Sarksiyandan Bakıya müharibə hədəsi

Sarksiyandan Bakıya müharibə hədəsi
Siyasət 5320

 

Astanada Avrasiya İttifaqının Ali Şurasında çıxış edən Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın ünvanına hədə ilə danışıb və bu erməni ictimaiyyətində aprel döyüşlərində itirilmiş 800 hektarın geri qaytarılacağı barədə ümidlər yaradıb.

ANS PRESS-in məlumatına görə, Kamboca, Vyetnam və Sinqapurla "uğurlu” ticarət əlaqələrindən danışan Ermənistan prezidenti  daha sonra aprel günlərində qoşunların təmas xəttində baş vermiş döyüşlərə keçib və çıxışının 35%-ni Azərbaycanı təhdidə həsr edib. Aprel döyüşlərindən sonra Berlində Merkellə görüşdən sonra Ermənistan ordusunun köhnə silahlarla təchiz olunmasından, Azərbaycan ordusunun müasir texnologiyalara malik olmasından şikayətlənən Ermənistan prezidenti Astanada tam tərsinə danışıb. O iddia edib ki, Ermənistan ordusunun əks-hücumunu Rusiya dayandırıb və atəşkəsi Azərbaycan xahiş edib. 

Təbii ki, ermənilər özləri də vəziyyətin bu cür olmadığını bilir və hətta "Qarabağ” klanının çox nüfuzlu simaları Ermənistan ordusunun apreldə böyük məğlubiyyətə uğradığını bildirirlər. Məsələn, vaxtilə Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinə rəhbərlik etmiş Samvel Babayan vəziyyəti dəqiq izah edib:

"Aprel toqquşmalarını mən bliskriq (ildırım sürətli müharibə - red.) və ya müharibə adlandırmaq istəməzdim. Bu, diverisiya əməliyyatı idi və düşmən (Azərbaycan ordusu - red.) gözləmədən uğur qazandı… Azərbaycanlıların iki korpusunun rezerv briqadaları bizim mövqeləri ələ keçirdi… Fakt budur ki, bu mövqelər bir saat ərzində verildi”.

Yəni Samvel Babayan Azərbaycan tərəfinin dediklərin etiraf edir: Ermənistan ordusu təxribat hücumu edib və Azərbaycan tərəfi əks-hücumla cavab verib. Ermənistan ordusu o qədər zəif olub ki, bir saata strateji mövqeləri itirib. Amma buna baxmayaraq, Serj Sarkisyanın çıxışının Ermənistan siyasətçilərin və şərhçilərinə təsir etdiyini də görməmək mümkün deyil.

Məsələn, hakim Respublika Partiyasından olan deputat Lernik Aleksanyan iddia edib ki, hazırda aprel döyüşləri zamanı Ermənistan ordusunun itirdiyi 800 hektarın sentyabrın 1-ə kimi geri qaytarılması barədə danışıqlar gedir. 

Tanınmış şərhçi Naira Hayrumyan isə həmin 800 hektarın geri qaytarılmasını prezidentlərin iyunun sonuna nəzərdə tutulmuş görüşü ilə əlaqələndirib. Həmin 800 hektarı Ermənistanın öz ordusunu işğal zonasından çıxarması üzrə ilk addımı sayan Hayrumyan əvəzində Azərbaycanın Naxçıvanla Ermənistan arasında kommunikasiya xətlərini açmasının vacibliyini iddia edib: "Əgər yunda görüş baş tutmazsa, yaxud Azərbaycan cavab addımı kimi kommunikasiyaları açmazsa, Ermənistan nə edəcək? Belə olan halda, Ermənistan itirdiyi 800 hektarı baş tutmayan razılaşmanın "girovu" kimi geri qaytaracaqmı?"

Göründüyü kimi, general Samvel Babayanın açıqlaması ilə müqayisədə Lernik Aleksanyanın və Naira Hayrumyanın dedikləri utopik görünür. Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli ANS PRESS-ə müsahibəsində Astana görüşündə Serj Sarkisyanın lovğalıq etməsini və Ermənistanda ona yaxın siyasətçilərin fantastik iddialar irəli sürməsinin bir məqsədi olduğunu vurğulayıb:

"Belə görünür ki, Serj Sarkisyan prezidentlərin  iyunun sonlarına nəzərdə tutulmuş görüşündən imtina etmək fikrinə düşüb. Buna görə bu cür ədəbaz və utopik bəyanatlar səsləndirir. Məqsədi status-kvonun uzadılmasıdır. Öz hakimiyyəti dövründə torpaqların qaytarılması barədə hər hansı bir sənədə imza atmaq istəmir".

Qabil Hüseynlinin fikrincə, Serj Sarksiyanın bu cür manevr etməsinə Rusiyanın bəzi dairələrindən verilən dəstək də səbəb ola bilər: "Yəqin ki, Ermənistan Rusiyadan aldığı silahlarla ordusunu gücləndirməyə çalışır. Həmçinin diplomatik sahələrdə də müəyyən işlər görməyə çalışır".

Ermənistanın son addımları Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üzrə danışıqların perspekitivini şübhəli vəziyyətə gətirir. Aprel döyüşlərində ordusunun gücsüzlüyü ortaya çıxan və 1 saat ərzində 800 hektardan çox  ərazi itirən Ermənistanın danışıqlarda kommunikasiyaların açılmasını və işğaldan azad edilmiş ərazilərin yenidən nəzarətinə verilməsini tələb etməsi belə düşünməyə imkan verir.

Yaranmış durum Azərbaycan üçün yalnız bir yol qoyur - ordunun gücləndirilməsi üzrə işlər davam etdirilməli, Azərbaycan Qarabağda yalnız Ermənistanla deyil, onun havadarları ilə də vuruşmağa qadir olmalıdır.

BAKU.WS

Son xəbərlər