Prezident İlham Əliyev koronavirusa görə nazirlərə tapşırıq verdi
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nazirlər Kabinetində Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, Çinin Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.
Bu barədə BAKU.WS-ə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.
Baş Nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.
Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:
-sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;
-ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;
-xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;
-səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;
-virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;
-vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.
Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.
O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.
Müşavirədə Səhiyyə nazirinin rəhbərliyi ilə və aidiyyəti qurumların iştirakı ilə İşçi qrupunun yaradılması qərarı qəbul edilib.
Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələri nəzərə alınır.
Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanılır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.
Oxşar xəbərlər
İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən müvafiq qurumlar tərəfindən Türkiyədə baş vermiş zəlzələ zonasında təhsil alan azərbayca...