Naxçıvan üçün yeni dövr: Blokadadan qlobal logistika mərkəzinə
"Azərbaycanın qədim və ayrılmaz parçası olan Naxçıvan tarix boyu ölkəmizin siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayıb. Bu qədim diyarın taleyi və inkişafı hər zaman dövlətçilik tariximizin ən mühüm səhifələri ilə sıx bağlı olub. Ulu öndər Heydər Əliyevin Naxçıvana xüsusi diqqət və qayğısı, Prezident İlham Əliyevin bu siyasəti yeni dövrün tələblərinə uyğun olaraq ardıcıl və məqsədyönlü şəkildə davam etdirməsi nəticəsində muxtar respublika bu gün tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.
BAKU.WS xəbər verir ki, bu fikirləri Oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova Prezident İlham Əliyevin Naxçıvana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın ərazi bütövlüyünün, milli dövlətçilik iradəsinin və geosiyasi maraqlarının mühüm dayaqlarından biridir:
"Bu baxımdan Prezident İlham Əliyevin Naxçıvana hər bir səfəri dövlət siyasətinin konkret istiqamətlərinin müəyyənləşdirilməsi, mühüm layihələrin reallaşdırılması və bölgənin gələcək inkişaf perspektivlərinin dəqiqləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı Naxçıvanın sosial-iqtisadi yüksəlişini və ölkənin ümumi inkişaf sisteminə tam inteqrasiyasını hər zaman diqqət mərkəzində saxlayır. Möhtərəm Prezident İlham Əliyev indiyədək Naxçıvan Muxtar Respublikasına 17 dəfə səfər edib. Bu səfərlər çərçivəsində çoxsaylı sosial, iqtisadi və infrastruktur obyektlərinin açılışında iştirak edib, bölgənin gələcək inkişafı ilə bağlı mühüm tapşırıqlar verib. Bu faktın özü Naxçıvanın dövlət siyasətindəki xüsusi yerini aydın şəkildə nümayiş etdirir".
Deputat bildirib ki, Naxçıvanın müasir inkişaf tarixindən danışarkən, ilk növbədə, ulu öndər Heydər Əliyevin bu qədim diyarla bağlı fəaliyyətini xatırlamaq lazımdır:
"Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycan dövlətçiliyinin tarixində xüsusi mərhələ təşkil edir. Məhz həmin mürəkkəb illərdə Naxçıvanda dövlətçilik ənənələrinin qorunması, milli iradənin möhkəmləndirilməsi və Azərbaycanın müstəqillik yolunun müəyyənləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu siyasi irs sonrakı mərhələdə möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni məzmunla zənginləşdirildi. Naxçıvanda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, enerji, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mühüm layihələrin reallaşdırılması muxtar respublikanın simasını əsaslı şəkildə dəyişdirdi. Uzun illər Ermənistanın yaratdığı blokada şəraitində yaşayan Naxçıvanın inkişafının təmin edilməsi Azərbaycan dövlətinin siyasi iradəsinin və iqtisadi imkanlarının göstəricisi idi. Ən mürəkkəb dövrlərdə belə bu qədim diyarımız diqqətdən kənarda qalmadı. Əksinə, Naxçıvanın dayanıqlı inkişafı üçün mühüm layihələr həyata keçirildi, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görüldü".
S.Salmanova qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər və 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə Cənubi Qafqazda yeni reallıqlar yaradıb:
"Bu reallıqlar Naxçıvanın qarşısında da tamamilə yeni imkanlar açır. Azərbaycanın hərbi-siyasi Zəfəri yalnız ərazi bütövlüyümüzün bərpasını təmin etmədi, eyni zamanda regionun geosiyasi və geoiqtisadi mənzərəsini dəyişdirdi. İndi Azərbaycan yeni reallıqların formalaşmasında təşəbbüskar və əsas aktorlardan biri kimi çıxış edir. Bu strategiyanın mühüm istiqamətlərindən birini nəqliyyat-kommunikasiya layihələri təşkil edir. Çünki müasir dünyada nəqliyyat dəhlizləri yalnız yük və sərnişin daşımalarının həyata keçirildiyi yollar deyil. Onlar dövlətlərin iqtisadi potensialını, siyasi çəkisini və regional inteqrasiya imkanlarını artıran strateji vasitələrdir. Bu baxımdan Naxçıvanın qarşıdakı dövrdə rolu misilsiz olacaq. Uzun illər blokada şəraitində yaşayan bu qədim diyarımız artıq blokadanın yaratdığı məhdudiyyətlərlə deyil, qarşısında açılan geniş imkanlarla xarakterizə olunacaq. TRIPP layihəsi də məhz bu yeni reallığın mühüm elementlərindən biridir. Regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası, yeni marşrutların yaradılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fasiləsiz nəqliyyat bağlantısının formalaşmasına geniş imkanlar yaradır. Bu bağlantının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə uzlaşdırılması isə Naxçıvanın regional və beynəlxalq tranzit sistemində əhəmiyyətini daha da artıracaq.
Beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının yaradılması təkcə ölkəmizin daxili nəqliyyat imkanlarının genişləndirilməsi demək deyil. Bu, eyni zamanda Türkiyə, İran, Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında yeni iqtisadi əlaqələrin qurulması üçün mühüm platformadır".
