QMİ 20 Yanvar faciəsinin ildönümü ilə bağlı videokonfrans keçirib - FOTO
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı videokonfrans keçirib.
BAKU.WS xəbər verir ki, tədbirdən əvvəl Qurani-Kərimdən ayələr oxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək deyib ki, dövlətimiz şəhidlərə və şəhid ailələrinə daim diqqət və qayğı göstərir.
20 Yanvar faciəsi barədə fikirlərini bölüşən komitə sədri qeyd edib ki, bugünkü gənclik o hadisələr barədə kitablardan, filmlərdən öyrənirlər. O dövrdə Azərbaycanda pərakəndəlik var idi. Bu faciəni törədən sovet hakimiyyətinin bir məqsədi var idi -xalqımızın azadlıq əzmini qırmaq. O vaxtkı sovet rəhbərliyi ermənipərəst mövqeyi ilə seçilirdi. Lakin Azərbaycan xalqının əzmini qırmaq mümkün olmadı. Ulu öndər Heydər Əliyevin hadisələrə sərt reaksiyası əhalidə böyük ruh yüksəkliyi yaratmışdı. Həmin hadisələr zamanı din xadimləri də böyük fədakarlıqlar göstərirdilər.
Sovet hakimiyyəti təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə belə qırğınlar törətmişdi. Lakin Bakıdakı faciə onların arasında ən dəhşətlisi idi. 20 Yanvardan sonra Azərbaycandakı xalq hərəkatı milli azadlıq hərəkatına çevrildi. 20 Yanvar ölkəmizin müstəqillik salnaməsidir və bizim üçün and yeri yaradıb. Bu, Şəhidlər xiyabanıdır. Bu and yerindən nümunə götürən xalqımız heç zaman Vətən uğrunda şəhadətdən qaçmır. 44 günlük Vətən müharibəsində də igid oğullarımız bu şəhidlik məktəbindən nümunə götürərək torpaqlarımızı erməni işğalından azad etdilər.
QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, heç şübhəsiz, şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisidir. Ermənistanın 28 il davam edən işğalçılıq siyasətinə Azərbaycan xalqı 44 gün davam edən Vətən Müharibəsi ilə son qoydu. Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi ədaləti bərpa edərək işğal altında olan ərazilərimizi azad etdi. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən azan səsi ucaldı. Müstəqil Azərbaycan dövləti qəhrəman övladlarının qanı bahasına İkinci Qarabağ savaşında qalibi oldu.
Qeyd edilib ki, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdır. Şəhidlərimiz, qazilərimiz bizim qürur mənbəyimizdir. Uca Yaradan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin.
Qarabağ Zəfəri Uca Allahın lütfü ilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin güclü siyasi iradəsinin, qəhrəman Azərbaycan Ordusunun şücaətinin və sarsılmaz xalq-dövlət birliyinin parlaq nəticəsidir. Azərbaycan xalqının bütün zümrələri, etnik və dini mənsubiyyətindən asılı olmayaraq vətəndaşlarımız Prezident, Ali Baş Komandan ətrafında birləşib Azərbaycanın dəmir yumruğuna çevrilib işğalçıya zərbə endirdilər. Dövlətimizin başçısı hər birimiz üçün əziz, müqəddəs məkan olan Şuşada din xadimlərinin, Azərbaycandakı bütün dini konfessiyaların bu müzəffər gücün yaranmasında rolunu yüksək qiymətləndirdi.
Biz, Azərbaycandakı bütün dini konfessiyaların rəhbərləri Vətən müharibəsi dövründə, hər zaman olduğu kimi, bir olduq, dövlətimizin haqlı mübarizəsinə, xalqın haqq işinə var-qüvvəmizlə yardımçı olmağa çalışdıq. Dünya ictimaiyyətinin qarşısına, informasiya savaşına vahid qüvvə kimi çıxdıq. Azərbaycan həqiqətlərini var gücümüzlə yaydıq, dünyanın bütün nüfuzlu dini mərkəzlərinə birgə müraciətlər edərək erməni tərəfinin yalanlarını, mənəviyyatsız təbliğatlarını puç edə bildik. Dini müstəvidə erməni kilsəsinin dinlə bir araya sığmayan ideoloji təhdidlərini heçə endirdik. Uca Yaradan Vətən müharibəmizin bütün şəhidlərinə rəhmət eləsin.
