Ombudsman Qarabağın minalanmış əraziləri ilə bağlı bəyanat yayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmayan minalı ərazilərlə bağlı bəyanat yayıb.
BAKU.WS xəbər verir ki, bəyanatda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı narahatlıq ifadə olunur.
"Azad olunmuş şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilər işarə olunmadan minalanıb. İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina yerləşdirilib və Ermənistan hələ də bu minaların xəritəsini verməkdən imtina edir. Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş verib. Müharibənin bitməsindən bu günə qədər həmin minalar səbəbindən 10 mülki şəxs həlak olub, 11 şəxs isə ağır yaralanıb.
Minalar onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə töhfə ola biləcək post-münaqişə dövründə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Ermənistan bütün işğal olunmuş ərazilərdə hərbi obyektlərə qarşı nəqliyyat vasitələri əleyhinə minalarla yanaşı, insan əleyhinə minalardan da istifadə etməklə beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur və Azərbaycan üçün həmin minaların ağır nəticələrinin qarşısını alacaq minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır.
1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır. Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir. Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram", - deyə bəyanatda qeyd olunur.
Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....