Qarşıya qoyulan hədəflər ölkəni innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır

Qarşıya qoyulan hədəflər ölkəni innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır
Siyasət 13

BMT-nin uşaq hüquqlarına məsul təşkilatı UNICEF-in məlumatına görə, təxminən hər 10 uşaqdan biri valideynləri ilə yanaşı, süni intellektdən onu narahat edən məsələlərlə bağlı məsləhət almaq üçün istifadə edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentdə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, UNICEF-ə əsasən, sorğu keçirilən ölkələrdə uşaqların 50%-dək hissəsi süni intellektdən istifadə edir. Səbəb sadədir, uşaqlar süni intellektdən böyüklərdən üç dəfədən çox sürətlə mənimsəyirlər:

"Dünyada 5,5 milyard internet istifadəçisi və 5 milyarddan çox sosial media istifadəçisi var. Qlobal miqyasda da, milli çərçivədə də rəqəmsallaşma çox sürətlə gedir. Ona görə ailə, məktəb, cəmiyyət, özəl tərəfdaşlıq və dövlət əlaqələndirilmiş fəaliyyət həyata keçirməlidir. Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi dövlətimizin əsas hədəflərindəndir. Prezident İlham Əliyevin müəyyən etdiyi bu strateji xətt Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında da vurğulandı. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi bu iclasda 2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planında ölkənin rəqəmsal transformasiyasının strateji istiqamətləri müəyyənləşdirilib".

Deputat söyləyib ki, Rəqəmsal İnkişaf Şurasının ilk iclasında təqdim olunan prioritetlər göstərir ki, Azərbaycanın rəqəmsal inkişaf strategiyası artıq yalnız elektron hökumət xidmətlərinin genişləndirilməsi, iqtisadiyyatın, dövlət idarəçiliyinin rəqəmsallaşdırılması ilə məhdudlaşmır:

"Qarşıya qoyulan hədəflər ölkənin qlobal texnologiya ekosisteminə inteqrasiyasını sürətləndirmək, beynəlxalq investorlar üçün rəqabətqabiliyyətli innovasiya mühiti formalaşdırmaq və Azərbaycanı regionun texnologiya və innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır.

Bu məqsədlə Fəaliyyət Planında beynəlxalq təcrübəyə əsaslanan qanunvericiliyin formalaşdırılması da nəzərdə tutulur. Milli Məclis yalnız sonuncu iclasında Rəqəmsal İnkişaf Şurasınıəda müəyyən edilən hədəflərə çatmaq üçün 30-a yaxın qanun və məcəllədə dəyişikliklər etdi, yeni qanun qəbul etdi.

Hesab edirəm ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması ölkəmizdə bu sahədə dönüş mərhələsi kimi xarakterizə oluna bilər".

Son xəbərlər