Azərbaycan dindarları və din xadimləri fəxr edirlər ki, cəmiyyətimizin bütün zümrələri kimi Vətən müharibəsinin ön və arxa cəbhələrində fəal şəkildə öz vətəndaşlıq borclarını və mənəvi missiyalarını yerinə yetirdilər. Ölkənin bütün bölgələrində din xadimlərimiz öz vəzifələrini yüksək səviyyədə yerinə yetirdilər. Xüsusən cəbhəboyu bölgələrin din xadimlərini qeyd etmək lazımdır. Qəhrəman şəhidlərimizin dini ayinlərini, dəfnini yüksək səviyyədə həyata keçirən qazılarımız, səlahiyyətli nümayəndələrimiz, imamlarımız gecə-gündüz şəhid ailələrinin yanında, onların mənəvi xidmətində oldular.
Xalqın yenilməz gücünü və tarixi ədalətin təntənəsini təmin edən bu siyasi iradəyə görə biz dindarlar dilindən və dinindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşlarına unudulmaz fəxarət anları yaşadan Zəfərin müəllifinə - Zati-aliləri İlham Əliyevə hədsiz minnətdarıq. Azərbaycan xalqı həqiqətən xoşbəxt xalqdır ki, onun taleyinə ulu öndər Heydər Əliyev kimi xilaskar lider, İlham Əliyev kimi müdrik dövlət xadimi, qalib sərkərdə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva kimi milli-mənəvi-dini dəyərlərimizin hamisi nəsib olub. Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinə görə İlham Əliyev həzrətlərinə və möhtərəm Mehriban xanıma bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını ifadə etməkdən şərəf duyuram.
Qalib xalqın Müzəffər Sərkərdəsi, Qarabağın, Şuşanın fatehi, ədaləti bərpa edən xalq qəhrəmanı İlham Əliyev həzrətləri "Qarabağ Azərbaycandır!" şüarı ətrafında səfərbər olan Azərbaycan xalqının adını ucaltdı, siyasi lider olaraq onun ən ülvi arzularını gerçəkləşdirərək öz adını tarixin salnamələrinə həkk etdi. Azərbaycanı qalib ölkə, Azərbaycan xalqını zəfər çalmış xalq yüksəkliyinə qaldıran, ata vəsiyyətini yerinə yetirmiş Zati-aliləri hər bir siyasi xadimin arzu etdiyi ən böyük mükafatı-xalqının dəstək və həmrəyliyini, sonsuz məhəbbət və dərin etimadını qazandı.
Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Qafqaz Müsəlmanları İdarəsi dini mərkəz olaraq ümummilli mənafe kəsb edən məsələlərdə, dövlətimiz üçün taleyüklü məqamlarda malik olduğu geniş beynəlxalq əlaqələrindən hər zaman dəyərli şəkildə istifadə edib. "Vətən Müharibəsinin ilk günlərindən Azərbaycan xalqına mənəvi dəstəyimizin ifadə olunduğu xalqa müraciətimizi bəyan etdik. Ardınca QMİ ölkəmizdəki dini konfessiyaların rəhbərləri ilə birgə Azərbaycan Prezidentinə ünvanlı həmrəylik müraciətini imzaladı.
