Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri: Qarabağdakı ziyarətgahların bərpasında Azərbaycana kömək edəcəyik

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri: Qarabağdakı ziyarətgahların bərpasında Azərbaycana kömək edəcəyik
Foto
Siyasət 28

Mən Qarabağda erməni işğalçıları tərəfindən təhqir edilmiş məscidləri və müsəlmanların müqəddəs yerlərini öz gözlərimlə gördüm, İslam dünyası onların bərpasında iştirak etməyə hazırdır.

BAKU.WS xəbər verir ki, bunu Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri, müfti Ravil Qaynutdin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşündə bildirib.

"Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarının azad edilməsi uğrunda ədalətli mübarizəsində onu ilk dəstəkləyənlərdən idik. Biz Azərbaycanın qələbəsinə sevindik, işğal olunmuş ərazilərin azad edilməsindən sonra ilk olaraq biz təbrik göndərdik. Bu, həm Azərbaycan Prezidenti, həm də Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilib", - R.Qaynutdin bildirib.

Müfti Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə dərin minnətdarlığını bildirib və onu böyük qardaşı hesab etdiyini vurğulayıb.

"Mən Şeyxülislam Allahşükür Paşazadəyə erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmək dəvətinə görə səmimi qəlbdən təşəkkür edirəm. Şuşa şəhərinin bərpa olunmuş məscidində namaz qılmaq mənim üçün xüsusi şərəf idi. Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etdiyi məsciddə Uca Allah mənə də namaz qılmaq imkanı verdi. Bu məscid möhtəşəm, saf, müqəddəsdir və orada İslam tarixinin ruhu hiss olunur".

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədri Qarabağda İslam irsinin bərpasının bütün İslam dünyası tərəfindən dəstəkləndiyini söyləyib: "İslam dünyası məscidlərin bərpasında Azərbaycana kömək etməyə hazırdır. Biz Rusiya müsəlmanları da bu xeyirxah işə qoşulacağıq. Bizim milyonlarla müsəlmana müraciət etmək, səylərimizi birləşdirmək və toplanan vəsaiti Qarabağdakı ziyarətgahların bərpasına yönəltmək imkanımız var".

R.Qaynutdin əlavə edib ki, əsl dostluq təkcə sülh dövründə yox, həm də çətin dövrlərdə sınanır.

"Dostlar təkcə sevincli vaxtlarda deyil, həm də çətin anlarda - evlərin və məscidlərin yenidən qurulması lazım olanda da orada olmalıdırlar. İnşallah duada da, mənəvi dəstəkdə də, real yardımda da azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Biz bilirik ki, İslam dünyası – Azərbaycanın dostları da dəstək verəcəklər", - o vurğulayıb.

Müfti əlavə edib ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin iştirakı ilə yaradılmış Beynəlxalq Müsəlman Forumu mütəmadi olaraq müxtəlif ölkələrin paytaxtlarında keçirilir. O, 2025-ci ildə forumun Bakıda keçiriləcəyinə ümidvar olduğunu deyib.

R.Qaynutdin həmçinin vurğulayıb ki, Rusiyanın müsəlman icması bu ilin mayında keçiriləcək İslamofobiya ilə Mübarizə üzrə Bakı Beynəlxalq Konfransını dəstəkləyir və onun həmtəsisçisi kimi çıxış etməyə hazırdır.

Öz növbəsində, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Müsəlmanları Ruhani İdarəsinin  Azərbaycan ilə Rusiya arasında dostluq və müttəfiqlik qarşılıqlı fəaliyyətinin möhkəmlənməsində mühüm rolunu qeyd edib, iki ölkənin müsəlman icmaları və digər konfessiyaları arasında dialoqun vacibliyini vurğulayıb.

Səfir iki ölkənin təhsil müəssisələri arasında dinlərarası və millətlərarası tolerantlıq və qarşılıqlı anlaşma mühitinin gücləndirilməsinə yönəlmiş birgə layihələrin həyata keçirilməsinin zəruriliyini də vurğulayıb.

Söhbət zamanı R.Mustafayev müfti R.Qaynutdinə və Rusiya Müsəlmanları Ruhani İdarəsinə Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyinə və Azərbaycana dəstəyinə görə təşəkkür edib.

Son xəbərlər