Prezident İlham Əliyevin Tərtər və Ağdərə səfərinin strateji əhəmiyyəti ŞƏRH
Prezident İlham Əliyev Tərtər və Ağdərə rayonlarına səfəri çərçivəsində Ağdərənin Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərində görülən işlərlə tanış olub, kənd sakinləri ilə görüşüb. Dövlətimizin başçısı, həmçinin Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında, Ağdərənin Qozlukörpü kəndində Su Elektrik Stansiyasının açılışında iştirak edib, Canyataq kəndində "Dəmirli" Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanış olub. Eyni zamanda, Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan postmünaqişə mərhələsində hadisələrin axarı ilə deyil, əvvəlcədən müəyyənləşdirilən, milli maraqlara söykənən strateji yol xəritəsi ilə irəliləyir. Bu səfər ayrı-ayrı layihələrin təqdimatı yox, bütöv bir dövlət fəlsəfəsinin - təhlükəsizlik, iqtisadi inkişaf və sosial bərpanın vəhdətinin real təzahürü kimi qiymətləndirilməlidir.
BAKU.WS xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O bildirib ki, Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra istifadəyə verilməsi Azərbaycanın müdafiə sənayesində keyfiyyətcə yeni mərhələyə keçidinin bariz nümunəsidir. Burada əsas diqqətçəkən məqam istehsalın yalnız fiziki imkanlarla deyil, milli intellektual potensial hesabına qurulmasıdır. Yerli mütəxəssislərin iştirakı ilə yüksək dəqiqlikli texnologiyaların tətbiqi onu göstərir ki, Azərbaycan artıq hərbi sənayedə, sadəcə, istehsalçı yox, texnoloji müstəqilliyi hədəfləyən və bunu reallaşdıran dövlətdir. Müdafiə sənayesinin 20-yə yaxın ölkəyə ixrac imkanına malik olması və 1,4 milyard manatlıq istehsal həcmi bu sahənin milli təhlükəsizliklə yanaşı, iqtisadi dayanıqlılığın da əsas dayaqlarından birinə çevrildiyini təsdiqləyir.
"Bugünkü mürəkkəb beynəlxalq reallıqlar fonunda güclü dövlət olmağın əsas şərti güclü orduya və inkişaf etmiş müdafiə sənayesinə malik olmaqdır. Azərbaycan bu reallığı düzgün qiymətləndirərək milli təhlükəsizlik strategiyasını zamanın tələblərinə uyğun formalaşdırıb. Güclü ordu, müasir hərbi sənaye, bərpa olunan ərazilərdə qurulan yeni iqtisadi və sosial arxitektura ölkəmizin gələcək inkişafının möhkəm təməlidir. Prezident İlham Əliyevin Ağdərəyə səfəri postmünaqişə dövründə həyata keçirilən siyasətin sosial-humanitar ölçülərini aydın şəkildə ortaya qoyub. Ağdərənin Çapar, Heyvalı, Çıldıran və Aşağı Oratağ kəndlərində görülən işlər göstərir ki, dövlətin yanaşması yalnız dağıntıların aradan qaldırılması ilə məhdudlaşmır. Burada müasir yol infrastrukturu, enerji və kommunal şəbəkələr, sosial obyektlər, məşğulluq imkanları və ictimai məkanlar olmaqla tam bir yaşayış ekosistemi formalaşdırılır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı "Böyük Qayıdış" proqramının artıq real nəticələr verdiyini sübut edir. Prezidentin sakinlərlə birbaşa ünsiyyəti isə dövlətin sosial ədalətə və vətəndaş məmnunluğuna verdiyi önəmin göstəricisidir. Ağdərənin Qozlukörpü kəndində Su Elektrik Stansiyasının açılışı isə Qarabağın "yaşıl enerji zonası" kimi formalaşdırılması strategiyasının növbəti mühüm mərhələsidir. Bu layihələr yalnız enerji istehsalı deyil, eyni zamanda, ekoloji tarazlığın qorunması, qaz istehlakının azaldılması və uzunmüddətli dayanıqlı inkişaf baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan işğaldan azad edilmiş əraziləri keçmişin köhnə iqtisadi modelləri ilə deyil, gələcəyin çağırışlarına uyğun şəkildə qurur. Canyataq kəndində yerləşən "Dəmirli" Filiz Emalı Kompleksi isə iqtisadi ədalətin bərpasının rəmzidir. İllərlə qanunsuz istismar olunan təbii sərvətlərin bu gün dövlət nəzarətində, beynəlxalq standartlara uyğun şəkildə iqtisadi dövriyyəyə cəlb edilməsi Azərbaycanın resurslarına sahib çıxmasının açıq göstəricisidir. Minə yaxın daimi iş yerinin yaradılması, özəl investisiyaların təşviqi və ixrac potensialının genişlənməsi qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində atılan ardıcıl addımların nəticəsidir", - deyə deputat bildirib.
O qeyd edib ki, bu gün Ağdərə bölgəsində aparılan işlər Qarabağın gələcəyini təsəvvürlərdən çıxarıb real infrastruktur xəritəsinə çevirir. Tarixi ədalətin bərpası yalnız sərhədlərin dəyişməsi ilə yekunlaşmayıb. Bu ədalət insanların o torpaqda yenidən nəfəs alması, torpağı becərməsi, evində yaşaması və övladlarını böyütməsi ilə tamamlanır. Bu mərhələ Qələbənin mədəni, sosial və demoqrafik ölçüsüdür. Ağdərə bu prosesin mühüm həlqələrindən biridir. Bu gün Qarabağda baş verənlər, eyni zamanda, Azərbaycanın yeni inkişaf fəlsəfəsinin nümayişidir. Hərbi gücün ardınca gələn idarəçilik, planlama, iqtisadiyyat, sosial siyasət və humanitar yanaşma bütövlükdə milli dövlətçilik modelinin daha yetkin mərhələyə keçdiyini göstərir. Qarabağ artıq Qələbənin rəmzi kimi deyil, yeni iqtisadi zonanın və Azərbaycanın strateji güclənmə xəttinin mühüm elementi kimi formalaşır. Bu xətt zamanla ölkənin enerji siyasətindən tutmuş turizmə, aqrar sektordan texnoloji istehsala qədər müxtəlif sahələri öz orbitinə alacaq. Azərbaycan dövləti işğaldan əvvəlki vəziyyəti bərpa etmir, o, tamamilə yeni bir reallıq qurur. Bu reallıq keçmişin deyil, gələcəyin təsəvvürü üzərində formalaşır. Qarabağın dirçəlişi bu gün fakt, gələcək illərdə isə model olacaq.
Oxşar xəbərlər
İlham Əliyev İqbal Hüseynovu vəzifəsindən azad etdi
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Əli oğlu Hüseynov vəzifəzindən azad edilib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Azərbay...