QMİ sədri olaraq Roma Katolik Kilsəsinin başçısı Zati-müqəddəsləri Papa Fransisk həzrətlərinə, Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və bütün Rusiya Patriarxı Zati-müqəddəsləri Kiril həzrətlərinə, Ümumgürcüstan Katolikos-Patriarxı Zati-müqəddəsləri II İlya həzrətlərinə, Türkiyə Cümhuriyyətinin Diyanət İşləri Başkanı Ali Erbaşa, İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, Əl-Əzhərin Şeyxi Əhməd Ət-Tayyib, Beynəlxalq İslam Üləmaları İttifaqının baş katibi Əli Muhyiddin Əl-Qaradaği, İslam Aləmi Liqasının baş katibi Məhəmməd Əbdülkərim Əl-İsa, Beynəlxalq İslam Xeyriyyə Fondunun idarə heyətinin sədri Abdullah Mətuq Əl-Mətuq, Amerika Əsas Yəhudi Təşkilatları konqresinin vitse-prezidenti Malkolm Honlayn, ABŞ Simon Vesental mərkəzinin başçısı Abraham Kuper, Beynəlxalq Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayer daxil yüzə yaxın tanınmış şəxsiyyətlərə, müxtəlif din və ictimaiyyət xadimlərinin ünvanlarına müvafiq məktublar yolladım.
İmzam ilə beynəlxalq təşkilatların ünvanına - BMT Baş Katibi Antonio Quterreşə, ATƏT-in hazırda fəaliyyətdə olan sədri Edi Ramaya, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Yusif bin Əhməd Əl-Useyminə, ICESCO, İRSİKA rəhbərlərinə ətraflı, müfəssəl məlumatların yer aldığı məktublar göndərilib.
Rəhbəri olduğum Şimali Qafqaz Xalqları Ali Dini Şurasının xətti ilə, habelə Direktorlar Şurasının üzvü olduğum KAİCİİD Beynəlxalq Dinlərarası Dialoq Mərkəzinin keçirdiyi, həmçinin digər çoxsaylı videokonfranslarda Azərbaycan Prezidentinin qətiyyət və əzminə dəstək olaraq ədalətli Vətən savaşımızın həqiqətlərini yaymışıq. İƏT, ICESCO, BMT-nin Sivilizasiyalar Alyansının rəhbərləri ilə videogörüşlər keçirmişəm. Türkiyəyə səfərim çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının mötəbər toplantısında iştirak etmişəm. Postsovet məkanı, Mərkəzi Asiya respublikaları, dünyanın bütün qitələrindəki qardaşlarımızla ünsiyyətdə olmuşuq.
Qafqaz Müsəlmanları İdarəsinin ünvanına Vətən savaşı günlərində dünyanın müxtəlif ölkələrindən daxil olan dəstək zəngləri, həmrəylik məktubları Azərbaycanın haqlı mübarizəsinə dayaq olub, informasiya cəbhəsində qələbəmizə töhfəsini verib.
Erməni tərəfinin işğalda olan ərazilərimizdə dini-mənəvi irsimizə qarşı həyata keçirdiyi vandalizm aktlarının miqyas və mahiyyəti barədə məqamları dünya ictimaiyyətinin, dini mərkəzlərin diqqətinə çatdırmaq QMİ-nin son dövr fəaliyyətində prioritet istiqamətlərdən biridir. Məscidlərimizin dağıdılması, həqarət olunması faktlarını, xristian məbədlərinin tarixi mənşəyinin saxtalaşdırılması kimi halları geniş dini ictimaiyyətə çatdırılması və erməni kilsə başçılarının - katalikoslar II Qaregin, I Aramın məsuliyyətsiz bəyanat və din adına yaraşmayan hərəkətlərinə dair dini mərkəzləri məlumatlandırmaq, onların davranışlarının qınanılmasına nail olmaq üçün əlimizdən gələni əsirgəməmişik", - deyə QMİ sədri əlavə edib.
