edirəm ki, Rusiya Dövlət Duması bir gün Xocalı faciəsinə diqqət yetirəcək
Siyasət 41

Ümid edirəm ki, gün gələcək ki, Rusiya Dövlət Duması Xocalı faciəsinə diqqət yetirəcək, ədaləti bərpa edəcək və həmin faciəli hadisələrin etirafı olacaq müvafiq qərar verəcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu tarix elmləri doktoru, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbirdə bildirib.

Diplomatın sözlərinə görə, Xocalı faciəsi müasir tarixdə dinc əhaliyə qarşı törədilmiş ən amansız cinayətlərdən biri olub. Səfir, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasını da xatırladıb: "Kampaniyanın başlanmasından 16 ildən çox vaxt keçib və o, kifayət qədər səmərəli olduğunu sübut edib. 18 ölkənin parlamentləri bu cinayəti insanlığa qarşı cinayət kimi pisləyib".

Səfir işğaldan azad edilmiş ərazilərin bərpası prosesindən də danışıb: "Sosial-iqtisadi həyatın bərpası və yenidən qurulması istiqamətində fəal iş aparılır. Məktəblər və infrastruktur obyektləri bərpa olunur, minalardan təmizləmə işləri aparılır".

R.Mustafayev Rusiyada və digər ölkələrdə yaşayan azərbaycanlıları Xocalı faciəsi ilə bağlı həqiqətləri bundan sonra da çatdırmağa çağırıb: "Ümid edirik ki, Rusiyada və digər ölkələrdə yaşayan soydaşlarımız bundan sonra da bu istiqamətdə fəal fəaliyyət göstərəcək, Xocalı faciəsi ilə bağlı həqiqətləri çatdıracaq, ədalət uğrunda mübarizə aparacaqlar".

Son xəbərlər