Restoran sahibliyindən hərbi liderliyə - “Vaqner”in üsyankar rəhbəri PRİQOJİN KİMDİR?
Rusiya prezidenti Vladimir Putinin “şefi” kimi tanınan və Rusiya administrasiyasına qarşı üsyana başlayan “Vaqner”in qurucusu Yevgeni Priqojin bir çox ölkədə fəaliyyət göstərən “Vaqner” özəl hərbi qruplaşmasının Ukrayna müharibəsində rol oynaması ilə gündəmə gəlib.
BAKU.WS xarici KİV-ə istinadən hazırda dünya gündəmini zəbt edən bu şəxsin bioqrafiyasını sizlərə təqdim edir:
1 iyun 1961-ci ildə St. Sankt-Peterburqda anadan olan Priqojin gənclik illərində "oğurluq, fırıldaqçılıq və gəncləri cinayətə cəlb etmək" ittihamları ilə 12 il həbs cəzasına məhkum edilib.
O, azadlığa çıxdıqdan sonra Sankt-Peterburqda yaşayıb. Daha sonra şəhərdə restoran açıb və orada həmin dövrdə bələdiyyə sədrinin köməkçisi vəzifəsində çalışan Vladimir Putinlə dost olub.
Putinlə münasibətindən gəlirli dövlət tenderləri qazanmaq üçün istifadə edən Priqojin restoranında ona xidmət etdiyi üçün “Putinin aşpazı” ləqəbini qazanıb.
Zaman-zaman Priqojin mətbuat da daxil olmaqla ABŞ-də "trol fabriki" kimi tanınan İnternet Araşdırmaları Agentliyini (IRA) maliyyələşdirməkdə və 2016-cı ildə ABŞ-də keçirilən prezident seçkilərinə müdaxilə etməkdə ittiham olunub.
Uzun illər “Vaqner” özəl hərbi birləşməsi ilə əlaqəsini inkar edən 62 yaşlı Priqojin yanvar ayında nəhayət etiraf edib ki, Vaqner şirkətini qurub, idarə edir və maliyyələşdirir.
1981-ci ildə "oğurluq, fırıldaqçılıq və gəncləri cinayətə cəlb etmək"də təqsirli bilinən Priqojin 9 il həbsdə yatıb. 1990-cı ildə Priqojin sərbəst buraxıldıqdan sonra Sankt-Peterburq şəhərinə köçüb. Sankt-Peterburq “Apraşaka” bazarında sosiskalı sendviç satmağa başlayıb.
1991-ci ildən 1997-ci ilə qədər qida biznesinə yönələn Priqojin, keçmiş sinif yoldaşı Boris Spektor tərəfindən qurulan Sankt-Peterburqda ilk ərzaq şəbəkəsi olan “Contrast”ın 15 faiz səhmdarı və meneceri olub. Müxtəlif sektorlarda biznes quran Priqojin 1995-ci ildə restoran biznesinə girib və ortağı ilə birlikdə Sankt-Peterburqda "Old Customs House" adlı ilk restoranını açıb.
Sonradan, 1997-ci ildə "New Island" adı ilə qurulan "Prigojin" üzən restoranı şəhərin ən məşhur yeməkxanalarından birinə çevrilib. Partnyoru ilə biznesini genişləndirən Priqojin şəxsən Vladimir Putinə və Fransanın keçmiş prezidenti Jak Şiraka "New Island"da qulluq edib.
Sözügedən məkan 2002-ci ildə ABŞ prezidenti Corc Buşu qəbul edib. 2003-cü ildə isə Putin ad gününü bu restoranda qeyd edib. “The New York Times” yazır ki, Priqojinin şirkəti Rusiyanın keçmiş baş naziri və keçmiş prezidenti Dmitri Medvedevin və Putinin andiçmə mərasimi üçün verilən yeməklərin hazırlanmasına da cavabdeh idi.
Vaxt keçdikcə Priqojin Vladimir Putinlə yaxınlaşıb və 2003-cü ildə öz restoranını yaratmaq üçün ortaqları ilə yollarını ayırıb.
Priqojinin şirkətlərindən biri olan "Concord Catering" çoxsaylı dövlət tenderləri qazanmağa başlayıb. Rusiyada yerləşən Korrupsiyaya Qarşı Mübarizə Fondu Priqojinin 2017-ci ildə qeyri-qanuni sərvətinin bir milyard rubl dəyərində olduğunu iddia edib.
Digər tərəfdən Priqojinin 2016-cı il prezident seçkilərində ABŞ-nin “siyasi və sosial gərginliyi artırmaq üçün rəqəmsal kampaniyalar aparmağa çalışan rus trol fabriki” olaraq xarakterizə etdiyi İnternet Araşdırmaları Agentliyini maliyyələşdirdiyi iddia edilib.
Priqojin keçmiş rus kəşfiyyatçı Dmitri Utkinlə birlikdə Donbasda Rusiya tərəfindən maliyyələşən separatçılara dəstək olmaq üçün 2014-cü ildə “Vaqner” şirkətini təsis edib.
Əsasən məhkumlardan ibarət olan “Vaqner” hərbi qruplaşması Ukraynadan başqa Suriyadakı vətəndaş müharibəsi də daxil olmaqla, Yaxın Şərq və Afrikadakı müxtəlif münaqişələrə qoşun göndərib.
Britaniya kəşfiyyatının məlumatına görə, Ukraynada fəaliyyət göstərən "Vaqner"çilərin sayı 50 min nəfərdir. Bu da Rusiyanın ölkədəki ümumi gücünün dörddə biri deməkdir.
Rusiyanın Ukraynanın bəzi hissələrinə nəzarəti əldə etməsində mühüm rol oynadığını iddia edən “Vaqner”, həm də “müharibə cinayətləri” və insan haqlarının pozulmasında ittiham olunur.
“Vaqner”in qurucusu Priqojin dəfələrlə Rusiyanın müdafiə naziri Sergey Şoyqunu və baş qərargah rəisi Valeri Gerasimovu “səriştəsiz” adlandırıb və Ukraynada döyüşən “Vaqner” bölmələrinin bilərəkdən lazımi səviyyədə təmin olunmamasında günahlandırıb.
Rusiya Müdafiə Nazirliyi ad çəkmədən bildirib ki, Ukraynadakı “könüllü birləşmələr” iyunun sonuna kimi onunla müqavilə imzalamalıdır.
Bu addım hökumətin “Vaqner” üzərində daha çox nəzarəti əldə etmək cəhdi kimi qiymətləndirilib.
Nəhayət “Vaqner”in qurucusu Priqojin ötən gün - iyunun 23-də rus ordusunu “Vaqner”ə hücum təşkil etməkdə ittiham edib və cavab verməklə hədələyib. Daha sonra Rusiya administrasiyasına qarşı üsyana başlayıb. Federal Təhlükəsizlik Xidməti (FSB) "silahlı iğtişaş" maddəsi ilə cinayət işi açıb. Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada "Vaqner"in düşərgələrinə hücum edildiyinə dair iddialar təkzib edilib.
Oxşar xəbərlər
Ukrayna “Vaqner”in qiyamına münasibət bildirib: "Hər şey yeni başlayır"
“Rusiyada elitalar arasında parçalanma açıq-aydın görünür”. BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak...