Qərbi Azərbaycan Xronikası: Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd
Siyasət 49

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Azərbaycanlı əhalisi erməni kimi göstərilən kənd" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, süjetdə ermənilərin saxta addəyişmə terroruna məruz qalan Aralıq Kolanlı, Aralıq Oxçu, Arbat toponimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan qədim türk tayfalarının yaşadığı mühüm coğrafi məkandır və əsrlər boyu bu ərazidəki yurd yerlərinin türklərə məxsusluğu bütün mənbələrdə əksini tapır.

Bu toponimlər qədim dövrlərdən türk torpaqları olan Qərbi Azərbaycanın çox zəngin tarixi, burada yaşayan əhalinin isə dərin kökünü və irsini göstərən nümunələrdir: "Ona görə ta qədimdən yaşayıb məskən salan insanların doğma yurda qayıtması və irsinə sahib çıxması qaçılmazdır".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlərdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Son xəbərlər