Qaçqınların etirazından sonra Əli Həsənov təcili müşavirə keçirdi
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənovun sədrliyi ilə "Dövlətqaçqınkom” əməkdaşlarının iştirakı ilə geniş müşavirə keçirilib.
BAKU.WS xəbər verir ki, müşavirədə Azərbaycan Prezidentinin 2017-ci il 23 yanvar tarixli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmanından və "İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 2017-ci il 24 yanvar tarixli sərəncamından irəli gələn vəzifələrin hal-hazırda icra vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Baş nazirin müavini bildirib ki, Prezidentin məcburi köçkünlərə bu cür yüksək diqqət və qayğısına cavab olaraq bu sahəyə nəzarət gücləndirilməli, mövcud qaydalara uyğun olaraq nəzərdə tutulan işlər yüksək səviyyədə icra edilməli, bu istiqamətdə heç bir neqativ hala yol verilməməsi üçün bütün imkanlar qarşıya qoyulan vəzifələrin icrasına yönəldilməlidir.
Eyni zamanda diqqətə çatdırılıb ki, məcburi köçkünlərin sıx məskunlaşma obyektlərində sayğacların quraşdırılması prosesi tezliklə təmin edilməlidir.
Müşavirədə göstəriş verilib ki, Komitənin bütün işçiləri tərtib edilmiş bölgü qrafikinə uyğun olaraq Bakı şəhərinin 11 rayonunda hər gün günün birinci yarısında sayğaclar qoyulan obyektlərdə yerli icra hakimiyyətləri və işğal olunmuş rayonların icra hakimiyyətlərinin işçiləri ilə birlikdə olmalı, izahat işləri aparmalı və məcburi köçkünlərin suallarına aydınlıq gətirilməlidir. Əli Həsənov həmçinin bildirib ki, o və müavinləri də həmin ərazilərdə olacaqlar.
İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və Bakının Xəzər rayonu ərazisindəki "Energetik” pansionatının binasında və Xətai rayonunun Gəncə prospekti 20A ünvanında yerləşən, tikintisi yarımçıq qalmış doqquzmərtəbəli, hər an uçma təhlükəsi olan binada məskunlaşan ailələrin köçürülməsi ilə bağlı məsələlərə toxunan Əli Həsənov deyib ki, artıq müvafiq layihələndirmə işlərinə başlanılıbdır.
Sonda Baş nazirin müavini Əli Həsənov bu Fərman və sərəncamdan irəli gələn məsələlərin yüksək keyfiyyətlə icra edilməsi üçün aidiyyəti şöbələrə xüsusi müvafiq tapşırıqlar verib.
BAKU.WS
Oxşar xəbərlər
Məcburi köçkünlərə ŞAD XƏBƏR
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov fevralın 3-də Binəqədi rayonunun Sarıqaya massivində yerləşən Şəfəq sanatori...