Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY

Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY
Foto
Siyasət 45

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının göstəricisidir.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən 2026-cı il üzrə İllik Toplantılarında səsləndirdiyi fikirlər Azərbaycanın milli maraqları, regional təhlükəsizlik və postmünaqişə dövrünün reallıqları baxımından xüsusi əhəmiyyət daşıyır:

"Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma prosesinə başlamış, bu istiqamətdə 17 milyard ABŞ dollarına yaxın investisiya yönəltmişdir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda təxminən 90 min insanın yaşaması, işləməsi və təhsil alması həyata keçirilən dövlət siyasətinin real nəticəsi kimi qiymətləndirilməlidir".

Deputat bildirib ki, dövlət maraqları baxımından bu proses, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün yalnız hərbi-siyasi deyil, həm də sosial-iqtisadi müstəvidə tam təmin olunmasını nümayiş etdirir:

"Uzun illər işğal altında qalmış ərazilərin yenidən məskunlaşdırılması, müasir şəhər və kəndlərin salınması, nəqliyyat-kommunikasiya xətlərinin, enerji və su infrastrukturunun qurulması həmin torpaqların ölkənin ümumi inkişaf sisteminə inteqrasiyasını sürətləndirir. Bu isə Azərbaycanın milli təhlükəsizliyinin möhkəmlənməsinə, regionda dayanıqlı sabitliyin təmin olunmasına və strateji nəzarətin güclənməsinə xidmət edir".

Qarabağ və Şərqi Zəngəzurdakı layihələr Azərbaycanın iqtisadi gücünü əks etdirir - RƏY

Vasif Qafarov qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi potensialının və maliyyə imkanlarının göstəricisidir:

"Müharibədən çıxmış bir dövlətin qısa müddət ərzində milyardlarla dollar həcmində investisiya yatıraraq beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, enerji obyektləri və yaşayış məntəqələri inşa etməsi ölkənin iqtisadi dayanıqlığını və strateji planlaşdırma qabiliyyətini nümayiş etdirir. Bu, həm də xarici investorlar və beynəlxalq maliyyə institutları üçün Azərbaycanın etibarlı tərəfdaş imicini daha da gücləndirir".

Milli Məclisin üzvü söyləyib ki, dövlət başçısının çıxışında xüsusi vurğulanan məqamlardan birinin də Azərbaycanın müharibədən sonra sülh təşəbbüsü ilə çıxış etməsidir:

"Azərbaycanın qalib tərəf olmasına baxmayaraq, regionda yeni qarşıdurma deyil, əməkdaşlıq və inkişaf mühitinin formalaşdırılmasını təşviq etməsi dövlətimizin məsuliyyətli və uzaqgörən siyasətinin göstəricisidir. Bu yanaşma Cənubi Qafqazın iqtisadi inteqrasiyasına, nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və regionun beynəlxalq investisiya məkanına çevrilməsinə xidmət edir. Azərbaycanın sülh gündəliyinə sadiqliyi beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanır və ölkəmizin diplomatik mövqelərini gücləndirir".

Deputat həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasının, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının, böyük həcmli investisiyaların həyata keçirilməsinin və Azərbaycanın sülh təşəbbüslərinin dövlət maraqları baxımından strateji əhəmiyyət daşıdığını ifadə edib:

"Bu siyasət ölkənin suverenliyinin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətləndirilməsinə, regional liderlik mövqeyinin güclənməsinə və gələcək nəsillər üçün təhlükəsiz, sabit və firavan Azərbaycanın formalaşmasına xidmət edir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri təkcə bərpa prosesi deyil, həm də Azərbaycanın yeni inkişaf mərhələsinin və milli qürurunun təcəssümüdür".

Son xəbərlər