Parlamentari Naxçıvanın coğrafi mövqeyinin ona tarixən böyük strateji üstünlüklər qazandırdığını söyləyib:
"Türkiyə və İranla sərhəddə yerləşməsi, Azərbaycanın digər ərazilərinə yaxınlığı və tarixi ticarət yollarının üzərində qərar tutması Naxçıvanı əsrlər boyu mühüm iqtisadi və kommunikasiya məkanına çevirib. Lakin son onilliklərdə yaranmış blokada bu imkanların tam reallaşdırılmasına ciddi maneələr yaradıb. Qarşıdakı mərhələdə isə vəziyyət dəyişəcək. Yeni nəqliyyat bağlantıları Naxçıvanın regional ticarət və logistika sisteminə daha fəal şəkildə qoşulmasına şərait yaradacaq.
Bu baxımdan Naxçıvanın qarşısında yeni dirçəliş dövrü açılır. Böyük ticarət yollarının, logistika xətlərinin və yük axınlarının mühüm hissəsinin bu ərazidən keçməsi üçün real imkanlar yaranacaq. Naxçıvanın Türkiyə və İranla sərhəddə yerləşməsi onun geniş regional bazarlara çıxış imkanlarını artırır. Bu coğrafi üstünlük yeni dəmir yolları, avtomobil yolları, logistika mərkəzləri, gömrük infrastrukturu və sənaye istehsalı ilə tamamlandıqda muxtar respublikanın iqtisadi potensialı daha da yüksələcək.
Məsələnin digər mühüm tərəfi Naxçıvanın Mərkəzi Asiya ilə Avropa arasında formalaşan yeni bağlantılarda rolunun artmasıdır. Şərqdən Qərbə uzanan nəqliyyat marşrutlarının gücləndirilməsi Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, ölkəmizi Avrasiya məkanında mühüm logistika mərkəzlərindən birinə çevirəcək. Gələcəkdə bu marşrutların böyük yükdaşıma potensialına malik regional dəhlizə çevrilməsi Naxçıvana da yeni iqtisadi imkanlar qazandıracaq. Bu, həm də Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı baxımından əhəmiyyətlidir. Nəqliyyat və logistika ilə yanaşı, yeni sənaye müəssisələrinin, istehsal klasterlərinin, xidmət sahələrinin və ixracyönümlü iqtisadi fəaliyyətin genişlənməsi üçün əlverişli şərait yaranacaq. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biri hərbi-siyasi qələbənin davamlı sülhə və iqtisadi inkişafa çevrilməsidir. "Prezident İlham Əliyev həm müharibəni, həm sülhü qazandı" fikri məhz bu reallığın ifadəsidir. Döyüş meydanında əldə edilən Qələbə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Diplomatik müstəvidə formalaşan yeni reallıqlar isə regionda kommunikasiyaların açılması, sülh gündəliyinin irəlilədilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaratdı.
Bu gün Azərbaycan qalib dövlət kimi qarşısında yeni məqsədlər müəyyənləşdirib. Dəmir yollarının çəkilməsi, avtomobil yollarının yenilənməsi, logistika mərkəzlərinin yaradılması, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi və iqtisadi layihələrin həyata keçirilməsi Zəfərin sülh və rifah dividendinə çevrilməsinin nümunələridir. Bu mənada Naxçıvan xüsusi əhəmiyyət daşıyır. Çünki burada nəqliyyat bağlantısının bərpası həm Azərbaycanın daxili bütövlüyünün daha da möhkəmlənməsi, həm də regionun ümumi iqtisadi inteqrasiyasının dərinləşməsi deməkdir".
S.Salmanova onu da vurğulayıb ki, Naxçıvanın gələcək inkişafı Azərbaycanın ümumi iqtisadi və nəqliyyat strategiyasının ayrılmaz hissəsidir:
"Burada həyata keçiriləcək layihələr yalnız muxtar respublikanın deyil, bütövlükdə Azərbaycanın tranzit və logistika potensialını artıracaq. Ən əsası isə Naxçıvan artıq kənarda qalan coğrafi məkan deyil. Əksinə, o, Cənubi Qafqazın yeni nəqliyyat-kommunikasiya xəritəsinin əsas elementlərindən birinə çevrilir. Türkiyə ilə Azərbaycanın birbaşa bağlantısının güclənməsi, İranla əməkdaşlığın genişlənməsi, Ermənistanla sülh şəraitində kommunikasiyaların bərpası və Şərq-Qərb marşrutlarının inkişafı Naxçıvanın strateji əhəmiyyətini daha da artıracaq. Bu proses Azərbaycanın regional mövqeyinin möhkəmlənməsinə, Cənubi Qafqazda davamlı sülh və əməkdaşlıq mühitinin formalaşmasına, Avrasiya məkanında yeni ticarət marşrutlarının inkişafına mühüm töhfə verəcək. Ulu öndər Heydər Əliyevin siyasi irsi üzərində formalaşan və Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə yeni məzmun qazanan Naxçıvan strategiyası artıq yeni mərhələyə daxil olur. Dünən blokadanın yaratdığı məhdudiyyətlərlə mübarizə aparan Naxçıvan sabah regionun mühüm iqtisadi və logistika mərkəzlərindən birinə çevrilmək perspektivi qazanır. Bu gün Naxçıvan üçün yeni era başlayır. Bu eranın əsasını isə milli iradə, siyasi sabitlik, Zəfərdən doğan yeni reallıqlar və Prezident İlham Əliyevin uzaqgörən inkişaf strategiyası təşkil edir".
Oxşar xəbərlər
Naxçıvanda "Əcəmi seyrangahı"ndan REPORTAJ
Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərindəki "Əcəmi seyrangahı" istirahət kompleksində mem...