Qərbi Azərbaycan Xronikası: SSRİ-də repressiyaya məruz qalanların çoxu Azərbaycandan idi

Qərbi Azərbaycan Xronikası: SSRİ-də repressiyaya məruz qalanların çoxu Azərbaycandan idi
Siyasət 23

Bu gün "Baku TV"də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış efirə gedib.

Aparıcı Ellada Sarvanın müsahibi Əməkdar rəssam, Rəssamlar İttifaqının üzvü, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Rais Rəsulzadə olub.

O, Azərbaycan torpaqlarının bölünməsi, indiki Ermənistan dövlətinin yaradılması, Qafqaz xalqlarının tarixi taleyində Rusiyanın rolu və hayların Qafqaza gəlişi ilə bağlı fikirlərini bölüşüb: "1828-ci ildə ermənilərin Azərbaycana kütləvi şəkildə köçürülməsinə başlandı. Ermənilərin arzusu yad torpaqlar hesabına öz dövlətlərini yaratmaq olub. Rəvan xanlığı Rusiya imperiyasının sayəsində erməni bölgəsinə çevrildi. 1918-ci ilin martında 10 mindən çox azərbaycanlı həlak oldu".

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin nəvəsi və Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədri olan R.Rəsulzadə Qazaxıstanda dünyaya göz açdığını, özünün və ailələrinin repressiyalara məruz qaldığını bildirib: "Sovet dövründə repressiyaya məruz qalan ailələr xüsusi düşərgələrə yerləşdirildi. SSRİ-də repressiyaya məruz qalanların çoxu Azərbaycandan idi. O vaxt sürgündən qayıtdıqdan sonra gizlicə zirzəmidə yaşadım".

Onun sözlərinə görə, Rusiyada kapitalizmin inkişafında Bakı şəhərinin böyük rolu olub.

Əməkdar rəssam Qərbi azərbaycanlıların Vətənə qayıdışının reallığa çevrilməsi üçün aparılan bugünkü siyasəti yüksək dəyərləndirib və deyib ki, bu qayıdış nə zamansa mümkün olacaq: "Çünki Vətən sevgisi çox güclü bağlılıqdır".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Son xəbərlər