Rublla avro arasında çalxalanan seçkilər - ŞƏRH

Rublla avro arasında çalxalanan seçkilər - ŞƏRH
Şərh
Siyasət 65

Ermənistanda keçirilən seçkilər artıq bir xalqın öz gələcəyini müəyyənləşdirməsi prosesindən çıxaraq Qərblə Rusiya arasında geosiyasi rəqabətin meydanına çevrilib.

Bunu siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova BAKU.WS-ə açıqlamasında deyib.

Rublla avro arasında çalxalanan seçkilər - ŞƏRH

Politoloqun sözlərinə görə, seçki kampaniyası dövründə müxtəlif xoşagəlməz halların şahidi olunub:

"Ermənistanda seçkilər zamanı təlxəklik, tarixi danmaq, özünü inkar etmək, əsassız fikirlər və iddialar kimi hallarla qarşılaşdıq. Ən diqqətçəkən məqam isə seçki kampaniyasının ölkənin daxili problemləri və xalqın gələcəyi üzərində qurulmalı olduğu halda Azərbaycanın proseslərin mərkəzinə gətirilməsi idi. Görünür, başqa formada təbliğat aparmaq onlar üçün yetərincə məhsuldar hesab edilmirdi."

Ş.Həsənova bildirib ki, bu yanaşma Ermənistanın hələ də müstəqil siyasi baxış formalaşdıra bilmədiyini göstərir:

"Bu xalq hələ də müstəqil şəkildə gələcəyə baxa bilmir. Diqqətləri ya keçmişdə qalır, ya da inkişaf edən Azərbaycana yönəlir."

Politoloq seçki günü baş verən qanun pozuntularına da diqqət çəkib. Onun sözlərinə görə, səslərin pulla alınması, bölgələrdə saxlanılmalar və seçki komissiyası üzvlərinin həbs edilməsi barədə məlumatlar Ermənistanın rəsmi qurumları tərəfindən də təsdiqlənib:

"Bunu deyən biz deyilik. Ermənistanın Daxili İşlər Nazirliyi seçkilər zamanı pozuntularla bağlı siqnalların daxil olduğunu açıqlayıb. Seçki günü təkcə günorta saatlarınadək altı nəfər saxlanılıb. Bundan əlavə, iki seçki komissiyası sədri və bir katib də həbs olunub."

Ş.Həsənovanın fikrincə, bu proseslərə baxmayaraq, Avropa baş verən pozuntulara lazımi reaksiya vermir:

"Azərbaycanda istənilən məsələ ilə bağlı dərhal açıqlama verən tərəflərin Ermənistanda baş verən qanun pozuntularına susması artıq təəccüb doğurmur. Avropa yalnız öz maraqlarına uyğun olanda demokratiya və şəffaflıqdan danışır."

Politoloq hesab edir ki, Ermənistanda seçki prosesində qeydə alınan pozuntular obyektiv araşdırılmalı, Avropanın ölkəyə göndərdiyi müşahidə missiyası bu məsələlərə şəffaf yanaşmalıdır.

O, həmçinin Rusiyaya yaxın qüvvələrin seçki prosesinə maliyyə təsiri göstərməsi ilə bağlı iddiaların da ciddi araşdırılmasının vacibliyini vurğulayıb.

Şahanə Xankişiyeva

Son xəbərlər