Qərbi Azərbaycan Xronikası: Aşağı Kilsə - Böyük Qarakilsənin qədim məskəni

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Aşağı Kilsə - Böyük Qarakilsənin qədim məskəni" adlı süjet hazırlanıb.
Bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Aşağı Kəhriz, Aşağı Kilsə, Aşağı Girətağ toponimi haqqında söz açılır. Bildirilir ki, ermənilər istər sovet dönəmində, istərsə də dırnaqarası müstəqilliyə qovuşandan sonra da bəd əməllərindən əl çəkməyərək Qərbi Azərbaycan ərazisindəki yüzlərlə tarixi türk izlərini dəyişməklə məşğul olublar.
Aşağı Kəhriz - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayon ərazisində kənd olub. 1897-ci ildən burada azərbaycanlılar yaşayıblar. 1905-1906-cı illərdə kənd ləğv edilərək xarabalığa çevrilib.
Aşağı Kilsə - Pəmbək mahalının Böyük Qarakilsə, sonralar Quqark adlandırılan rayonda kənd olub. Tarixən Böyük Qarakilsə rayonunda Kilsə kəndi olub. Sonra Kilsədən ayrılanlar yeni saldıqları kəndin adını Aşağı Kilsə qoyublar. 1988-ci ilin dekabrında ermənilər kəndə hücum edərək azərbaycanlıları qırğınlarla qovublar.
Aşağı Girətağ - Zəngəzur mahalının Qafan rayonunda kənd adıdır. Qafqazın 5 verstlik xəritəsində adı Kirətaq formasında qeyd edilib. Tarixən Zəngəzur qəzasında Girətağ adlı kənd olub. Sonralar bir qrup kənd sakini Girətağın yaxınlığında saldıqları kəndi Aşağı Girətağ, Girətağın özünü isə Yuxarı Girətağ adlandırıblar. Burada 1897-ci ildən məskən salan azərbaycanlılar 1918-ci ildə deportasiya olunublar. 1920-ci ildə kənd sakinlərinin bir hissəsi doğma yurda dönsələr də, 1988-ci ilin noyabrında tamamilə tarixi-etnik torpaqlarından çıxarılıblar.
Sonda vurğulanıb ki, Qərbi Azərbaycan ərazisində əhalisi zor tətbiq edilərək qovulduqdan sonra qədim toponimlər müxtəlif vasitələrlə yadlaşdırılıb: "Amma bu yadlaşma heç vaxt əbədi ünvan qazana bilməz. Çünki Qərbi Azərbaycan reallığı tarixin gerçəkliyidir və Ermənistan hakimiyyətinin gözdən çıxara bilmədiyi ciddi, aktual məsələdir".
Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Berdiməhəmmədovun qızı Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun qızı Oquldjaxan Atabayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan...