Prezidentə yazırlar: "44 günlük müharibə bütün dünyaya Sizin necə müdrik siyasi xadim və güclü sərkərdə olduğunuzu bir daha göstərdi"

Prezidentə yazırlar: 44 günlük müharibə bütün dünyaya Sizin necə müdrik siyasi xadim və güclü sərkərdə olduğunuzu bir daha göstərdi
Siyasət 75

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azadetmə əməliyyatları xalqımız tərəfindən yüksək sevinc və böyük ruh yüksəkliyi ilə qarşılanıb. Bununla bağlı vətəndaşlar Prezident İlham Əliyevə çoxsaylı təbrik və minnətdarlıq məktubları yazırlar.

BAKU.WS məktublardan bəzilərini təqdim edir:

Vüsalə Hacıyevadan, Sumqayıt, Azərbaycan: "Möhtərəm cənab Prezident,

İcazə verin, möhtəşəm Qələbə münasibətilə Sizə dərin minnətdarlığımı bildirim. Siz təqvimdəki işğal günlərini ləğv edib, bizə Zəfər Günü yaşatdınız.

Mənim uşaqlığım doğma Qubadlıda, Cəbrayılda keçib. Lakin uzun illər idi ki, işğal altında olan ata-baba yurdlarımıza həsrət qalmışdıq. Buna baxmayaraq, hər zaman ürəyimizdə bir inam var idi ki, Ali Baş Komandanımız mütləq torpaqlarımızı işğaldan azad edəcək. Həmin gün nəhayət ki, gəlib yetişdi. Şükür Allaha ki, bu günləri yaşamaq bizə nəsib oldu. Çox xoşbəxtəm ki, səs verdiyim, dəstəklədiyim, qəlbən inandığım Prezident işğal altında olan bütün torpaqlarımızı azad etdi.

Cənab Prezident, 44 günlük müharibə bütün dünyaya Sizin necə müdrik siyasi xadim, diplomat və güclü sərkərdə olduğunuzu, müzəffər Ordu qurduğunuzu bir daha göstərdi. Sizin televiziya vasitəsilə etdiyiniz bütün çıxışları ailəlikcə sevə-sevə dinlədik və paylaşdıq, Sizinlə hər zaman qürur duyduq və bir an belə ümidsizliyə qapılmadıq. Siz təkcə torpaqlarımızı deyil, bizim uşaqlıq xatirələrimizi işğaldan azad etdiniz. İndi mən Cəbrayılda, Qubadlıda babalarımın evlərini ziyarət edəcəyim, o yerləri bir də görəcəyim günü səbirsizliklə gözləyirəm.

Bu xoşbəxtliyi bizə nəsib etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı bildirirəm. Sizin rəhbərlik etdiyiniz ölkədə yaşadığım üçün çox xoşbəxtəm. Allah hər zaman Sizə kömək olsun".

Mədinə İbadovadan, Şirvan, Azərbaycan: "Cənab Ali Baş Komandan,

Bu gün bütün Azərbaycan xalqı Sizin komandanlığınız altında gerçəkləşən tarixi Zəfərin qürurunu yaşayır. Siz bu qələbənizlə min illərə söykənən tariximizdə hər sətiri qızıl hərflərlə yazılan yeni səhifə yaratdınız. Gücümüzü bütün dünyaya nümayiş etdirdiniz. 30 ilə yaxındır azadlıq həsrəti ilə çırpınan Qarabağımızda qaldırdığınız Zəfər Bayrağı bizim hər birimizin qürur mənbəyidir.

Möhtərəm cənab Prezident, hər bir vətəndaşımız bu müqəddəs amal uğrunda apardığınız haqq mübarizəsində Sizin ətrafınızda bir yumruq kimi birləşərək, Sizinlə birgə addımladı və bundan sonra da addımlayacaq. Xalqla olan birliyiniz Sizin Zəfər yolunuza işıq saldı.Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksələn şəhid övladlarımızın ailələrinə, qazilərimizə göstərdiyiniz hərtərəfli diqqət və qayğı Sizin ölkəmizin hər bir vətəndaşına verdiyiniz ali dəyərin təzahürüdür.

Biz Sizinlə fəxr edirik. Var olun, cənab Ali Baş Komandan!"

İkram Kərimovdan, Gəncə, Azərbaycan: "Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Mən hər zaman Sizin siyasətinizi dəstəkləmişəm. Siz 27 il həsrətində qaldığımız dədə-baba torpaqlarımızı özümüzə qaytardınız. Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq onun nəsihətlərini, vəsiyyətini yerinə yetirdiniz.

Cənab Prezident, Sizə və Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğana çox minnətdaram. İndi çox rahatam, öz ata-baba yurdum olan Kəlbəcər rayonunun Ağyataq kəndinə qayıdacağam, atamın məzarını ziyarət edəcəyəm. Bir arzum da var, doğma kəndimə qayıdaraq Sizin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ayaqları altında qurban kəsim. Allah hər ikinizi qorusun. İnşallah, 100 illik yubileylərinizi Şuşada, Kəlbəcərdə qeyd edəsiniz.

Cənab Prezident, istərdim ki, kəndimizdə yerləşən civə zavodunun fəaliyyəti tezliklə bərpa edilsin.Cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayır, torpaqlarımızın azad olunması münasibətilə Zati—alinizi səmimi-qəlbdən təbrik edirəm. Daha bir arzum isə Sizə "Marşal" hərbi rütbəsinin verilməsidir".

Bəhrəm Hüseynlidən, Bakı, Azərbaycan: "Cənab Ali Baş Komandan,

Sizə dərin təşəkkürümü bildirirəm ki, bizə bu sevincli günləri yaşatdınız.Mən xoşbəxtəm ki, Sizin kimi bir müdrik Lideri olan ölkədə yaşayıram. Sizinlə qürur duyuram. Allah Sizə uzun ömür, cansağlığı versin.

Qarabağ Azərbaycandır!"

Son xəbərlər