Prezident: "240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcək"
"Bu gün ölkəmizin həyatında əlamətdar bir gündür. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının istismara verilməsini qeyd edirik.
Bu, çox önəmli hadisədir. Ölkəmizin enerji potensialını gücləndirəcək stansiya bu gün artıq fəaliyyətə başlayır. Əminəm ki, 240 meqavat gücündə stansiya ölkəmizin ümumi inkişafına öz töhfəsini verəcəkdir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı deyib.
"Mən yaxşı xatırlayıram ki, düz dörd il bundan əvvəl - 2022-ci ilin yanvar ayında bu salonda bu stansiyanın təməlini qoymuşduq. Bu illər ərzində fəal iş aparılmışdır və bu gün biz bu gözəl hadisəni birlikdə qeyd edirik. İlk növbədə, bu stansiyanın tikintisində əməyi keçmiş bütün insanlara, şirkətlərə təşəkkürümü bildirmək istəyirəm, ilk növbədə, investor olan "ACWA Power" şirkətinə, onun rəhbərliyinə. Bu, "ACWA Power" tərəfindən Azərbaycanda inşa edilmiş birinci bərpaolunan elektrik stansiyasıdır, ancaq sonuncu deyil. Şirkətin daha böyük planları var və Azərbaycan dövləti bu planları tam dəstəkləyir. Onu da bildirməliyəm ki, "ACWA Power" şirkəti bu sahədə dünyada aparıcı şirkətlərdən biridir və eyni zamanda, Azərbaycan qurumları ilə əməkdaşlıq əsasında yeni layihələrin icra edilməsində maraqlıdır. O cümlədən ölkəmizdə ilk dəfə inşa ediləcək Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsini də yenə də bu şirkət investor kimi icra edəcəkdir.
Bu stansiyanın tikintisində baş podratçı kimi iştirak edən "Power China" şirkətinin fəaliyyətini qeyd etməliyəm. Bu şirkət bu layihədə podratçı kimi iştirak edir, ancaq digər layihələrdə, o cümlədən investor kimi iştirak edəcək. Əminəm ki, bu şirkətin nəzərdə tutduğu bütün planları Azərbaycanda həyata keçəcəkdir", - deyə Prezident əlavə edib.
Oxşar xəbərlər
Labüdlük strategiyası: Bakı İrəvan və dünyaya yeni reallığı necə qəbul etdirdi
2020-ci ilin noyabrında Vətən müharibəsinin aktiv fazasının bitməsi Azərbaycanı bir çox cəhətdən hərbi qarşıdurmadan da çətin olan vəzifə ilə üz-üzə qoydu. Ordu...