Qadın nə SEKS KUKLASI, nə də MƏTBƏX ROBOTU deyil! - Yeganə Cansail yazır

Qadın nə SEKS KUKLASI, nə də MƏTBƏX ROBOTU deyil! - Yeganə Cansail yazır
Siyasət 3164
Gözümüzü açandan hər şeyin yaxşısını başqaları üçün etdik. Bizə uşaqlıqdan “dinmə”, “səsini kəs”, “böyük danışanda uşaq danışmaz”, “yum ağzını” və s. bu kimi sözlər təlqin edildi. Psixoloji təzyiq altında böyüdük və hələ də davam edirik. Bizim cəmiyyətdə, xüsusilə də əyalətlərdə qız uşaqları “olmaz”larla barışıb sıxıcı bir həyata məhkum olurlar. Elə səbəblərdən biri də budur ki, ər, ata evindən paytaxta qaçanların sayı günü gündən çoxalır. Deyəcəksiz ki, xeyr, onları Bakıya gətirən, vədlər verən adamlar var. Tamam, olsun. Ortada bir xəyanət faktoru var. Bunun da bir ayrı səbəbləri var. Mənimsə danışmaq istədiyim mövzu hələlik qadın xəyanəti deyil. Ailədə bizə kişinin yerini və vəzifəsini hər zaman xüsusi vurğulayıblar. Ərə getmiş qadın hər gün evini təmiz saxlamalı, yemək bişirməli, ər evə gələndə baxımlı formada onu qarşılamalı (əks halda xəyanətə məruz qalar), əri bütün mənalarda razı salmalı, evdə körpəsi varsa səhərə qədər yuxusuna haram qatıb onu yatırtmalı və səhər yenə eyni işlər təkrar olunmalıdır. Axı niyə? Qadın nə SEKS KUKLASI, nə də MƏTBƏX ROBOTU deyil!!! Qadının da duyğuları, istəkləri, arzuları və qurmaq istədiyi işləri var axı. Müasir dünyamızda bu gün qadınlar, siyasətlə, iqtisadiyyatla və digər sahələrdə uğurlar qazanır. Təhsil səviyyəsini inkişaf etdirir. Lakin bu həqiqət regionlarda o qədər zəif şəkildə inkişafdadır ki, hətta deyil... Qadınların həyatı olduqca sıxıcı və məşəqqətlidir. Biz qadınlar əksər hallarda xoşbəxtliyimizi bir kişinin həyatından asılı edirik. Onsuz heç kimə lazım olmayacağımızı, uşaqla ortada qalacağımızı düşünüb depresiyyaya düşürük. Özgüvən səviyyəmiz o qədər aşağıdadır ki, özümüzə nəinki dəyər verir, heç bu barədə düşünmürük də. əziz qadın, sənə dəyən o iyirmi bıçaq mənim ürəyimə batıb. Sənin üzünə dəyən şillələr mənim gözlərimə həkk olunub, sənə deyilən təhqirlər mənim qulağımda əks verir. O sənə dəyən birinci bıçaq bizə kol-kos düşüncələrini sırıyan adamların idi. Biz öz çinar fikirlərimizdən qorxub onların tikanlı koluna məhkum etdik özümüzü. Kaş ki, bir az savadlansaydıq...O ikinci bıçaq böyüklərin sözünü kəsmədiyimiz üçün sənə batırılmışdı. Kaş ki, atamız “qız nədi, oxumaq nədi” deyib bizi 9-cu sinifdən çıxarıb evdə oturdanda, ya ərə verəndə etiraz edə bilərdik! O üçüncü bıçaq isə sevmədiyimiz kişilərə ərə getdiyimiz üçün vurulmuşdu sənə! Kaş ki, heç onlardan uşaq dünyaya gətirməzdik. Kaş ki, sevgisiz uşaqların sayını bu qədər artırmazdıq.O dördüncü bıçağın niyəsini necə bilirsən? Bağışla, o da sənə ərinin xəyanətlərinə susub uşaqlarına görə oturduğun üçün hədiyyə idi. Beşinci bıçaq isə, bütün bu əziyyətləri görüb, 3-cü, 4-cü uşaqlarını dünyaya gətirdiyin üçün idi.Altıncı, yeddinci, on beşinci on doqquzuncu bıçaqlar.... hər biri sevgisiz böyütdüyün qatilə çevirdiyin gələcəyin ərləri üçün idi. əziz qadın, sən Şərqdə çadrasını ilk soyunub atmışlardan idin axı... Nə vaxt belə acizləşdin? Niyə bu qədər cılızlaşdın? Hanı sənin o hayqırtın, hanı sənin o etiraz səsin?Leyla, sənin üçün susmuram! Səndən çoxdur, sən onların bu gün görünən üzü idin. Onlar da susmasın! Hüquqlarınız pozulduğu halda 102 xidmətinə zəng etmək pis iş tutmaq deyil. Nədənsə bizlərdə polisə müraciət edənlərə də yaxşı gözlə baxmırlar. Axı bu axmaq düşüncələr hardan bizim beynimizə damızdırılıb? Hüquqlarınızı bildiyiniz halda heç bir kişi sizi incidə bilməz. Təhsil alın, peşə öyrənin, hobbilərinizi inkişaf etdirin, özünüzü dörd divarlara məhkum eləməyin.Bu həyat sizə ikinci dəfə verilməyəcək. Birləşək, uşaqlarımızın gözü qarşısında bizə iyirminci bıçağı vurmağa imkan verməyək. Çünki sən qadın sevişmək, sevilmək üçün yaradılmısan, söyülmək üçün deyil!

Son xəbərlər