Bildirilib ki, Vətən müharibəsi şəhidlərinin dəfn və anım mərasimlərinin təşkil edilməsi, din xadimlərinin fəaliyyətinin koordinasiya olunması işləri ilə bağlı müvafiq komissiya yaradılıb. Komissiyanın qərarı ilə dinindən asılı olmayaraq bütün Vətən müharibəsi şəhidlərinin yaşadığı yer üzrə və ya ümumi şəhidlər məzarlığında dəfn və anım mərasimlərinin təşkilində din xadimlərinin fəal iştirakı təmin edilib. Din xadimlərinin cəbhə bölgələrinə çoxsaylı səfərləri təşkil edilib. Bu səfərlər zamanı Qafqaz Müsəlmanları İdarəsinin ayırdığı maliyyə vəsaitləri, toplanan ianələr və din xadimlərimizin şəxsi vəsaitləri hesabına alınmış ərzaq və qeyri-ərzaq malları, əsgərlərimizə lazım olan ləvazimatlar hərbçilərimizə hədiyyə edilib.
Şəhid ailələrinin və qazilərin problemlərini aradan qaldırmaq məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin ayırdığı maliyyə vəsaitləri hesabına alınan yardımlar ünvanlarına çatdırılıb.
Komissiyanın tapşırığı ilə şəhid və qazi ailələrinin ziyarəti bu gün də davam etdirilməkdədir.
Komissiyanın ciddi ilə 1958 şəhidin son mənzilə yola salınması prosesində təchizat işlərinin maliyyə xərcləri QMİ tərəfindən təmin edilib. 816 şəhidin son mənzilə yola salınması prosesində təchizat işlərinin maliyyə xərcləri yerli İcra Hakimiyyəti ilə birgə təmin edilməklə həyata keçirilib.
QMİ-nin sədri qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri - vəhşicəsinə dağıdılmış şəhər və kəndləri seyr etmək nə qədər ağır olsa da, həmin məkanların tezliklə bərpası ilə bağlı nəzərdə tutulan genişmiqyaslı quruculuq işləri barədə dövlətimizin başçısının fikirləri bizi hədsiz sevindirir. Əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları möhtərəm Prezidentimizin rəhbərliyi ilə öz yeni və gözəl görkəmi ilə hər birimizi sevindirəcək. Dövlətimizin başçısının ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə bərabər Ağdam məscidini, Şuşadakı məscidləri ziyarəti hər birimizin qəlbində uca mənəviyyat örnəyi kimi həkk olundu. Əminəm ki, Azərbaycan və bütün dünya tezliklə görülən tədbirlərin sayəsində pandemiya bəlasından da qurtulacaq, həyat öz axarına qayıdacaq, məscidlər və ibadətgahlarımız öz fəaliyyətini bərpa edəcək və həmin məbədlərdən dindarların ibadət səsləri yüksələcək.
Azərbaycandakı dini konfessiyaların rəhbərləri və QMİ-nin Qazılar Şurasının üzvləri çıxış edərək Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə tarixi, Qanlı Yanvar faciəsinin başvermə səbəbləri və nəticələri barədə məlumat veriblər. Bildirilib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gündür. Bu qanlı hadisə Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biridir. Faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev Qanlı Yanvar qırğınını törədənləri kəskin şəkildə pisləyən bəyanatla çıxış edib. 1993-cü ildə xalqın israrlı tələbi ilə hakimiyyətə yenidən qayıtdıqdan sonra Ümummilli Liderin təşəbbüsü ilə bu hadisəyə siyasi-hüquqi qiymət verilib, Milli Məclis həmin tarixi Ümumxalq Hüzn Günü elan edib. Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri və zirehli texnikası heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq günahsız mülki şəxslər amansızcasına qətlə yetirilib. 20 Yanvar hadisələri beynəlxalq hüquqa əsasən beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayətdir.
Beynəlxalq ictimaiyyət bu kimi faciələrə layiqli hüquqi qiymət verməlidir.
Tədbirdə ölkəmizdəki müxtəlif dini konfessiyaların rəhbərlərinin adından 20 Yanvar faciəsi ilə bağlı bəyanat oxunub.
Videokonfransda, həmçinin Qazılar Şurasının yeni tərkibi də təsdiqlənib.
Sonda Vətən müharibəsi dövründə xüsusi fədakarlıq göstərən din xadimləri təltif ediliblər.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyeva Füzuli hava limanının təməlqoyma mərasimində - VİDEO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzu...